Deputat: "Azərbaycan BMT-nin Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməni döyüş meydanında icra edib"

GÜNDƏM 29 iyn 2021, 17:46
"Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən görüşdə bir sıra mühüm fikirlər səsləndirdi. Ölkə başçısı Ermənistana qarşı bir sıra şərtlər irəli sürdü. Birmənalı olaraq qeyd edilməlidir ki, bu şərtlər tamamilə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir. Şərtlərə görə, Dağlıq Qarabağ ifadəsi işlədilməməli, Ermənistan qonşuları ilə normal münasibətlər qurmalı və ərazi iddialarından əl çəkməlidir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov deyib. 

O, sərhədlərin delimitasiya və demarkasiyasında Ermənistanın lazımi addımı atmaq üçün hüquqi öhdəlik daşıdığını vurğulayıb:

"Prezidentin irəli sürdüyü bu şərtlər BMT-nin nizammaməsində təsdiq edilmiş mühüm prinsiplərə uyğundur. Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq, BMT-nin Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməni döyüş meydanında icra edib. Bununla da, Azərbaycan tarixi ədaləti bərpa edib. Regionda tamamilə yeni iqtisadi formatın yaranmasını nəzərə alaraq Ermənistan mütləq şəkildə bütün qonşuları, o cümlədən Azərbaycanla normal beynəlxalq münasibətlər sistemini qurmalıdır. Ermənistan keçmiş Dağlıq Qarabağ probleminin həll olunduğunu qəbul etməlidir və sərhədlərin müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atmalıdır. Bunun üçün müvafiq işçi qrupu yaradılmalı və sülh prosesində iştirak etməlidir". 

Sərhədlərin müəyyənləşməsi prosesinə toxunan deputat bildirib ki, Azərbaycan bu mərhələdə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur və məsələ ən qısa zamanda rəsmi sənədlərdə əks olunan şəkildə həll edilməlidir:

"Ümumiyyətlə, post müharibə dövründə ən mürəkkəb məsələlərdən biri Azərbaycan dövlət sərhədlərinin müəyyənləşməsidir. Beynəlxalq hüquqda bu cür dövlətlərarası prosesin həyata keçirilməsi üçün iki mühüm mərhələ nəzərdə tutulur: Delimitasiya və demarkasiya. Burada hüquqi fundamental yanaşma ondan ibarətdir ki, siyasi və hüquqi kollapsa uğrayan Sovet İttifaqının keçmiş inzabi sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir. Mövcud halda yanaşmanı təsdiq etmək üçün bəzi beynəlxalq hüquqlara istinad etmək kifayətdir. 1991-ci ilin 8 dekabrında Minsk şəhərində imzalanmış MDB-nin yaradılması haqqında qəbul edilmiş sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən 11 dövlət tərəfindən imzalanmış Almatı deklarasiyası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş MDB-nin nizamnaməsinin 3-cü maddəsinin 3-cü və 4-cü bəndləri ərazi bütövlüyü və birliyi çərçivəsində mövcud olan sərhədlərin toxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit etmişdir. Bundan əlavə, 16 dekabr 1991-ci ildə Brüsseldə qəbul edilən Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınmasının prinsipləri adlanan sənəddə müəyyən olunmuşdur ki, Avropa İttifaqı və üzv dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin toxunulmazlığını rəhbər tutur. Beləliklə, 44 günlük müharibədə əldə edilən parlaq qələbənin məntiqi nəticəsi olaraq, sərhədlərin toxunulmazlığı üzrə zəruri tədbirlərin həyata keçirilməsi beynəlxalq hüquqda tanınır və müdafiə edilir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanın bu məsələyə yanaşması dövlət sərhədlərinin formalaşması və bərpası sahəsində mövcud beynəlxalq hüquqi təcrübəyə tamamilə uyğundur".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top