Sərxan Sərxan: “Rayonlu nə bilir konsert nədir, teatr nədir?”

ŞOU-BİZNES 28 iyn 2021, 14:08

Xalq artisti Sərxan Sərxan müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Sərxan bəy, xeyli vaxtdır Bakıda deyilsiniz. Yəqin, darıxmısınız...

- Əlbəttə, çox darıxmışam. Bu pandemiya məsələsi bitsin, inşallah gələcəm.

- Ən çox kimdən və nədən ötrü darıxmısınız?

- Ən çox Bakının havası, mənzərəsi, insanları üçün darıxıram. Ancaq qohumlarımı, dostlarımı da görmək istəyirəm. Mən Bakının mərkəzində, “Baksovet”də, İstiqlaliyyət küçəsində anadan olmuşam. Ona görə orda hər yer mənə doğmadır. Gələndə də elə doğulduğum evdə qalıram, məhləyə çıxıram, kimisə görüb söhbətləşirəm. Bu da mənim xoşuma gəlir. Bu xəstəlik olmazdan əvvəl Bakıda aylarla qalırdım. Bəlkə, bu yaxınlarda gəldim, bir, iki ay qaldım.

- Bakı uzaqdan necə görünür?

- Bu insanın yaşadığı hislərlə bağlıdır. Uzaqdan deyəndə, bəziləri hansısa səbəblərə görə vətəni tərk edib gedir, amma mən tərk etməmişəm. Çünki o vaxt Moskva sovet ümumittifaqının mərkəzi idi. Mən də on altı yaşım olanda gitaranı öyrənmək, təhsil almaq üçün Moskvaya gəldim. Bakıda belə məktəb yox idi. Konservatoriyaya daxil oldum, oxudum. O vaxt Moskva da, Bakı da bir ölkə hesab olunurdu. Siz deyən hisslər, qürbətçilik əhvalı ölkəsini sonradan tərk edən adamlarda ola bilərdi. Mən belə hisslər yaşamamışam. Bakıdan Moskvaya gedəndə ancaq bu fikirlə gedirdim ki, ölkəmdəyəm. Və bu hiss indiyə qədər də məndə qalıb.

İndi Rusiyada olan azərbaycanlıların 80 faizi 80-ci illərin sonunda, 90-cı illərin əvvəlində, müharibə illərində vətəni tərk edib gedənlərdi. O zaman vəziyyət çox pis idi. Mən burda yaşayanda azərbaycanlılar çox az idi. Kimlər ki, təhsil alırdı, onlar gəlirdi Moskvaya. İndi Rusiyada daha çox Azərbaycanın rayonlarından gələnlərdir.

- Sovet quruluşu dağılandan sonra Rusiyaya, Türkiyəyə, Amerikaya bir çox sənət adamları getdilər. Sizin nəsildən olan Firəngiz Rəhimbəyova, Cəfər Behbudov, bir az sizdən sonra sənətə gələn Sevil Hacıyeva və bir başqaları... Bu gedişlər nə onlara, nə də ölkəyə uğur gətirmədi.

- Sevil bizim nəsil deyil. O, yaşca bizdən çox balacadır. Mən Azərbaycandan 68-ci ildə çıxmışam. Cəfər Behbudov çox istedadlı adam idi, qəşəng səsi vardı. Amma dayısı Rəşid müəllim nə isə ona kömək etmirdi. Bilmirəm niyə. Cəfər həm də yaxşı insan, fağır oğlan idi. Biz onunla bir-iki dəfə Azərbyacanın rayonlarına, Qarabağa qastrollara getmişdik.

- Cəfər Behbudov dayısının ona kömək etməmə səbəbini demirdi?

- Bilirsiniz, Rəşid müəllim bir az qısqanırdı. Onun Müslümlə də münasibəti pis idi. Dayday idi də, gərək kömək edəydi (gülür).

- Bəs sizi necə, qısqanan vardı?

- Mənim adım birinci Moskvadan çıxdı. İlk dəfə səhnəyə, efirə Rusiyada çıxmışam. Bakıda ilk konsertim 83-cü ildə “Gömnət bağı”nda oldu. “Qubernator bağı”na adamlar “Gömnət bağı” deyirdilər. “Qubernator” sözü dillərinə yatmırdı. Orada on bir mahnı oxudum. Niyazinin iş otağının pəncərələri həmin bağa açılırdı. O, mənim səsimi eşidib, otağına dəvət eləmişdi. Bir ildən sonra mən onun təklifi ilə beş konsert, daha sonra yenə beş konsert planlaşdırdım. Təsəvvür edin, konsertlər başlanmamış bütün biletlər satılıb qutarmışdı. Sovet dövründə elə olurdu ki, mən bir ayın 25 gününü qastrollarda olurdum. Bu konsertlərdən sonra 1985-ci ildə ovaxtkı respublika rəhbərliyi Azərbyacanın Mədəniyyət Nazirliyinə deyir ki, Moskvada bir oğlan çıxış edir, azərbaycanlıdır, onu niyə bura dəvət etmirsiniz ki, azərbaycanlı kimi çıxış edərək bizi tanıtsın. Onsuz da mənim qastrollarımı Moskvadan idarə edirdilər. O vaxtdan mən Azərbaycanın adı ilə fəaliyyət göstərirdim. Amma məni artıq ad-san qazanandan sonra Bakıya çağırdılar.

- Niyazidən danışdınız. Mən bildiyimə görə, çətin adam imiş, hər adamı, hər ifanı bəyənmirmiş...

- Elədir. Hər adamı bəyənmirdi. Amma kimi bəyənirdisə, onunla çox mehriban olurdu. Niyazi çox gözəl, sadə insan idi. O, insanların içini görürdü. Həyat təcrübəsi çox idi. Mənimlə də münasibəti çox yaxşıydı. Moskvada olanda həmişə onunla zəngləşirdim. Sonra o, xəstəxanaya düşdü, mən onun yanına da getdim.

- Ard-arda bilet tapılmayan kopnsertlərdən sonra yəqin qazancınız çox olardı.

- O vaxt qazanc yox idi. Sovet dövründə stavka məsələsi vardı. Lap bir konsertdə on min adam olsun, əgər sənə 20 manat təyin olunubsa, elə o qədər də pul alırdın. Vəssalam. O ayrı sistem idi. Sovet İttifaqı batandan sonra hər şey batdı. Mən Moskvada qaldım. Heç kimdən, heç nədən küsməmişdim. Sonralar da həmişəki kimi ora gedirdim, bura gəlirdim (gülür).

- Uzun müddət Rusiyada yaşayan insanlar haqqında ruslaşmış adam təəssüratı yaranır. Bu baxımdan siz bakılılığınızı nə qədər qorumusunuz?

- Yox, yox, xasiyyətim olduğu kimi qalıb. Amma yenə deyirəm, mən Bakıdan on altı yaşlı uşaq kimi getdim. Ona qədər Bakının mərkəzində böyümüşəm, böyük-kiçik bilmişəm. O vaxt Bakı ayrı şəhər idi. Bəlkə də Moskvanın kəndlərində yaşasaydım, ruslaşardım. Amma mən paytaxtın özündə yaşamışam. Moskva Avropa şəhəridir. Orda cürbəcür millətlər var. Mənim də Avropa səviyyəsində dünyagörüşüm var, lakin ilk növbədə azərbaycanlıyam.

- Azərbyacanlı kimi hansı xüsusiyytləriniz qalıb?

- Hər şey. Baxmayaraq təhsilimi rus dilində almışdım, amma azərbaycan dilini itirməmişəm. O vaxtı Bakıda Azərbaycan dilində az danışırdılar. Daha doğrusu, danışmağa utanırdılar. Əsas dil, dövlət dili rus diliydi. Siz indi o vaxtkı bakılılarla danışsanız, görəcəksiniz ki, ana dillərini pis bilirlər. Burda da mənim azərbaycanlı dostlarım, yoldaşlarım çoxdur. Onlarla tez-tez görüşürəm, oturub söhbətləşirəm.

- Sizin musiqi karyeranız azərbaycanlı şair, sonradan dinini dəyişən Onegin Hacıqasımovun şeirinə bəstələnmiş mahnı ilə başlayıb. Bildiyimə görə, çox yaxşı münasibətiniz varmış...

- O, yaşca məndən böyük idi, amma buna baxmayaraq biz bir neçə il çox yaxın dost olmuşuq. O vaxtlar o, hələ dinini dəyişməmişdi. Biz deyirik, kimsə dinini dəyişib, amma misal üçün, kim deyə bilər mən müsəlmanam? Hə, mən azərbaycanlıyam. Azərbaycanlılar hamısı guya müsəlmandılar? İndi mən necə deyim, müsəlmanam? Mənim bunu deməyə ixtiyarım yoxdur. Namaz qılmıram, oruc tutmuram. Yəni, dinə aid olan vacib şeyləri bilmirəm. Oneginin də ixtiyarı yox idi müsəlmanam desin. O, bir dindən başqa dinə keçməyib, millətini dəyişməyib. Əgər desəydi, mən azərbaycanlı idim, indi rus olmuşam, onda nəsə demək olardı. Onegin sadəcə o dini seçib. O, Allaha inanmaq istəyib və Allahı o dində tapıb. O, həm də rusdilli idi, bütün təhsilini həmin dildə almışdı, “Bibliya”nı oxumuşdu. Ərəb dilində necə oxuyaydı? Ərəb dilini bilsəydi, “Quran”ı oxuyardı. O, çox istedadlı, daim axtarışda olan insan idi. Heç nədə güzəştə getmirdi. O, həm də bilirsiniz niyə başqa dinə keçdi? Həyatdan boğulurdu, ona nəyəsə inanmaq lazım idi. Xrtistian dinini nəfəslik kimi seçdi. Bütün hallarda Allah birdir. O vaxt Oneginə münasibət yaxşı deyildi. Nəşriyyata əsərlərini versə də, çap etmirdilər, kinostudiyaya ssenarisini verdi, qəbul etmədilər. O, görəndə ki, heç nə alınmır, bir il mənimlə şair, yazıçı kimi qastrollara getdi. Ondan sonra dinə getdi, dedi, məni axtarmayın. Bundan sonra hər şey məlum idi.

- Daha görüşmədiniz?

- Bir dəfə gördüm, vəssalam. Sonra nə qədər axtarsam da, tapmadım. Heyif ondan.

- Özünüz deyirsiniz ki, özünü o dində tapdı, bu, onun üçün nəfəslik idi, həm də heyifslənirsiniz. Niyə heyif?

- Onun üçün darıxıram axı. Maraqlı, çox bilən insan idi. Onunla söhbət edəndə, çox şey öyrənirdim.

- Hələ sovet dövründən sizin özünüzə məxsus üslubunuz vardı. Üzərinizdə kimsə işləyirdi, ya özünüz özünüzü formalaşdırıb, yetişdirdiniz?

- Bilirsiniz, mən heç vaxt musiqiçi olmaq istəməmişəm. Taleyimi gitara alətinə bağlayana qədər Xəzər İdman Klubunda avarçəkən idim. Moskvaya gələndə bala-bala ispan mahnılarını öyrənməyə, özfəaliyyət kimi oxumağa başladım. Dünya səviyyəli müğənnilərə qulaq asa-asa öyrəndim.

- Sərxan müəllim, sizcə indiki dövrdə məşhur olmaq asandır, ya sizin dövrünüzdə?

- Bizim dövrümüzdə məşhurlaşmaq çətin idi. Gərək çox böyük yol keçəydin, səhnə səliqəsi, mədəniyyəti öyrənəydin. Bizim dövrümüzdə bircə kanal vardı. Orada çıxış etmək üçün gərək çox istedadlı olaydın. O vaxt qara siyahı vardı. Kim toylara gedirdisə, həmin qara siyahıya düşürdü. Onları heç vaxt televiziyaya çağırmırdılar. Bu gün oxuyan müğənnilərin qarşısında Ağadadaş Ağayev, Məmmədbağır Bağırzadə klassikə çevriliblər. Rəhmətlik Məmmədbağır çox gözəl oxuyurdu, amma indi kimin pulu varsa, o, tezliklə məşhurlaşır. Pul yığır, klip çəkdirir, televiziya ilə danışır, mahnı tamaşaçıların xoşuna gəlirsə, üç-dörd günə məşhurdur. Amma məşhurluqla populyarlıq fərqli məsələdir. İndi populyar olan kimi toylara gedib pul qazanmaq olur. Sovet dövründə qazanc yox idi, hamı maaşa baxırdı. Ona görə, indi məşhur yox, populyar olmaq asandır. Hər şey puldan asılıdır. Populyar olmaq olar, amma məşhur olmaq çətindir (gülür).

- Sizin dövrünüzdə müğənnilər sənət də göstərirdilər, şou da. Amma indi sənət yoxdur, ancaq şou var...

- O vaxt şou yox idi, estrada vardı. Sənətin olmamasının günahı müğənnilərdə deyil. Müğənnilər harda oxusunlar? Onlar toya pul qazanmaq üçün gedirlər. Toylar da olmasa, nə etsinlər? Gərək konsert şirkətləri fəaliyyət göstərsin, konsertlər, qastrollar təşkil edilsin, müğənni də oxusun, sənət göstərsin. Bununla heç kim məşğul olmur. Bununla məşğul olsalar, müğənnilər də gedib konsertlərdə oxuyar. Kabab qoxusunun içərisində müğənni hansı sənəti göstərsin? Belə hal oxuyana ləzzət vermir. O, konsert salonunda çıxış edəndə, tamaşaçı əlində gül dəstəsi ona diqqətlə qulaq asanda ləzzət alır. Ona görə də, indi bizim musiqimiz toy istiqamətinə tərəf gedib. Toy mahnıları, çikala-çikala səslənir indi. Səhnə yoxdu deyə sənət də yoxdur.

- Bu, təkcə bizdə belədir, ya dünyada oxşar proses gedir?

- Dünyada deyə bilmərəm, Rusiyada da belədir. Konsertlər var, amma sovet dövründə olduğu kimi yox. Rusiyada da toylar, banketlər əsas qazanc yeridir. Birinci yerdə puldur. Biz o vaxt bu sənətə pul üçün gəlməmişdik, sənəti sevib gəlmişdik. İndikilər pula görə gəlirlər. Pul da toyda, banketlərdədir.

- Fərhad Bədəlbəyli ilə müsahibə edəndə dedi ki, sənət rusiyalı tamaşaçının genindədir. Bu sözü biz tez-tez eşidirik. Sizcə, bu fikir nə qədər doğrudur və yaxud, rusiyalı tamaşaçı ilə azərbaycanlı tamaşaçısı arasında fərq çoxdur?


- Sovet dövründə fərq vardı. Bakıda dalbbadal on konsert verdim. Harda mənim afişam asılırdı, bilet tapılmırdı. Amma o vaxt Bakı çoxmilli, rusdilli şəhər idi. Bir söz soruşum sizdən. İndi teatra, “Azdrama”ya gedən var?

- Gedirlər, amma əsasən vaxt keçirmək üçün, tamaşa o qədər də əhəmiyyətli deyil.

- Görürsən? Bəlkə də Fərhad düz deyir, bizdə, azərbaycanlılarda belə ənənə yoxdur. Ruslara mədəniyyət Avropadan gəlib, ruslar da qəbul ediblər.

- Bəlkə, siz və sizin kimi bir çox sənət adamının gedişinin də səbəbi var. Gələn gənc nəsil, belə deyək, başsız qaldı?

- Yox, yox. Bunun kökü çox dərinlərə gedib çıxır. Bu, sosial probolemdir. O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi vardı. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi. Onların da təqsiri yoxdur. Çünki bu, yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər. Əvvəllər, rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur. Bu, o demək deyil ki, onlar konsertləri sevmirər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb. Bəlkə də bu, sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur. İndi öyrənirlər. İndi heç olmasa, şəhər təmizdi, 90-cı illərdə küçələr yaman gündə idi.

- Üslubunuzla bağlı çətinliyiniz vardı?

- Bakı, Bakı ətrafı əhali məni bəyənirdi, rayon adamlarını deyə bilmərəm. Mən estrada ifa edirəm, rayonlular milli musiqini, muğamı sevirlər. Bax, misal üçün Tofiq Quliyevin bəstələrini rayon əhalisi qəbul etmir. Niyə?

- Ötən əsrin əvvəllərində Bakı intellegentləri ilə Qarabağ intellegentləri arasında ciddi fikir ayrılıqları olub. Bəlkə, bu məsələdir. Tofiq Quliyev də bakılı idi, siz də bakılısınız...

- Yox. Mən estrada oxuyanam, onlar milli musiqi həvəskarı. Niyə gəlib mənim mahnılarımı sevməlidirlər? Tofiq Quliyevin musiqisi yüksək səviyyədədir. Onun musiqisində forma var, kanonlar var. Rayon əhalisi onu başa düşmür.

- Tofiq Quliyevin musiqisi xalq musiqisi deyildi?

- Xalq musiqisi söhbəti deyil, primitiv deyildi. Toyxana mahnıları primitivdir. Bütün bunlar səviyyə məsələsidir. Millətin səviyyəsini qaldırmaq lazımdır. O vaxtı Heydər Əliyev tapşırıq verirdi, rayonların katibləri həftədə bir dəfə - beşinci gün flarmoniyaya yığışır, Niyazinin rəhbərliyi ilə simfonik musiqilərə qulaq asırdılar. Tərbiyəni o vaxt da, indi də televiziya rəhbərliyi müəyyənləşdirirdi. İndi pul veriləndən sonra kimin efirə çıxması önəmli deyil. Bütün bunlar çətin məsələlərdir.

- Sizin ən məşhur mahnınız “Ay gecikən məhəbbətim” oldu. Sözləri Tofiq Bayrama aiddir. Tofiq Bayramla tanışlığınız vardı?

- Bu mahnı mənim Azərbaycan dilində bəstələdiyim ilk mahnıdır. Buna qədər daha çox rus dilində bəstələmişdim. Amma siz deyən mahnı çox sevildi, qəbul olundu. Heyif, mən Tofiq müəllimlə görüşməmişəm.

- Atanız Yazıçılar Birliyinin üzvü olub, jurnalist kimi fəaliyyət göstərib. Kitaba, mütaliəyə münasibətiniz necədir?

- Bizim evimizdə iki mindən çox kitab vardı. O vaxt kitab almaq çətin idi. Atam fars dilini yaxşı bilirdi, 40-cı illərdə İranda hərbi qulluqda olmuşdu. Anam deyirdi, atan şpiondur (gülür). Axır illərində Azərbaycandan İrana yayımlanan verlişlər hazırlayırdı. Uşaqlıqda kitab çıx oxumuşam. İndi ancaq internetlə daha çox məqalələr oxuyuram.

- Sonuncu dəfə hansı kitabı oxumusunuz?

- “Quran”ı. Evimdə “Quran” var. Hərdən oxuyuram

- Azərbaycan dilində?

- Yox, rus dilindədir. Mənə rus dilində asandır.

- Bu çağınızda yaş sizi hansı istiqamətə çəkir?

- Təmizliyə. İnsanın gərək xarici də, daxili də təmiz olsun. Harmoniya olsun. Ətrafa münasibətdə səmimi olmalısan. Səhvlər də olub, çox şeyi bilməmişik, amma həyat təcrübəsi artdıqca, yaşlandıqca insanın gözü açılır, ağı qaradan seçir. Təəssüf ki, bəzən insanın gözü tam açılanda, hər şeyi anlayanda həyat da sona çatır, o biri dünya başlayır.

- Ümumiyyətlə, bu dünyadan sonra həyatın davamına inanırsınız?

- İnanıram. Amma ruh olaraq... Bədənsiz... Bilirsiniz, bədən qocalır, ruh işıqlaşır, təmizlənir, kaftar bədəni tərk edir, başqa dünyaya gedir.

- Nitsşe deyirdi, sənət olmasa, həqiqət insanı məhv edər.

- Düz deyir. Sənət illüziyadır. İnsan musiqi, rəsm və digər sənət növləri ilə məşğul olanda başı aldanır. Bu illüziya olmasa, insan həqiqəti görüb yaşayar və müvazinətini itirər. İllüziyalar yaşamağa kömək edir. Həm də vaxt gedir, həqiqətə o qədər də fikir vermirsən.

- Xoşbəxtsiniz?

- Xoşbəxtəm, amma həyatı tərk edən dostlarım üçün darıxıram. Çoxları vaxtsız gedib. Onlar çatışmır. Onlarla münasaibətə, söhbətə, onları görməyə ehtiyacım var. Ona görə, insanlara deyirəm ki, yaxın dostlarınızın qədirni bilin.

- Kimləri dinləyirsiniz?

- İstedadlı müğənnilər var. Yaxşı, dadlı mahnılar eşidirəm. Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Röya... Onlar çox qəşəng oxuyurlar. Bizim millətimiz çox istedadlıdır. Bir az istiqaməti dəyişiblər, amma bu da yaxşıdır.

- Sevgi sizin üçün nəyi ifadə edir?

- Sevgi bir andır. Onun cürbəcür formaları var. Ata, bacı, qardaş, qadın... Qadına sevgi bir andır. Bəziləri başa düşmür sevigini, ona görə də yaxşı nəticələr olmur. Sənət insanları üçün əsasən tənhalıq xoşdur. Tənha olub sevgiyə inanmaq lazmdır. Sənət adamının ilhamı da sevgidir. Sən insana vurulub onu sevə bilərsən, amma yaxınlaşdıqdan sonra məyus ola bilərsən, sevgi keçib gedər. Sevdiyin zaman sevdiyindən nə qədər uzaq olsan, sevgi bir o qədər yaxşı və təmiz qalar (gülür).

- Şərq şeriyyətinin, Füzulinin, Nizaminin, Nəsiminin şeirlərinin gücü yəqin, sevgilərinin platonik olmasındadır...

- Bəli, platonik sevgi çox təmiz olur və insana, sənət adamına imkan verir ki, nələrsə yarada bilsin.(kulis.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top