Deputat: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"

GÜNDƏM 03 iyl 2021, 10:47
“Azərbaycan hər zaman humanizm mövqeyindən çıxış edib və regionda daimi sülhün bərqərar olması üçün öz töhfələrini verib. Bakı Ağır Cinayətlər Məhkəməsində ermənilərin təqsirləndirilməsinə dair cinayət işi zamanı Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı hərbi cinayətlər törətməsi, xalqımıza qarşı terrorçuluq, təxribat hərəkətlərinin həyata keçirilməsi faktlarla sübut edilib”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

O, bildirib ki, məhkəmə işi zamanı ermənilərin müharibədə iştirak etmək, döyüşmək istəmədikləri bir daha məlum olub:

“Məhkəmə zamanı bir daha məlum oldu ki, Ermənistan vətəndaşları ölkə rəhbərliyi tərəfindən döyüşməyə, Azərbaycana qarşı silah tətbiq etməyə məcbur ediliblər. Onlar əslində döyüşmək, hərbi xidmətə getmək istəmədiklərini bildiriblər, ancaq ölkənin hərbi-siyasi rəhbərliyi vətəndaşları müxtəlif yollarla təhdid edib. Həmçinin onlara haqlarında cinayət işinin açılacağı, təqsiləndiriləcəkləri deyilərək, Azərbaycana qarşı döyüşməyə məcbur ediliblər. Nəticə etibarilə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Deputat Azərbaycanın məhkum olunan şəxslərə belə göstərdiyi humanizmin Ermənistanı aqressiya yolundan döndərəcəyinə, regionda sülhün bərqərar olmasına töhfə verəcəyinə inandığını bildirib:

“Azərbaycanın hərbi əsirlərə haqq-ədalətin ortaya çıxması üçün yaratdığı şərait, onlara göstərdiyi humanizm regionda sülhün qorunub saxlanması üçün vacib töhfə ola bilər. Ümid edirəm ki, bununla da Ermənistan xalqı bu günədək aldadılaraq, məcbur edilərək Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməyin yanlış olduğunu, Azərbaycanın yalnız sülhü dəstəklədiyini anlayacaq. Ermənistan Azərbaycana qarşı hərbi cinayət törətmiş, terror siyasəti yeritmiş, rəhbərlikdə təmsil edilən şəxslərin cəzalandırılmasında maraqlı olacaqlar. Bununla da, Ermənistan həqiqəti anlayaraq, Azərbaycana qarşı düşmənçilikdən əl çəkəcək. Azərbaycan hər zaman humanizm mövqeyi tutub. Müharibəyə qədərki dövrdə erməniləri döyüş, müharibə olmadan Azərbaycan torpaqlarını tərk etməyə, sülh yolu ilə münaqişəni həll etməyə səsləyib. Amma təəssüflər olsun ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Qarabağdan istifadə edərək, hakimiyyəti möhkəmləndirib, erməniləri də bu mübarizənin bir parçası edərək, döyüşməyə məcbur edib. Azərbaycanın yürütdüyü bu siyasətin beynəlxalq təşkilatlar, o cümlədən Ermənistan tərəfindən müsbət dəyərləndiriləcəyinə ümid edirik. İnanırıq ki, ebu humanizm prinsipini düzgün dəyərləndirən ermənilər məhz Azərbaycanın həyata keçirdiyi və təklif etdiyi regionda sülhün qorunub saxlanması siyasətinə qoşulacaq. Azərbaycana qarşı hərbi cinayət törətmiş insanların cəzalandırılması üçün də Ermənistan xalqı öz üzərinə düşəni edəcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top