Si Cinpin və Mişelin Bakıya zəngi: Azərbaycan qlobal proseslərdə aparıcı ölkəyə çevrilib

SİYASİ 03 iyn 2021, 17:44
İyunun 2-də Pekindən və Brüsseldən Bakıya edilən zənglər Azərbaycanın qlobal proseslərdə əhəmiyyətli oyunçu olduğunu növbəti dəfə sübut etdi. Dünyanın güc mərkəzləri Bakı ilə işləməkdə, əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbəti, müzakirələrdə toxunulan məsələlər bunun bariz nümunəsidir.

Regional güc olan Azərbaycan artıq qlobal siyasətdə həll edici aktorlardan biridir. Bunu Şərqdə də, Qərbdə də belə qəbul edirlər. Təsadüfi deyil ki, 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-logistika mərkəzi məhz Azərbaycandır.

Çin-Azərbaycan münasibətləri...

Post-Covid dövründə yaranan yeni dünya nizamında Çin aparıcı qlobal güclərdən birinə çevrilib. Bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəm bizim üçün əhəmiyyətlidir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə əlaqələrin qurulması, siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq inkişaf edən xətt üzrə davam edib.  

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin mart ayında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildi və ikitərəfli əlaqələrimiz  keyfiyyətcə yeni mərhələyə yüksəldi. Bu gün Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətlərinə əsaslanır.

Prezident İlham Əliyevin ÇXR-ə 2015-ci il dekabrın 8-11-də dövlət səfəri, 2019-cu il aprelin 24-27-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün işgüzar səfəri də ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadı.

2019-ci ildə Çinə səfəri zamanı Si Cinpinlə görüşdə Çin rəhbərinin “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram” fikri də Prezident İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza ona olan inam və etimadın nümunəsidir.

Azərbaycan və Çin liderləri qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edir, iki ölkə beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycanın Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

ÇXR sədri Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi və qarşılıqlı dəstəyi artırması, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə fikirləri də Azərbaycanın regionda və dünyada çəkisi, nüfuzu və önəminə verilən qiymətdir.

Çin Xalq Respublikası tərəfindən 2013-cü ildə irəli sürülən “Bir Kəmər Bir Yol” təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb. Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılmasında vacib tərəfdaşdır. Bu təşəbbüsə ilk dəstək verən ölkələrdən biri kimi Azərbaycan ev tapşırığı olan layihələri reallaşdırıb. Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, hazırda isə yeni yaradılacaq Zəngəzur dəhlizi Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut yaradılır.

Bu layihələr bütün region ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına xidmət edir. Ermənistan da ağıllı siyasət yürüdəcəyi təqdirdə yeni yaradılacaq imkanlardan yararlana biləcək.

Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməsi də iki ölkənin münasibətlərinə müsbət təsir edən məqamlardandır. Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olması da vacib məqamlardandır. Bu, Azərbaycanın keyfiyyətli məhsul ixracı potensialından xəbər verir. Böyük dövlət olan Çin də bu məhsulların idxalında maraqlıdır.

Çin və Azərbaycan qlobal bəla olan COVİD-19 pandemiyasına qarşı birgə mübarizə apardılar.

Avropa İttifaqı-Azərbaycan münasibətləri...

Çin lideri ilə eyni gündə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi digər qlobal mərkəzin ölkəmizə olan marağının təzahürü idi. Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir, Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Təsadüfi deyil ki, ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxu Aİ-nin payına düşür.

Avropa İttifaqı daim balanslı siyasəti ilə ədalətli mövqe sərgiləyib. 44 günlük müharibə dövründə də Aİ eyni xətti davam etdirdi. Yalnız Fransa ermənipərəst mövqeyi ilə seçildi. Aİ isə balanslı mövqeyini davam etdirir. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi də bunun bariz nümunəsidir. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Şərq Tərəfdaşlığı Proqramı, ikitərəfli saziş və s tərəfdaşlığın nəticələridir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ-nin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi Prezident İlham Əliyevin çağırışına müsbət cavabdır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə bildirmişdi ki, “Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var”.

Avropa İttifaqı münaqişələrin tənzimlənməsi və sülhün yaradılmasında, xüsusilə minadan təmizləmə sahəsində böyük təcrübəyə malik olması da Cənubi Qafqazda sülhə böyük töhfə verə biləcəyi deməkdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında birgə iqtisadi layihələr mövcuddur, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə isə ölkəmizin Brüssel üçün əhəmiyyətindən xəbər verir.

Hər iki zəng və aparılan müzakirələr Azərbaycanın qlobal proseslərdə aparıcı ölkə olmasından xəbər verir.

Zaur Hacılı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top