İrəvandan Bakıya “xoş məram jesti”? — Kim kimə jest edib?

SİYASƏT 04 iyl 2021, 20:54
Rusiyalı hərbi ekspert: “Erməni diversantları ələ keçməsəydi, Azərbaycana heç vaxt mina xəritələri verilməyəcəkdi”

Azərbaycan özünün erməni diversantları “yükü”nü bir az da yüngülləşdirdi. Həm də qarşılığında daha iki rayonun mina xəritələrini əldə eləməklə. Bu xəritələrin işğaldan azad olunmuş bölgəmizin sürətli bərpası və böyük qayıdış üçün, sadəcə, mülki insanların, o sırada məsum uşaqların, eləcə də mina təmizləyənlərimizin həyatının qorunması baxımından nə demək olduğunu izah eləməyə yəqin ki, lüzum yox. Ümid edək ki, Rusiyanın qarant durduğu xəritələr həqiqi çıxacaq.

Aydındır ki, erməni tərəfi onları bizə xoşluqla verməyib. Bəlkə yüz il də qalsaydı, verməyəcəkdi. Heç dünənədək belə xəritələrin mövcudluğunu yerli-dibli danırdılar. Rəsmi səviyyədə! Çünki ermənilər fitrətən bacardıqca çox azərbaycanlının, Türkün həlak olmasından maniakal şəkildə həzz alan bir xəstə millət. “Dünyadakı sonuncu Türk lal, kor, kar da olsa, öldürülməlidir” deyən, İrəvanda 6 metrlik abidəsi ziyarətgaha çevrilən Qaredegin Njdenin davamçılarıdır bunlar...

Amma Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Ermənistan 15 diversantın azad edilməsi qarşılığında “xoş məram jesti” olaraq Azərbaycana Füzuli və Zəngilan rayonlarının mina xəritələrini təhvil verib.

“Xoş məram jesti”. Sual yaranır: nədən bu “jest” ötən 7 ayda edilmədi? Axı belə xoş məram jestləri qarşılığı gözlənilmədən, birtərəfli qaydada edilir. İkinci yandan, beynəlxalq humanitar konvensiyalara görə, Ermənistan müharibə bitəndən dərhal sonra mina xəritələrini qeyd-şərtsiz Azərbaycan verməli idi. Buna borclu idi. İrəvan isə öncə bu xəritələrin varlığını inkar elədi, indi isə “xoş məram jesti”ndən dəm vurur. Demək, səbəb ayrıdır.

Səbəb əlbəttə ki, diversantlar probleminin Paşinyan hökuməti üçün ktrik xarakter alması ilə bağlıdır. Artıq həmin diversantların valideynləri günlərdir hökumət binası qarşısında aksiyalar keçirirdilər. Müxtəsəri, “Su meymunun boğazına çatanda...” o məsələ...

“Ümid edirik ki, eyni şəkildə Rusiyanın köməyi ilə Azərbaycan və Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də sürət götürəcək. Əlbəttə ki, Ermənistanın özü Azərbaycanla dinc dialoqa getməkdə çətinlik çəkir. Rusiyanın vasitəçiliyi ilə bu prosesin daha intensiv, təsirli və hər iki tərəf üçün faydalı olacağını gözləyirik”.

Musavat.com-un məlumatına görə, bunu rusiyalı tanınmış siyasi və hərbi analitik İqor Korotçenko “Vestnik Kavkaza” portalına bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl İrəvana təhvil verilən erməni hərbçilər keçən il 10 noyabr tarixindən sonra diversantlar kimi ələ keçməsəydilər, Ermənistanın mina sahələrinin xəritələrini heç vaxt Azərbaycana verməyəcəkdi.

“İrəvan üçün bu məcburi bir durumdur. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ilk növbədə daxildə siyasi mövqeyini gücləndirmək üçün belə addım atır. Mən Ermənistanın xoşməramlı olması və Azərbaycanla barışıq yaratmaq istəyi illüziyasından uzağam. İrəvan bundan sonra da hər şeyi məcburiyyət qarşısında, bəzi faktorların təsiri altında edəcək, nəinki könüllü şəkildə. Bununla belə, dəyişən situasiyanın təsiri altında İrəvanda tədricən belə bir dərk formalaşacaq ki, yalnız sülh, mehriban qonşuluq, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, xoşməramlı addımlar, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin tammiqyaslı fəaliyyətə başlaması Ermənistana inkişaf üçün real iqtisadi bonuslar verə bilər” ”, - deyə o qeyd edib.

Ekspert daha iki azad edilmiş rayonun mina xəritələrinin təhvil verilməsinin Azərbaycan üçün əhəmiyyətinə də diqqət çəkib: “Bu, sözsüz ki, minalardan təmizlənmə səylərini minimuma endirir. Çünki dəqiq xəritələr sayəsində bu iş təhlükəsiz, səmərəli və mümkün qədər tez həyata keçirilə bilər. Bundan əlavə, insanlar minalardan həlak olurdu, ancaq indi ən azı, riskli mina zonaları barədə aydın təsəvvür olacaq. Bu olay həmçinin Ermənistanda lap əvvəldən minalanmış ərazilərin xəritələrinin olduğunu təsdiqləyir. Lakin İrəvan həmin xəritələrin mövcud olmadığını iddia edərək, yaxud sadəcə, susqunluq göstərərək, onları təhvil vermirdi. Artıq hamı başa düşdü ki, Ermənistan bu məsələdə tamamilə qeyri-konstruktiv mövqe tutub”.

Korotçenko ümid edir ki, bundan sonra minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi daha intensiv rejimdə olacaq və yekun etibarilə istisnasız olaraq bütün xəritələr Azərbaycana veriləcək ki, Bakı azad edilmiş ərazilərində dinc həyatı maksimum qısa zamanda bərpa edə bilsin və ən qısa müddətdə bölgənin genişmiqyaslı dinc bərpasına başlasın. “Hansı ki, minalanmış ərazilərin xəritələri olmadan mümkün deyil”, - deyə o əlavə edib.

Zaman isə göstərdi ki, buna xoşluqla, yəni İrəvanın “xoş məramı” hesabına yox, təzyiqlər və yeni situasiyanın diktəsi hesabına nail olmaq mümkündür... 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top