Ağstafada qaynını öldürən gəncin istintaqı başa çatdı


KRİMİNAL 22 iyn 2021, 14:00
Ağstafa rayonunda qaynını qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Ramil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin yanvarın 9-da Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı 1991-ci il təvəllüdlü Mustafayev Ramil Məmmədrahim oğlunun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Taleh Süleymanova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Ramil Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top