Deputat: "Revanşistlərin Paşinyana məğlub olmasında Azərbaycan amili ciddi rol oynadı"

GÜNDƏM 23 iyn 2021, 13:24
“Ermənistanda ciddi xarakter daşıyan və qarşıdurma səviyyəsində özünü ifadə edən parlament seçkiləri başa çatdı. Seçkilərin nəticəsi ilə bağlı gümanlarım özünü doğrultdu. Paşinyan və Köçəryanın ətrafında baş verən proseslərdən, keçirdikləri görüşlərdən və insanların münasibətindən nəticə çıxarmışdım ki, Paşinyan cüzi fərqlə də olsa, qalib gələcək, lakin Paşinyan daha çox səs fərqi ilə qələbə qazandı. Seçkilərin nəticəsi göstərdi ki, Ermənistanın əhalisi də artıq sülh və əmin-amanlıq istəyir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Ermənistanda keçirilən seçkilərin nəticəsi ilə bağlı danışan deputat bildirib ki, Paşinyanın qələbəsi müharibədən sonra vəziyyəti daha da gərginləşdirmək istəyən qüvvələrə əhalinin cavabı oldu: 

“Görünür, Ermənistan cəmiyyətini artıq Qarabağ məsələsi düşündürmür. Məğlub olan ölkənin baş naziri yenidən xalqın iradəsi ilə hakimiyyətdə qalır. Bu, qeyri-adi situasiyadır. Onlar səfalətdən, böhrandan çıxmaq istəyirlər, müharibə arzusunda deyillər. Ermənistan əhalisi artıq normal yaşamaq, müharibədə iştirak etməyə məcbur olmamaq istəyir. Buna görə də, onlar öz seçimlərini Paşinyandan yana etdilər və Paşinyanın partiyası qalib gəldi. Paşinyan həm də revanşistlər üzərində qələbə qazandı. Paşinyanın partiyasından başqa, demək olar ki, ölkədəki digər bütün partiyalar revanşist mövqedə idilər. Bu baxımdan, Paşinyanın qələbəsi revanşistlər üzərində xalqın iradəsinin ifadəsi kimi tarixə düşdü”.

Seçkidən sonra yaranacaq vəziyyətlə bağlı danışan deputatın sözlərinə görə, Paşinyan revanşist qüvvələrə qalib gəlsə də, bu mübarizədə onu çətin dövr gözləyir:

“Parlamentdə revanşistlər də təmsil olunacaqlar. Onların hansı yolu tutacaqlarını demək çətindir. Görünür, Paşinyanı qarşıda çətin dövr gözləyir. Revanşistlərlə mübarizədə o, özünə güclü komanda yaratmalıdır. İlk növbədə, məhkəmə sistemində ciddi islahatlar aparmalıdır. Köçəryan cinayət addımları atıb. O, bunu təkcə Qarabağda – Xocalıda deyil, həm də öz ölkəsində reallaşdırıb. Sarkisyanın prezident seçkiləri dövründə qətliamlar törədildi, 10-a yaxın insan bu qarşıdurmalarda həyatını itirdi. Bu, Köçəryanın yanaşma metodudur. Onlara qarşı mübarizə üçün Paşinyana güclü və yüksək səviyyəli komanda lazımdır. İkinci növbədə isə məhkəmə sistemində ciddi islahatlar aparılmalıdır. Bundan sonra revanşistlərin fəaliyyəti müəyyən qədər məhdudlaşa bilər. Köçəryan da parlamentdə təmsil olunacaq. Onun problemlər yaradacağını gözləmək olar. Bir sözlə, Paşinyanı qarşıda çətin günlər gözləyir. Bu halları tənzimləmək və qarşısını almaq da Paşinyandan asılı olacaq. Düşünürəm ki, o, xalqın iradəsinə söykənərək, onların öhdəsindən gələ biləcək. Belə olan halda, Azərbaycanla Ermənistan arasında da münasibətlərin normallaşması üçün imkan yaranacaq”. 

Deputat Azərbaycanın siyasi müstəvidə də Ermənistana təsir etdiyini və bunun seçkilərin nəticəsində özünü göstərdiyini qeyd edib: 

“Azərbaycan Ermənistanı bütün səviyyələrdə məğlub etdi. Azərbaycan Ermənistanın təkcə hərb siyasətinə deyil, dövlətçiliyinə də ciddi zərbələr vurdu. Bu zərbələrə görə, Ermənistan illər boyu özünə gələ bilməyəcək. Ölkənin iqtisadi vəziyyəti çox ağır vəziyyətdədir, sosial durum kifayət qədər gərgindir. Ölkədəki gərginlik özünü hər addımda göstərir. Azərbaycanın 44 günlük müharibədə Ermənistana vurduğu zərbə və ölkə prezidentinin qətiyyətli mövqeyi, hərbçilərimizin qəhrəmanlığı Ermənistanı çökdürdü. Ermənistanda müharibədən sonrakı dövrdə də proseslərə təsir edən Azərbaycan, xüsusilə prezident İlham Əliyevin çıxışları oldu. Prezidentin çıxışları zamanı bildirdiyi fikirlər, irəli sürdüyü müddəalar Ermənistanın ictimai-sosial həyatına ciddi təsir göstərirdi və onu müəyyən edirdi. Revanşistlərin Paşinyana məğlub olmasında Azərbaycan amili ciddi rol oynadı. Düşünürəm ki, bundan sonra da Ermənistanda gedən siyasi, iqtisadi, sosial münasibətlərə Azərbaycan ciddi təsir imkanlarını əlində saxlayacaq və Ermənistan Azərbaycanla razılaşmaq məcburiyyətində qalacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top