Deputat: “Ermənistan çox rəzil durumdadır”

GÜNDƏM 18 iyn 2021, 08:56
Ermənistanın sabiq prezidenti Robert Köçəryan parlament seçkiləri kampaniyasında çıxışlarında xeyli populist açıqlamalar verir. Məsələn, son olaraq bu Xocalı qatili bəyan edib ki, seçkilərdə qalib gələrsə Şuşa və Hadrutu ermənilərə qaytara biləcək, Qarabağın müstəqilliyi məsələsini təmin edəcək/ Köçəryan seçki kampaniyasında rəhbərlik etdiyi blokun müharibə partiyası olduğunu faktiki olaraq çıxışları ilə ortaya qoyub. Bəs Ermənistan cəmiyyəti müharibə partiyasının yenidən iqtidara gəlməsinə isti yanaşırmı? Bu cür vədlər Ermənistanın beynəlxalq immunitetinə necə təsir edə bilər? 

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bu gün çox rəzil durumdadır. Ermənistan cəmiyyəti bu günə düşməsinin kökündə Köçəryan kimi müharibə manyaklarının olduğunu xeyli dərəcədə anlayır. Ermənistan xalqı Köçəryan-Sərkisyan cütlüyünün hakimiyyətdə olduğu dövrün vurduğu zərbələrin təsirini hər an hiss edirlər. Bir tərəfdən də 44 günlük müharibə Ermənistana çox ağır sarsıdıcı zərbə vurdu. Müharibənin bitməsindən 7 ay keçməsinə baxmayaraq, hələ də Ermənistan çalxalanmaqda, böhran içərisində ağır günlərini yaşamaqdadır: “Ermənistanda bütün sahələrdə böhran dərinləşməkdədir. Hakimiyyət uğrunda amansız savaş gedir. Bu mübarizə bütün sivil qaydaların tapdalanması şəraitində gedir, hətta bir-birini təhqirlərlə müşayiət olunur. Bütün siyasi qüvvələr biri digərinə qarşı amansız və güzəştsiz mübarizə aparırlar. Görünən budur ki, cinayətkar Köçəryanın bloku parlamentdə qalib gəlməsə belə, xeyli sayda mandat əldə edə biləcəklər. Paşinyanın qalib gəlmək şansı nisbətən çoxdur. Əgər Nikol Paşinyan qalib gəlsə, onun hökumət başçısı kimi işləməsi elə də asan olmayacaq. Hələ istisna deyil ki, Paşinyan təkbaşına hökuməti formalaşdıracaq həddə səs qazanmasın. Mümkündür ki, seçki ikinci tura keçsin. Bu isə hazırda xaos içində çabalayan Ermənistanda xaosu daha da dərinləşdirəcək. Ermənistan idarəolunmaz bir durumla üz-üzədir. Bu durum uzun müddət davam edəcək. Qalib gələn Azərbaycan isə tamam fərqli bir vəziyyətdədir. Azərbaycanda sabitlikdir, qələbə əhvalı hökm sürür, sosial gərginlik yoxdur, ölkə bütün istiqamətlərdə inkişaf edir. Hərbi gücümüz gün-gündən artır. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi gücümüzü daha da artıracaq. Müttəfiqlərimizin sayı gün-gündən artır. Müharibədən sonra Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu daha da artıb. Ermənistanın isə beynəlxalq nüfuzu yox səviyyəsindədir. Bunu hətta Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan belə etiraf edir. Belə vəziyyətdə Ermənistanda istər Köçəryan, istərsə də digər birisi hakimiyyətə gəlsə və müharibə cəhdi eləsə, bu, Ermənistanın tamamilə çöküşü demək olacaq”.

Deputat qeyd etdi ki, Ermənistan ordusu deyilən dəstə bu gün çox ağır psixoloji sarsıntı yaşayır: “Köçəryan bu cür ordu ilə bizimlə döyüşəcək?! Azərbaycanın bu gün Ermənistanda gedən bütün proseslərə çox ciddi təsiri var. Müharibə olarsa, bu təsir birə beş artacaq. Ermənistan əhalisi ölkələrinin məhv olmasını istəyirsə, Robert Köçəryan kimi qatı müharibə tərəfdarına səs verəcək. Azərbaycan müharibə meydanında Köçəryanla haqq-hesab çəkəcək. Robert Köçəryan və onun klanı Ermənistan üçün bəladır. Azərbaycan, müharibə başlayarsa, erməniləri Köçəryan klanı bəlasından qurtaracaq. Ermənistan Azərbaycanın haqqa ədalətə söykənən bütün şərtlərinə razılaşmaq zorunda qalacaq. Əgər Ermənistan bunu etməsə, heç vaxta ayağa qalxa bilməyəcək həddə ağır duruma düşəcək. Paşinyan seçkidə qalib gələcəyi halda onunla və onun komandası ilə Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edən sülh sazişi imzalana bilər. Bununla da bölgədə daimi sülh əldə edilər və bundan Ermənistan da faydalanar. Ermənistanın xilas yolu Azərbaycanla sülh sazişi imzalamaqdır, məhv olmaq yolu isə Azərbaycanla yenidən müharibəyə başlamaqdır. Məhv olmaq istəyirlərsə, Köçəryana səs versinlər. Ermənistan 44 günlük müharibədə hərbi və iqtisadi baxımdan darmadağın edilib. İstəsələr də müharibə aparıb, özləri üçün yaxşı nəticə əldə edə bilməz ermənilər. Uzaqbaşı daha betər hala düşərlər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top