Ukraynalılar və azərbaycanlılardan ibarət gənclər hərəkatı yaradıldı


DİASPOR 03 iyl 2021, 13:29
Ukraynada ilk dəfə olaraq azərbaycanlı və ukraynalı gənclər birgə hərəkat yaradıblar.

“Report”un Şərqi Avropa Bürosunun əldə etdiyi məlumata görə, Poltava vilayətində yaradılan və əsasən idmançılardan, idmanın müxtəlif sahələrində nəticələr əldə etmiş gənclərdən ibarət “Ukrayna-Azərbaycan Gənclər Hərəkatı”na ilkin mərhələdə sədr azərbaycanlı gənc idmançı Əkbər Hüseynzadə seçilib.

Hərəkat Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

İdmançıların üstünlük təşkil etdiyi, amma digər müxtəlif sahələrdə fəal olan gənclərin də təmsil olunduğu hərəkatda əsasən azərbaycanlılar və ukraynalılar üstünlük təşkil etsə də, Ukraynada yaşayan digər bir sıra azsaylı xalqların gənc nümayəndələri də var.

Ə. Hüseynzadə “Report”a açıqlamasında bildirib ki, başlanğıcda hərəkata Poltava və yaxın digər vilayətlərdən 200-ə qədər gənc qoşulub:

“Amma bizim məqsədimiz bütün Ukraynanı əhatə etməkdir. Təşkilatımıza əsasən idman olmaqla müxtəlif sahələrdə uğurlar əldə edən gənclər qoşulur. Nizamnamədə də göstərildiyi kimi, hərəkatın məqsədi Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında gənclərin fəaliyyətini istiqamətləndirməyə dəstək olmaq, yenilənən Ukraynada gənclərin fəaliyyətini mobilləşdirməkdir. Eyni zamanda, bu hərəkatda da biz azərbaycanlı gənclər tarixi Vətənimiz Azərbaycanı qürurla təmsil etməyə davam edəcəyik. Vətənimiz Azərbaycanın durmadan güclənməsi, güclü dövlət olması və xüsusilə Ermənistan üzərində 30 illik işğala son qoyması bizi də qürurlandırır. Bir Ukrayna vətəndaşı kimi yaşadığımız ölkədə yeniliklər bizi nə qədər stimullaşdırırsa, tarixi Vətənimiz Azərbaycanın qüdrəti, Ukrayna-Azərbaycan dostluğunun möhkəmlənməsi də o qədər stimullaşdırırır".

Bodibildinq üzrə Ukraynanı beynəlxalq yarışlarda təmsil edərək ali titullara sahib olan Ə. Hüseynzadə ali təhsilli hüquqşünasdır.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top