“Ruslar hay-küy qaldırsalar da, reallıqda geri çəkilirlər”


SİYASƏT 29 iyn 2021, 23:40
“Dünəndən Qara dənizdə NATO liderliyində 30-dan çox dövlətin birgə keçirdiyi hərbi təlimlər Rusiyanın aqressiv siyasətinə qarşıdır. Unutmayaq ki, bundan əvvəl Rusiya Qara dənizdə hərbi təlimlər keçirib. Eyni zamanda bu yaxınlarda Qara dənizdə gərgin vəziyyət yaranmışdı. Dənizə daxil olan İngiltərə hərbi gəmisinə guya ruslar atəş açmışdı. Bəli, həqiqət budur ki, Qara dəniz ekvatoriyasında Rusiya həddən artıq aqressiv mövqedə dayanıb. Bu təlim birmənalı Rusiyaya mesajdır”.

Demokrat.az xəbər verir ki, bu sözləri ABŞ liderliyi ilə 30-dan çox dövlətin dünən Qara dənizdə başlatdığı hərbi manevrləri şərh edən hərbi ekspert Azad İsazadə deyib.

Onun fikrincə, 30-dan çox dövlətin 5 min hərbi personalı, 30 döyüş gəmisi və 40 qırıcı ilə keçirdiyi hərbi təlimlər Moskvaya açıq çağırışdır: “Mədəni şəkildə ruslara deyilir ki, əgər Qara dənizdə özbaşınalıq etsən, bir qrup dövlətlə qarşılaşacaqsan, ancaq Ukrayna ilə üz-üzə gəlməyəcəksən. Hesab edirəm ki, bu, açıq mesajdır”.

Mütəxəssis əlavə edib ki, ruslar rəsmi hay-küy qaldırır, reallıqda isə geri çəkilirlər: “Anlayırlar ki, bacarmayacaqlar. Etirazları da daha çox rus daxili aditoriyası üçündür. Reallıqda ruslar vəziyyəti anlayır. Açığı mən, guya rusların ingilis hərbi gəmisinə atəş açdığını göstərən kadrlara baxmışam. Heç ingilislərin onlara atəş açılmasından xəbəri olmadı. Ancaq ruslar bəyan etdilər ki, biz atəş açdıq və gəmi ərazimizi tərk etdi. Reallıqda anlayırlar ki, atəş açmağa ixtiyarı yoxdur, bu, böyük konfliktə səbəb ola bilər. Məncə, rusların etirazı daha çox daxili cəmiyyətə nümayiş etdirmək niyyətindən irəli gəlir”./Teleqraf


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top