Deputat: "Azərbaycanın böyük investisiya potensialı var"


GÜNDƏM 30 iyl 2021, 11:29
“Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi keçirildi və təxminən bir il sonra artıq bu qurum fəaliyyətə başlayacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması həm ölkəmizin, həm də regionun iqtisadiyyatı üçün olduqca əhəmiyyətli hadisədir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat Azərbaycanda investisiya mühitinin kifayət qədər cəlbedici olduğunu və bunun dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarının hesabatlarında öz əksini tapdığını bildirib:

“Zonanın coğrafi baxımdan yeri, digər tərəfdən Azərbaycanın yükdaşınmasında böyük nüfuza malik olması iqtisadi inkişafın səmərəliliyini artırır. Digər tərəfdən, investisiyaların qoyulması baxımından da Azərbaycan daha öndə ola biləcək. Xarici investisiyaların qoyulması üçün vacib şərtlərdən biri də həmin ölkədə stabilliyin, qanunvericilik bazasının möhkəm olmasıdır. Həmçinin rüsum prosesdurlarının əlverişli olması, investorun ölkə və şəraitlə bağlı əminliyi vacibdir. Ölkənin müxtəlif göstəricilər üzrə reytinqi də investisiyaların qoyulmasında əhəmiyyətli rol oynayır. Azərbaycan beynəlxalq qurumların təhlillərinə əsasən iqtisadi baxımdan yüksək yerlərdə qərarlaşıb. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu hər zaman Azərbaycanda iqtisadi inkişafa, mühitə bpyük dəyər verib. Bunların hər biri investorlar üçün çox əhəmiyyətlidir”. 

Deputat vurğulayıb ki, fəal iqtisadi diplomatiyanın həyata keçirilməsi növbəti mərhələdə qarşıda duran əsas vəzifələrdəndir:

“Azərbaycanın etibarlı tərəfdaş olması da investisiya mühitinin yaxşılaşmasına böyük təkan verir. Ən əsası, ölkədə bunun üçün siyasi dəstək var. Xarici investisiyaların Ələt Azad İqtisadi Zonasına, ümumilikdə bu işə cəlb olunması üçün səfirliklərin rolu xüsusi olacaq. Onlar Azərbaycanın iqtisadi potensialının təbliğ olunması, investorların cəlb edilməsi üçün böyük işlər görməlidirlər. Azərbaycanın bütövlükdə böyük investisiya potensialı var. Sadaladığımız amillər, ölkədəki investisiya mühiti digər ölkələrdə də geniş təbliğ edilməli, tanıdılmalıdır. Bunun üçün də diplomatik korpusun nümayəndələrinin, səfirlərin üzərinə böyük iş, məsuliyyət düşür. İnanıram ki, onlar bu işi ən yaxşı şəkildə təşkil edə biləcəklər”.

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top