Azərbaycana beynəlxalq etimad

GÜNDƏM 16 iyl 2021, 17:20
Ölkəmiz Qoşulmama Hərəkatının nüfuzunun artmasına ciddi töhfələr verir.

Azərbaycan Qoşulmama Hərəkatına (QH) əlavə 1 il sədrlik edəcək. Bu, QH-yə üzv dövlətlərin müraciəti əsasında baş verəcək. 

Belə ki, Hərəkata üzv dövlətlər 3 illik sədrlik görəvi 2022-ci ildə bitməli olan Azərbaycana quruma daha 1 il əlavə rəhbərlik etmək barədə müraciət edib və bu,  müsbət cavablandırılıb.
 
Bu etimad sıradan bir hadisə deyil. 

BMT-dən sonra ən böyük təşkilat olan Hərəkatın bu mövqeyi, ilk növbədə Azərbaycan Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.  Bu, həmçinin Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsi olmaqla, ölkə Liderinin artan şəxsi nüfuzunun beynəlxalq aləmdə əyani göstəricisidir. 

Digər tərəfdən, Azərbaycanın QH-yə sədrliyi bu qurumun fəlaiyyətində ciddi dönüş yaradıb. Hərəkat özünün ən aktiv dövrünü yaşayıb desək, yanılmarıq. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatda canlanma baş verib. Azərbaycanın QH-yə sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun daha da artması, proseslərə təsirinin güclənməsi real faktdır. Bu dövrdə Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün Azərbaycanın göstərdiyi səylər göz önündədir. Nəzərə almaq lazımdır ki, bütün bunlar pandemiyanın ən ağır mərhələsinə təsadüf edib. Azərbaycan bu vəziyyətə çevik və adekvat reaksiya verərək, təkcə QH-yə sədrliyini müvəffəqiyyətlə həyata keçirməyib, eyni zamanda Hərəkatın nüfuzunun daha da artmasına nail olub. Pandemiyanın yaratdığı durğunluq şəraitində  məhz Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət, hökumət başçıları səviyyəsində onlayn zirvə toplantıları keçirilib. Bununla beynəlxalq tədbirlərin yeni dövrün tələblərinə uyğun fəaliyyətinin intensivləşməsi mümkünləşib. 

Təsadüfi deyil ki, QH-yə üzv dövlətlərin qlobal miqyasda belə bir mürəkkəb dövrdə Hərəkata uğurlu sədrliyinə, eləcə də quruma nəzərdə tutulandan 1 il artıq – 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə Azərbaycan Respublikasına minnətdarlıq ünvanlayıblar. Növbəti 1 illik sədrliyin ümumilikdə Hərəkatın fəaliyyətinə töhfə verəcəyi faktı ortada olmasaydı, təbii ki, belə bir addım atılmazdı. 

Azərbaycanın Hərəkata 3 illik sədrliyi dövründə yaşanan bir sıra mühüm hadisələrə diqqət edək:

- Prezident İlham Əliyevin  COVİD-19 ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüslər böyük rəğbətlə qarşılanıb. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamənin qəbul edilməsi kimi təşəbbüsləri  Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə böyük töhfə verib.

- Azərbaycanın sədrliyi dövründə Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə xidmət edən addımlar atılıb, qurumun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm işlər görülüb. Təkcə bir faktı vurğulayaq ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə mövzusunda keçirilmiş sammitində tarixdə ilk dəfə olaraq Avropa İttifaqının yüksək rəsmiləri çıxış edib. Bu Aİ kimi nüfuzlu qurumun artıq Hərəkatın mövcudluğunu, gücləndiyini qəbul etməsi idi.  Zirvə görüşünə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də qatılıb.

- Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb.

- Azərbaycan COVİD-19 ilə mübarizə məqsədilə bir sıra QH üzvlərinə maliyyə və humanitar yardımlar edib. Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

- Qoşulmama Hərəkatının zirvə görüşündə Azərbaycan Prezidenti COVID-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu təşəbbüsə Qoşulmama Hərəkatının 120 üzv ölkəsi və daha sonra BMT-nin 150-dən çox üzv dövləti birmənalı dəstək vermişdi. Bu fakt beynəlxalq aləmin Azərbaycana bəslədiyi hörmət və inamın növbəti parlaq təzahürü kimi tarixə düşdü.

Azərbaycanın QH-də böyük nüfuz, etimad qazanmasını Vətən müharibəsi zamanı Hərəkatın tutduğu mövqe də bir daha isbat edir. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş qurumun Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərmişdilər. Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Qoşulmama Hərəkatının yeddi üzvü Azərbaycanın mövqeyini dəstəkləyib. Və onların səyi nəticəsində müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilib.

Bunun özü QH-nın önəmini ən yaxşı anladan faktdır. Rəsmi Bakı bunu yüksək qiymətləndirib və  Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verməklə yanaşı, qurum çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində mühüm addımlar atıb. 

Azərbaycanın uğurlu və bundan sonra QH-nin həyatında nümunə rolunu oynayacaq sədrliyi daha bir il davam edəcək. Bu bir il ərzində Azərbaycanın QH-yə sədrlik vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə şübhə yeri qalmır.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top