Kəmaləddin Heydərova bağlı olduğu bildirilən şirkətlər məhkəmə qarşısında — TƏFƏRRÜAT

HADİSƏ 08 iyl 2021, 14:08
“MKT İstehsalat Kommersiya” MMC “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı məhkəmə iddiası qaldırıb.

Demokrat.az xəbər verir ki, məhkəmə iclasının bu gün – 8 iyul  tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baş tutacağı bildirilib.

Açıqlanan məlumatda qeyd olunur ki, məhkəmə iddiası sığorta müqaviləsi üzrə mübahisəyə görə qaldırılıb.

Məlumat üçün bildirək ki, “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC -nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb. 

Onu da bildirək ki, “Azsığorta” ASC –yə qarşı məhkəmə iddiası qaldıran “MKT İstehsalat Kommersiya” MMC-nin də  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan Holdinq”ə məxsus olduğu qeyd olunur. “MKT İstehsalat Kommersiya” MMC-nin qeydiyyatda olduğu Heydər Əliyev pr. 95 ünvanı “Gilan Holdinq”ə bağlılığı ilə bilinən  şirkətlərə də ev sahibliyi edib.

Qeyd edək ki, daha əvvəl səhmlərinin 99,6%-i Hikmət Əbuzər oğlu İsmayılova məxsus olan “AFB Bank” da Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən şirkətlərə qarşı  məhkəmə iddiası qaldırıb. 

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “GP Alpha Greenhouse” MMC-yə və “Gilan Vegetables” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Bundan başqa ötən il “AFB Bank” fövqəladə hallar nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq Cavad oğluna qarşı da məhkəmə iddiası qaldırmışdır.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top