Şuşa Bəyannaməsi - Qafqazın yeni yol xəritəsi — ANALİZ


SİYASİ 17 iyn 2021, 11:00

Ərdoğan qalib Azərbaycana tam zamanında gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri Azərbaycanda böyük coşquya, Ermənistanda isə isterikaya səbəb oldu. Sosial şəbəkələrin Azərbaycan seqmentində rəislərin Qarabağda, Şuşada və Bakıda etdikləri səmimi söhbətlər, Cıdır düzündə təşkil olunan şadyanalıq, prezident Əliyevin şıdırğı rəqsi, Mehriban xanım Əliyevanın Türkiyənin birinci xanımına göstərdiyi yüksək diqqət qürurla, sevinclə, 28 il torpaqlarımızı işğal altında saxlayan Ermənistana gözdağı olaraq paylaşıldı. Ermənistanın ənənəvi ve yeni mediası isə 44 günlük savaşdakı məğlibiyyətlərinin miqyasını dərk etmək üçün daha bir fakt qarşısında qalaraq tükənmişlik sindromunun dibinə yuvarlandı. Zira, istər Azərbaycan, istərsə də Ermənistan üçün məsələnin emosional tərəflərini bir qırağa qoysaq, Ərdoğan Şuşadan Ermənistana əslində pozitiv mesajlar verdi.

Türkiyə prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz parçası olan Qarabağa səfərinin başlıca diplomatik yekunu Şuşa Bəyannaməsidir. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığı və qətiyyəti həm özətləyir, həm də yeniləyir. Andlaşmanın BƏYANNAMƏ formasında qəbul edilməsi diplomatik və politoloji baxımdan mühüm məqamdır. Belə ki, bəyannamələr- deklarasiyalar rəsmi dövlət sənədi olmaqla daxili və xarici məsələlərdə dövlətin və ya dövlətlərin əsas fəaliyyət prinsiplərini, mövqeyini ehtiva edir və açıqlayır. İndiki halda deklarantlar Şuşadan bəyan etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar. Bu uzlaşma və onun Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır.

Əvvəla, Azərbaycana gəlməzdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden də daxil olmaqla NATO ölkələrinin liderləri ilə çox mühüm görüşlər keçirmişdi. Xeyli müddət idi ki, “Ərdoğan Azərbaycana niyə gəlmir”, “Türkiyə prezidentinin Şuşa səfəri niyə gecikir” kimi suallarla Azərbaycan ictimai rəyini çaşdırmaq üçün dayaz və xıltlı youtub kanallarında erməni propoqandası ilə üst-üstə düşən təbliğat aparılırdı. İndi hər şey gün üzünə çıxdı və məlum oldu ki, səfər nəinki gecikib və ertələnib, əksinə, zamanlama xüsusi seçilib və sərrast planlaşdırılıb. Nəticədə həm Türkiyə, həm də Azərbaycan diplomatiyasının qurduğu kombinasiya uğurla gerçəkləşərək Ərdoğan Azərbaycana, sadəcə, Türkiyə prezidenti kimi deyil, NATO-nun yüksək hərbi gücə malik ali baş komandanlarından biri kimi, üstəlik, Qafqazdakı nüfuz haqqını Qərbə qəbul etdirərək gəlib. Bu, olduqca mühüm məqamdır ona görə ki, “sülməramlı” çətiri ilə Qarabağa hərbi kontingent yerləşdirmiş Rusiya Azərbaycanı Azərbaycandan, Türkiyəni isə Türkiyədən daha güclü tərəf kimi qəbul etməyə məhkumdur.

İkincisi, Ermənistandakı revanşist qüvvələrin nəzərinə Şuşa Bəyannaməsi ilə konkret çatdırıldı ki, Levon Ter-Petrosyana yaxşı-yaxşı qulaq asın, sizin üçün hər şey bitib. Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın bir müddətdə Şuşaya, Xankəndinə səfər edən hər hansı dövlət rəsmisi olmuşdumu? Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və nəhayət indi ermənilərin özlərinin “alkaş küçə uşağı” adlandırdığı Nikol Paşinyan hansısa dövlətin başçısını demirəm, xarici işlər nazirliyinin sıradan bir diplomatını Qarabağa gətirə bilmişdimi? Bax, bu məqamın özü bir daha isbat edir ki, dünyada “Qarabağ Azərbaycandır” nidası keçərlidir və bundan sonra torpaqlarımıza göz dikən və 44 günlük savaşda darmadğın olmuş erməni ordusunun əsgərləri Azərbaycan sərhədlərinə tuşlanan istənilən silahın qundaqlarından düzələn tabuta girəcəklər.

Üçüncüsü, Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiyanın şərtləri yerinə yetirilməli, yeni sülh sazişi imzalanmalıdır. Azərbaycan və Türkiyə buna hazırdır, Rusiya isə Qaradəniz və yaxın şərq uğrundakı geopolitik savaşda Ermənistanın ayağına dolaşdığını çoxdan fərq edib. Diqqət çəkici məqamdır ki, Şuşa Bəyannaməsində Azərbaycanın və Türkiyənin 1915-ci ildə Osmanlıda baş verən hadisələri “genosid” kimi təqdim olunmasına qarşı birgə addımlar atacağı vurğulanır. Ermənistanda milli identifikasiyanın əsas elementləri olmayan dövlətçilik ənənələrinə deyil, bu sayaq uydurma düşmən obrazlarına bağlıdır. Bu obrazın formalaşmasında erməni diasporası mühüm rol oynayır və onların əli ilə Qərb dairələri Ermənistanı maşa kimi qullanır. Başqa sözlə, Qafqazda yeni səhifə açılması önündə ən böyük əngəllərdən biri məhz erməni diasporudur. ABŞ prezidenti Co Baydenin bu ilin aprelində erməni diasporunun ağzı ilə danışdığını və ATƏT-in Minsk qrupunun həmsədərlərinin özlərini aktuallaşdırmaq üçün səylərini xatırlayanda Ermənistana verilən mesaj belə görsənir: “Ağıllı olun”!

Ermənistanın, belə deyək, ağıllanıb-ağıllanmaması Nikol Paşinyanın İrəvanda hakimiyyəti əldə saxlayıb-saxlamamasından asılı deyil. Şuşanı və Hadrutu ermənilərə qaytarmaq kimi sərsəm bəyanatlarına rəğmən Robert Köçəryanın iqtidara gəlməsi belə Azərbaycan üçün əndişə yaratmır. 44 günlük savaşda Ermənistan ordusunun böyük bir qismi darmadağın edilib və Azərbaycan ordusu artıq dövlət sərhədlərindədir. Bu saatdan sonra Ermənistan nə Laçını, nə də Kəlbəcəri işğal edə bilməz, dar bir zolağa sıxışdırılmış Ermənistanın Qarabağdakı hissələri isə heç bir saat da müzəffər əsgərlərimizin qarşısında duruş gətirə bilməz. Savaş bitib! Post-müharibə dövründə Azərbaycanın yanaşması və təklifləri sağlamdır: sərhədlər çəkilir, Xankəndindəki ermənilər Azərbaycan vətəndaşı kimi yaşayır, Türkiyə-Ermənistan-Azərbaycan-Rusiya kommunikasiya xətti bərpa olunur.

Ermənistanın bu təklifə “yox” demək, müqavimət göstərmək üçün heç bir iqtisadi, hərbi, siyasi gücü yoxdur. Tam əksinə, Ermənistan ya şərtləri qəbul edib öz sərhədləri daxilində normal yaşamı seçəcək, ya da xəstə təxəyyülünün badına gedib mövcud sərhədlərini də itərəcək.

Şuşadakı Əliyev- Ərdoğan danışıqlarının açıq mesajlarından biri də “6- lıq” formatında bölgədə sülh və əməkdaşlıq modelinə çağırış oldu. Lap başda da qeyd etdiyimiz kimi, Ərdoğan əslində, Ermənistana pozitiv mesajlar verdi. O, İrəvana qısaca onu demək istədi ki, tarixi fürsəti qaçırmayın, gəlin, yaxşı işlər görək. Bu təklifə əsasən, Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan bu formatda iqtisadi-siyasi əməkdaşlıq edərək Qafqazda sülhün və tərəqqinin inkişafına nail olmalıdır. Zira, Ərdoğan, Ermənistanın deyil, məhz Gürcüstanın bu formata meyilli olmadığına işarə etdi.

Azərbaycanın, Rusiya və Türkiyənin maraqları məlumdur. Azərbaycan Türkiyə ilə qardaşdır, Rusiya kartını isə Ermənistandan maksimum alıb, Ermənilərin qarşılarına qoyulan planlara iqtisadi faydalılıq prizmasından baxmaqdan başqa çarəsi yoxdur. İran isə dünyadan təcrid olunmuş vəziyyətdədir, istənilən əməkdaşlıq çərçivəsi ona məqbuldur. Bəs, xeyir ola Gürcüstan belə "həvəsssiz" davranır? Bu həmin Gürcüstandır ki, Rusiya ilə münasibətlərini qaydaya salmaq üçün dəridən-qabıqdan çıxır.

Bu günə qədər Qafqazda regional güc Azərbaycan idi. Gürcüstan süfrəmizin qırağından bəslənirdi. Qlobal layihələr, ekonomik yatırımlarla yanaşı Gürcüstanda maşın bazarı, turizm, şərabçılıq və s. Azərbaycan pulları ilə ayaqda qalmışdı. İndi ticari magistral dəyişir və Azərbaycan- Ermənistan-Türkiyə üçbucağı, üstəlik Rusiya və İranın yeni Qafqaz siyasəti Gürcüstanı münaqişədən pul qazanmaqdan məhrum edir. Ermənilər bir Osmanlı xalqı olaraq biz türklərlə işbirliyində - ədavəti kənara qoysaq- daha mahirdirlər. Yəni, bu format işə düşsə, qısa zamanda Ermənistan Qafqazda Azərbaycana qarşı deyil, Gürcüstana qarşı çox ciddi rəqib olacaq. Ermənistan məhz buna görə "6-lıq" formatına mümkün variant kimi baxdığı halda, Gürcüstan nala-mıxa vurur. Zira, Gürcüstanın bu formatdan qaçmaq imkanı yoxdur. Əks halda, öz şanslarını baltalamış olacaq.

Taleh ŞAHSUVARLI, (aznews.az)

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top