Deputat: "Həmsədrlər Azərbaycanın bölgədə yeni reallıq yaratmasını qəbul etməlidirlər"

GÜNDƏM 12 iyl 2021, 14:08
“ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etmələri bu ölkələrin Azərbaycanla münasibətlərdə səmimi olmadıqlarını, bölgədə sülhün tez bir zamanda təmin olunmasında maraqlı olmadıqlarını söyləməyə əsas verir. Hər üç ölkə həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələridirlər və zaman-zaman sülhə nail olmaq üçün sözügedən təşkilatın fəaliyyətinin rolunun qabardılmasına, prosesdə aktiv iştirakına nail olmağa çalışmalıdırlar”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında  Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirlərinin diplomatik korpusun nümayəndələrinin Şuşaya təşkil edilən səfərinə qatılmaqdan imtina etmələri barədə danışan deputat  bu addımın qurumun prosesə yanaşmasına mənfi təsir göstərdiyini bildirib:

“Bu cür yanaşma ilə ATƏT prosesə hansı töhfə verə bilər? Yoxsa onlar işğalçını - Ermənistanı dəstəkləyirlər? Həmsədrlər səmimidirlərsə, gedib yerində ermənilərin törətdikləri vəhşilikləri, Azərbaycanın qısa müddətdə necə böyük quruculuq işlərinə başladığını görməli idilər.    
Burada bir vacib məqam da var. Onlar Azərbaycanın bölgədə yeni reallıq yaratmasını qəbul etməlidirlər. Onsuz da Azərbaycan qarşısına qoyduğu bütün məqsəd və hədəflərə nail olacaq.  

Azərbaycan narazılığını mütləq həmin dövlətlərin diqqətinə çatdırmalıdır. Həmçinin, həmin dövlətlərlə əməkdaşlığını gücləndirilməsi, erməni yalanlarının ifşası istiqamətində siyasətini davam etdirməlidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top