Narazılıq yaradan saxta əlillik məsələsi necə həll edilməlidir?


SOSİAL 17 iyn 2021, 08:43
Saxta əlillik məsələsi gündəmdən düşmür. Bu prosesdən narazı qalanlar əsasən Qarabağ qaziləri, I Qarabağ müharibəsinin iştirakçılarıdır. Nazirliyin saxta əlilliklə apardığı mübarizə bu sahədə dövlətin yükünü müəyyən qədər azaltmaq istiqamətində effekt versə də, bəzən gerçək əlillərin, qazilərin haqqı da tapdalanır. Mətbuatda bu barədə müzakirələr son həftələr daha da çoxalıb. Məsələ parlamentin iclaslarına qədər gedib çıxıb. Ancaq nazirlik bu mövzudakı ictimai narazılığı yoluna qoymaq istiqamətində təsirli bir həll yolu ortaya qoymayıb. Təkcə əlillik müddətinin uzadılması ilə bağlı imtina alanlar yox, əlillik qrupları azaldılanlar da narazıdır. Dövlət qurumu isə deyir ki, qruplar konkret qaydalara əsasən müəyyənləşir. Qrupları müəyyənləşdirən dövlətin müvafiq komissiyası olduğundan bütün narazılıq yükü də hökumətə yönəlir. 

“Yeni Müsavat”a açıqlamasında nazirliyin bu istiqamətdəki fəaliyyəti haqqında məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, ümumi narazılıq yox, konkret faktlar ətrafında müzakirə aparmağı məqsədəuyğun sayır: “Mən təklif edərdim ki, o narazılıqları konkretləşdirək. Çünki ümumi narazılıqdan söhbət gedə bilməz, konkret şikayətlərdən söhbət gedir. Hər bir şikayət də araşdırılır və onların konkret cavabı var. Problem ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi indiyə qədər əlilliyin təyinatında buraxılan səhvlərin, boşluqların aradan qaldırılması, bu sahədə şəffaflığın təmin edilməsi, haqqı çatanın, həqiqətən əlilliyi olan, əlillik göstəriciləri təsdiq olunmuş qaydalara uyğun olan insanların vəziyyətini qiymətləndirir, onlara əlillik təyin edilir və aylıq olaraq dövlətin sosial ödənişləri ödənilir. Təəssüf ki, bizim araşdırmalarımız nəticəsində xeyli saxtakarlıq halları baş verib. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumatlar göndərilib. 300-ədək vətəndaşın saxta əlillik təyinatı ilə bağlı baş prokurorluğa təqdimatlar gedib. Bununla yanaşı,  20-yədək Tibbi Sosial Ekspert Komissiyasının həkimləri işdən azad edilib, onların bəziləri barədə cinayət işi açılıb. Bu işə yol verən, imza atan şəxslər cəzalandırılır. Vətəndaşlardan da xahiş olunur ki, əgər indiyədək yanlış əlillik təyinatları hesabına bu ödənişləri alıblarsa, müddət bitəndən sonra yenidən müraciət etməsinlər. 2016-cı ildə bu sahədə elektron sistem tətbiq edildi və 190 min şəxsin əlillik təyinatı elektron şəkildə avtomatik, heç bir yoxlama aparılmadan sistemə salındı. Onların təkrar qiymətləndirilməsi 2021-ci ilə təsadüf etməsi bu il üçün Səhiyyə və Tibbi Sosial Ekspertiza Xidmətinin işini 10 dəfələrlə artırıb. 5 il əvvəl heç bir yoxlama aparılmadan əlillik təyin etdilər, indi o müddət bitib və bizim tibbi sosial ekspert komissiyaları və səhiyyə müəssisələri həmin şəxslərin yenidən müayinəsini, sağlamlıq vəziyyətini, əlillik üçün əsasının olub-olmamasını araşdırmalıdır. Bu araşdırma çox ciddi şəkildə aparılmalıdır. Çünki məqsəd şəffaflığı təmin etməkdir”.

F.Talıblı vurğuladı ki, hazırda qazilərlə bağlı hər hansı problem görmür: “Sadəcə, bir neçə hal olmuşdu ki, onlara təyin edilən qruplarla bağlı narazılıq etmişdilər. Hesab edirdilər ki, məsələn, onlara ikinci qrup əlillik təyin edilməlidir, amma Tibbi Sosial Ekspert Komissiyası ona 3-cü qrup təyin edir. Biz onları da əsaslandırırdıq ki, bizim ekspertlər bunu özlərindən müəyyən etmirlər. Təsdiq edilmiş meyarlar var, dünya praktikası əsasında hazırlanmış qaydalar var. Hər qrupun özünə uyğun göstəriciləri var. Hansısa göstəricilər üçüncü qrup əlillik təyin etməyə imkan verirsə, ona həmin qrup verilir. Ümumiyyətlə, indiyə qədər Vətən müharibəsində iştirak etmiş, yaralanmış 600-dən çox qazimizə əlillik təyin edilib, bununla əlaqədar 1300-dən çox sosial ödənişlər təyin edilib. Buraya həm təqaüd, həm də müavinət və ya pensiya daxildir. Ona görə də sosial ödənişlərin sayı çoxdur. Bilirsiniz ki, müharibə əlillərinə sosial ödənişlər ümumi səbəbdən əlilliyi olan şəxslərlə müqayisədə xeyli çoxdur”.

İqtisadçı ekspert Natiq Cəfərli  isə bu məsələ ilə bağlı çox sadə həll yolu təklif edir: “Azərbaycanda əlilliyin təyinatı ilə bağlı işlək bir sistemin, insan faktoruna  söykənən bir mexanizmin qurulmaması, doğrusu, əlaqədar orqanlar üçün utancverici bir haldır. Burada hər hansı qəliz məsələ yoxdur ki, bu qədər sosial narazılığa, insanların narazı qalmasına səbəb olsun. Sözsüz ki, faktiki olaraq bütün strukturlar normal çalışsaydı, qazilərlə bağlı qeydiyyatın aparılması, onların keçirdiyi əməliyyatlar, prosedurlar elektronlaşdırılsaydı,  hər qazinin şəxsi işində əksini tapsaydı, bu gün bu problemlər yaşanmazdı. Bu sistemi qurmaq üçün çox böyük texnoloji yeniliklərə ehtiyac yoxdur. Sadəcə, əlaqədar orqanlar vicdanla öz işlərini görməli idilər, qazilərimizin elektron şəxsi işləri yaradılmalı idi. Qazimiz harada yaralanıb, hansı xəsarətlər alıb və ya xəstələnib. Burada söhbət məhdud sayda, uzağı 10-15 min insandan gedir. Elektron qeydiyyatan sonra bir proqram çərçivəsində bu işləri görmək mümkündür. Ancaq   əlaqədar təşkilatlar Azərbaycanda hər zaman olduğu kimi insan faktorunu önə çəkdilər. Hansısa şəxslərin qeyri-qanuni yollarla belə əməllərdə iştirak etməsi mümkündür. Mən bunu istisna etmirəm. Ancaq hansısa şəxslərin bu əməllərinə görə başqaları əziyyət çəkməməlidir. Öz xəstəliyinə, yaralanmasına görə   əlillik dərəcəsi almağa layiq olan insanlar bundan əziyyət çəkməməlidir. Süründürməçiliyə məruz qalmamalıdır”. İqtisadçının sözlərinə görə, bunun çox asan həlli yolu var idi ki, elektron qaydada bütün qazilərimizin şəxsi işləri hazır olmalı idi. Hər bir əməliyyat, hər bir addım, yazılan hər dərman, bütün məsələlər orada qeydiyyata alınmalı idi. Həkimlərin verəcəyi qərar nəticəsində də əlillik dərəcəsi müəyyənləşdirilməli idi. Bu qədər böyütmək, narazılıq yaratmaq, parlamentdən sosial şəbəkələrə qədər hər yerdə müzakirə obyektinə çevirmək əlaqədar orqanların peşəkar olmayan yanaşmasının nəticəsidir ki, bu qədər söz-söhbətə səbəb olublar".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top