Deputat: "Ermənistan bu cür təxribatlarla məntiqsiz siyasətini davam etdirir"

GÜNDƏM 28 iyl 2021, 11:45
“Təəssüf ki, müharibənin bitməsinə baxmayaraq, Ermənistan hakimiyyəti və bu ölkədə mövcud olan revanşist qüvvələr təxribatlarını davam etdirirlər. Bununla Ermənistan tərəfinin bir neçə məqsədi var. Ermənilər yenə xaricdəki havadarlarına ümid bəsləyərək, təxribatlarını davam etdirirlər, amma bu, perspektivsiz yoldur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı danışarkən deyib.

Deputat Ermənistanın sərhəddə təxribatlar törətməklə mövcud reallığa uyğun olmayan məqsədlərini reallaşdırmağa çalışdığını bildirib:

“Qərbin müəyyən dairələrindən dəstək alan Emrənistan hakimiyyəti maksimum çalışır ki, yaranmış mövcud vəziyyətdən sui-istifadə edərək, Azərbaycan hərbçilərini sərhəddən geri çəkilməsinə nail olsunlar. Bunda əsasən Qaragölün ətrafında olan hadisələri nəzərdə tuturam. Həmçinin sərhədlərin Sovet ittifaqı dövründə formalaşmış xəritələrə əsasən delimitasiya və demarkasiya işinə maneçilik törətməyə çalışırlar. Konkret olaraq, Sovet dövründə təsdiq olunmuş xəritələr iki dövlət arasında inzibati sərhədləri müəyyənləşdirib. Bu, bizə sərhədlərin müəyyənləşdirilməsinə əsas verir.

İkinci bir məsələ odur ki, regionda öz siyasi maraqlarını təmin etmək istəyən Qərb dairələri və onların dəstəyini hiss edən Ermənistan çalışır ki, Minks qrupunun həmsədrləri yenidən aktiv fəaliyyətə başlasın. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, artıq Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur, Qarabağ problemi həll edilib və artıq belə bir anlayış, termin istifadə edilmir. Minsk qrupunun fəaliyyətini bərpa etməklə, Ermənistan tərəfi artıq heç vaxt mövcud olmayacaq status məsələsini də qabardır. Ermənilər bu məsələlər ətrafında maksimum çalışırlar ki, problemi qabartsınlar, gündəmdə saxlasınlar. Bu baxımdan düşünürəm ki, sərhəddə təxribatlar davam edir və şübhəsiz yenə olacaq”. 

Deputat vurğulayıb ki, Ermənistan bu cür təxribatlarla məntiqsiz siyasətini davam etdirir və bu, ona heç də yaxşı perspektiv vəd etmir:

“Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəmir. 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmanın bəzi bəndlərini icra etmək istəmir, konkert olaraq, Zəngəzur dəhlizinin açılmasında maraqlı görünmür. Həmçinin Rusiya və İrana birbaşa çıxış əldə etmək, kommunikasiyaların açılmasını istəyir, amma Zəngəzur dəhlizinin açılmasını istəmir. Bu təbii ki, Azərbaycanı qane edə bilməz. Üçtərəfli bəyannamələrin bütün bəndləri icra olunmalıdır. Qarabağ ərazisində qalmış erməni silahlı qüvvələrinin tör-töküntüləri ordan çıxarılmalı və sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan öz təkliflərini erməni tərəfinə çatdırıb, amma təəssüf ki, Ermənistanın daxilində və xaricdəki müəyyən qüvvələr regionda qaynar bölgənin, münaqişə ocağının qalmasında maraqlı görünürlər. Ona görə də, bu təxribatlarda özləri üçün müəyyən dividentlər əldə etmək məqsədi güdürlər.

Konkret xəritələr var və onlara əsasən sərhədlər müəyyənləşdirilməlidir. Ermənilər çalışırlar ki, bu təxribatlardan diplomatik təzyiq vasitəsi kimi istifadə etsinlər, amma düşünürəm ki, bu, ağılsız siyasətdir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top