Azərbaycanlılar Xankəndiyə nə vaxt girəcək?


QARABAĞ 29 iyn 2021, 15:17
Dağlıq Qarabağın sülhməramlıların nəzarətindəki ərazilərinin gələcək taleyilə bağlı ermənilərin narahatlığı günbəgün artır. Təkcə Ermənistandakı deyil, Qərb ölkələrindəki ermənilər də həmin ərazilərdə yaşayan erməni əhalisinin gələcyinə dair pessimist fikirlər səsləndirirlər.

Erməni diasporunun ən tanınmış və fəal nümayəndələrindən biri, ABŞ-da nəşr olunan «The California Courier» qəzetinin təsisçisi və baş redaktoru olan Arut Sasunyan erməni mətbuatına açıqlamasında Qarabağda qalan ermənilərin gələcəyinin qaranlıq olduğunu bildirib.

Sasunyan Nikol Paşinyanın seçkidə qalib gəlməsinin xalqın iradəsinin təcəssümü saydığını deyib, lakin onun idarəçiliyinin Qarabağın ermənilərin əlindən birdəfəlik çıxması ilə yekunlaşacağını qeyd edib: “Seçkinin nəticəsi Ermənistan əhalisinin qərarıdır və biz bu qərara hörmətlə yanaşmalıyıq. Ancaq Qarabağdakı məğlubiyyətdən sonra mən ümid edirdim ki, Paşinyan istefaya gedəcək. Bu, Ermənistan üçün ən yaxşı ssenari olardı...”

Sasunyan deyib ki, Paşinyan İlham Əliyevlə diplomatik mübarizədə çoxlu səhvlərə yol verib və mina xəritələrinin verilməsi də bu səhvlərdən biridir: “Sonuncu dəfə 15 əsirə görə 97 min minanın xəritəsi verildi ki, bu da kobud səhv idi. Sözsüz ki, əsir düşən ermənilərin ailələri sevinirlər, lakin bu formatın özü səhvdir... Əliyevin hansı oyun qurduğu aydındır. Bu cür davam etsə, Əliyev yeni güzəştlər tələb edəcək və təəssüf ki, həmin güzəştləri alacaq...”

Erməni diasporunun liderlərindən biri olan Sasunyan qeyd edib ki, Ermənistan nə Qarabağda, nə də Zəngəzurda Azərbaycan qarşısında güc göstərə bilməyib və bu cür davam etdikcə, həm Ermənistan, həm də “artsax” real təhlükə ilə üz-üzə qalacaq: “Rusiya sülhməramlılarının “artsax”da( Qarabağ-red.) 5 illik xidmət müddətindən artıq 8 ay keçib. 5 illik müddət bitən gün azərbaycanlılar stepanakertə (Xankəndi-red.) girəcəklər. Çünki erməni tərəfi nə Qarabağdakı müharibədə, nə də indi Sünikdə (Zəngəzur-red.) güc göstərə bilməyib”. 

Sasunyan Paşinyanın əvəzinə Ermənistana yeni rəhbərin gələcəyi təqdirdə vəziyyətin ermənilərin xeyrinə dəyişə biləcəyini deyib. Lakin bu rəhbərin kimliyilə bağlı konkret ad çəkməkdən imtina edib.

Göründüyü kimi, “revanşistlər” təkcə Ermənistanda deyil, Qərb ölkələrində yaşayan ermənilər arasında da kifayət qədərdir. Onların guya Qarabağdakı ermənilərin taleyinə acımaları, səs-küy qaldırmaları isə sözsüz ki, rus sülhməramlılarının Qarabağda mümkün qədər çox qalmasına zəmin yaratmaq üçündür.(azpolitika.info)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top