Şanlı Qələbənin, inamın, qətiyyətin, əzmin müəllifi

GÜNDƏM 25 iyn 2021, 11:16
Azərbaycan Ordusu elə böyük imkanlara çatıb ki, bundan sonra ancaq və ancaq yeni-yeni zəfərlərə imza atacaq.

44 günlük Vətən müharibəsində Böyük Zəfərə imza ataraq dünyanın hərb tarixində yeni səhifə açan Azərbaycanın Silahlı Qüvvələri bütün xalqımızın qürur mənbəyinə çevrilib. 30 ildir qanayan yaranı təxminən bir aya sarıyan, müharibənin Azərbaycanın xeyrinə bitməsində öz sözünü deyən, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edən müzəffər ordumuz, bu gün hər bir vətəndaşımızın illərdir görmək istədiyi məqamda qərarlaşıb. Məhz bu qüdrətli Ordudur Azərbaycanı Şanlı Qələbənin, inamın, qətiyyətin, əzmin müəllifinə çevirən! 

Qısa müddətdə dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu 44 günə qazandığımız Zəfərlə öz mövqelərini daha da möhkəmləndirib. Ordumuzun qələbəsinin hazırda dünyanın ən nüfuzlu hərbi qurumları tərəfindən vurğulanması, araşdırılması köksümüzü qabardır! 

Dünyanın hərb sistemində mühüm mövqe sahibinə çevrilən güclü Azərbaycan Ordusunun şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün qürur yerimiz  olan Azərbaycan Ordusunun mövcudluğu, inkişafı, möhkəmlənməsi üçün Heydər Əliyev hələ SSRİ dönəmində  mühüm addımlar atmışdı. Heydər Əliyev Azərbaycanın gec-tez müstəqilliyiə qovuşacağını bilirdi və Sovetlər vaxtı bütün addımlarında, xüsusilə ordu ilə bağlı yorulmaz faəliyyətində azad Azərbaycan üçün baza rolunu oynayacaq qərarların həyata vəsiqə qazanmasına çalışırdı. Məhz onun uzaqgörənliyi sayəsində milli ordu quruculuğunun  başlanğıcı hələ Sovetlər dövründən start götürüb. 

Sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırılıb: xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsinə başlanılıb, hərbi xidmətə hazırlıq işlərinə diqqət artırılıb, gənclərin xidmətə yola salınması xalqın və dövlətin qayğısı ilə əhatə olunub.

- Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin rus dilini zəif bilməsi səbəbindən arxa xidmət hərbi hissələrinə göndərilməsinin qarşısı alınıb: Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürülüb, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırılıb. 

- Aparılan qətiyyətli siyasət nəticəsində XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyulub, gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirilib, azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsində ciddi dönüş yaranıb.

- Heydər Əliyev SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsinə nail olub. Bununla da Sovet dövründə milli zabit kadrların hazırlanması işi intensivləşib.

- Heydər Əliyevin sayəsində Azərbaycana rəhbərliyi dövründə Bakıda fəaliyyət göstərən hərbi məktəblərə (Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, Bakı Ali Hərbi Dənizçilik Məktəbi) qəbul olan azərbaycanlıların sayı artıb. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail olan Heydər Əliyev bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlərə bilavasitə rəhbərlik edib.  

- Heydər Əliyev o vaxtkı ittifaq miqyasında olan ali hərbi məktəblərdə təhsil alan gənclərin də sayının artırılmasını gerçəyə çevirib və nəticədə keçən əsrin 70-ci illərinin sonlarında SSRİ-nin 45-dən artıq ali hərbi məktəbinə ildə Azərbaycandan 800-900 nəfər gənc göndərilib.

- Ulu Öndər Sovet dövründə Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması kimi önəmli qərarın gerçəkləşməsinə nail ola bilib. O dövrdə çox böyük maneələrin mövcud olmasına rəğmən milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün əvəzedilməz rola malik olan belə bir təhsil ocağının açılması Heydər Əliyevin şəxsi nüfuzunun, əzminin, qətiyyətinin nəticəsi olmaqla millətin gələcəyinə hesablanmış addım idi.

Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra ilk illərdə arzu etdiyimiz milli ordunun ortaya çıxması işi yetərsiz oldu. 70 illik fasilədən sonra müstəqillik qazanılsa da, mövcud baza əsasında milli ordu quruculuğu imkanları qaçırıldı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ildə təkcə ölkəni dağılmış vəziyyətdə təhvil almamışdı, eyni acınacaqlı durum ölkənin bel sütunu olan silahlı qüvvələrdə də hökm sürürdü. Heydər Əliyev şəxsiyyəti nizam-intizamı pərən-pərən olmuş ordunu yenidən qurmağa imkan verdi. O, Azərbaycanın hərbi imkanlarını, kadrlarını yaxşı bilirdi, çünki bütün bunların müəllifi elə Heydər Əliyev özü idi. Həmin dövrdə büdcədən hərbi sahəyə ayrılmaların kifayət qədər az olmasına rəğmən, ordu quruculuğuna başlanıldı. Ölkənin məhdud iqtisadi gəlirləri hərbi xərcləri yüksəltməyə əsas verməsə də, Heydər Əliyev faktoru nizamlı ordu qurculuğunun həyata vəsiqə qazanmasında əsas rol oynadı. Yaradılan güclü iqtisadiyyat sonrakı illərdə hərbi büdcədə artımların edilməsinə yol açdı. 

Beləliklə, bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. 

Naşı şəxslərin idarəetməsi sayəsində 90-cı illərin əvvəllərində ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələrin yerində hazırda regionda ən güclü, bütün dünyada öz imkanlarına görə öncül yerdə qərarlaşan, keçirdiyi hərbi əməliyyatları öyrənilən Azərbaycan Ordusu var. 

Ulu öndər Heydər Əliyevdən sonrakı mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu ilə bağlı yaradılan mükəmməl bazanı daha da irəli daşıya bildi. Güclü iqtisadiyyata malik ölkəyə çevrilən Azərbaycanda orduya diqqət 1-ci yerdə dayandı. 
 
Ötən illərdə hərbi büdcədə kəskin artımı baş verdi. Hərbi büdcənin durmadan irəliləməsi, müasir silahlarla təchizat, peşəkar ordu quruculuğu siyasətinin qətiyyətli, prinsipial şəkildə aparılması dünya çapında güclü Azərbaycan Ordusu meydana çıxardı. 

2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hansı imkanlara sahib olmasını nümayiş etdirən ilk siqnal oldu. Bu ordunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələri darmadağın edildi və döyüş meydanında ölkəmizin üstünlüyü təmin olundu. Ardınca 2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun nəyə qadir olduğunu göz önünə sərgilədi. 

Düşmən bu dərsdən nəticə çıxarmadı və ötən ilin noyabr ayında Azərbaycan Ordusu 44 günlük Böyük Zəfəri tariximizə qızıl hərflərlə həkk etdi. Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyev özünün liderlik keyfiyyəti ilə iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurları vahid amal uğrunda brləşdirdi və Böyük Qələbə mümkünləşdi. Düşmən qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirən Azərbaycan hərbiçisinin rəşadəti, igidliyi qarşısında diz çökdü.

Bu gün ilk dəfədir ki, Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi, qalib, müzəffər orduya malik  millət kimi qeyd edirik. Bu hiss əbədi olaraq bizimlə bir yerdə olacaq. Azərbaycan Ordusu özünün bütün imkanları ilə elə bir yüksəklikdə durub ki, bundan sonra ancaq və ancaq yeni-yeni zəfərlərə müəlliflik edəcək. 

Şəhidlərimizin bizə əmanəti olan azad Qarabağ torpaqları əmin əllərdədir. Şəhid qanı ilə suvarılan yurd yerlərimizi güclü Azərbaycan Ordusu qoruyur və bu ordunun həmin torpaqlara dönüşü əbədidir!

Bir açıq Havada və abidə şəkili ola bilər

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top