Çingiz Qənizadə: "Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq"

GÜNDƏM 05 iyl 2021, 14:13
Bir il yarımdır ki, dünyanın başı üzərini koronavirus pandemiyası alıb və bu gün də fəsadlar tötərməkdədir. Dünyanın inkişaf etmiş bir sıra dövlətləri, o cümlədən bəzi iri şirkətlər hələ də iqtisadi cəhətdən çətinliklərlə üz-üzədir. Baxmayaraq ki, bu “gözəgörünməz düşmən” bizim də ölkəmizdə bir sıra fəsadlar törədib, dövlətimizin başçısının düşünülmüş daxili və xarici siyasəti bu ziyanın daha geniş sahələri ağuşuna almasına imkan vermədi. Azərbaycan dövləti ölkə əhalisini qorumaqla yanaşı, 30-dan çox ölkəyə yardım da etdi. Hətta nəzərdə tutulmuş iri infrastruktur, xüsusilə sosial layihələrin təməlqoyma və açılış mərasimləri təxirə salınmadı. Bütün bunlar qeyri-neft sektorunun inkişafına öz təsirini göstərməyə bilməzdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Son illər dünyada baş verən hadisələrdən, münaqişələrin daha da alovlanmasından, miqrantların sayının çoxalmasından, qarşıdurmaların artmasından, Avropa və dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasından və digər xoşagəlməz amillərdən danışan Ç.Qənizadə deyib ki, bütün bunlar qeyri-neft sektorunun inkişafına diqqəti daha da artırıb və bu sahədə canlanma yaradıb. Qeyd olunub ki, Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı dönüş yaradacaq. Bu isə yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və dünya bazarlarında Azərbaycan brendlərinin çeşidlərinin artırılmasına müsbət təsir göstərəcək.

Hüquq müdafiəçisi bildirib ki, Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacağı nəzərdə tutulub. Artıq ərazinin ümumi sahəsinin 60 hektarında layihələndirilmə işləri uğurla yekunlaşıb və həmin sahələrdə inşaat işlərinə başlanıb. Zonada bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. “Ələt Azad İqtisadi Zonasının yaradılması bir daha təsdiqlədi ki, dünyada koronavirus pandemiyası tüğyan etsə də, Azərbaycanda nəzərdə tutulmuş infrastruktur layihələrin icrasına heç bir təsir göstərmir. Bunun da əsas səbəbi dövlətimizin başçısının polad iradəsi və düşünülmüş siyasi kursudur. Qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr reallaşdırılıb. Ələt Azad İqtisadi Zonasının yaradılması bu sahədə atılan növbəti addımdır”, - deyə Ç.Qənizadə əlavə edib.

Bu iri layihənin icrasının ölkəmizin iqtisadiyyatının daha da möhkəmləndirilməsində, böyük iqtisadi dividendlər qazandırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayan Ç.Qənizadə, eyni zamanda, respublikamızın regionda mövqeyini daha da gücləndirəcəyinə əminliyini ifadə edib. Deyib ki, həmçinin Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində əhəmiyyətli rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artırılmasına da öz təsirini göstərəcək, yeni investisiyaların cəlb edilməsinə geniş imkanlar yaradacaq.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr həyata keçirilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda layihələr uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

“Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılmasını yüksək qiymətləndirdi və bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimizin dayandığını diqqətə çatdırdı. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycanın qeyri-neft sektorunun, o cümlədən ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəyinə əminliyini bildirən dövlətimizin başçısı, eyni zamanda, burada yaradılacaq infrastrukturun investorlar üçün də cəlbedici olacağını vurğuladı. Həmçinin diqqətə çatdırdı ki, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək”, - deyə Çingiz Qənizadə diqqətə çatdırıb.

Bildirilib ki, ümumiyyətlə, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı , o cümlədən xarici şirkətlərin, xüsusilə innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunmasıdır. Ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Dövlətimizin başçısının dediyi kimi, bu zonanın yaradılması bir daha təsdiqlədi ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Prezident İlham Əliyevin verdiyi vədləri daim yerinə yetirdiyini bildirən Ç.Qənizadə qeyd edib: “1994-cü ildən bu günədək imzalanmış müqavilələr, İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbə və Qarabağ münaqişəsinin öz gücümüz hesabına həlli bunları bir daha təsdiqlədi. Artıq regionda yeni vəziyyət yaranıb və uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də geniş imkanlar açır. Ona görə, bu zonanın yaradılması uğurlarımızın növbəti addımı olacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top