Türkiyə koronavirusun müalicəsi üçün Azərbaycana 100 min qutu dərman göndərəcək

SOSİAL 07 iyl 2021, 10:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardım göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.

Demokrat.az xəbər verir ki, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.

Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir və Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim imzalayıb.

Sənədə əsasən, Türkiyə Azərbaycana 100.000 qutu Favipiravir dərmanı göndərəcək. Yardım kimi verilən bu dərman Azərbaycanda səhiyyə xidmətlərinin göstərilməsində istifadə ediləcək.

Qeyd edək ki, Favipiravir əsasən Yaponiyada qripin müalicəsi üçün istifadə olunan effektiv antivirus dərmanıdır. Bu preparat həmçinin, Rusiya, Yaponiya və Hindistan kimi bir sıra ölkələrdə SARS-CoV-2 koronavirusunun müalicəsində də istifadə olunur.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top