Politoloq: "Ermənilər istəsələr də, istəməsələr də Zəngəzur dəhlizi açılacaq"

QARABAĞ 27 may 2021, 16:54
"Bir neçə gün əvvəlki hadisələrə toxunsaq, düşünürəm ki, Müdafiə Nazirliyi 5 köməksiz əsgəri orda yerləşdirməməli idi. Həmin ərazidə nə rabitə vardı, nə də müşahidə üçün məntəqə, qurğu qurulmuşdu. Bu da onu göstərir ki, təəssüf ki, ya Müdafiə Nazirliyində, ya da Dövlət Sərhəd Xidmətində hələ də qeyri-peşəkarlar qalmaqdadır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan zabit, politoloq Elçin Axundzadə ermənilər tərəfindən sərhəddə törədilən son təxribatlarla bağlı danışarkən deyib:

Elçin Axundzadə bildirib ki, Ermənistanın müharibə etməyə gücü yoxdur:

"Ermənistanın nə ordusu, nə təminatı, nə də lazımi səviyyədə gücü var. Üstəlik, gələn ay Ermənistanda seçkilər keçiriləcək. Partiyalar hansısa təxribatla seçkilərdə qalib gəlməyə çalışır. Bunu sərhəddə baş verən təxribatların bir qolu kimi qiymətləndirə bilərik.
 
Üçüncü dövlətin də bu hadisələrdə iştirakı mümkündür. Rusiya həm Ermənistana, həm də Azərbaycana yaxınlığı itirmək istəmir. Nəzərə alaq ki, Ermənistanda Rusiyanın bazası qalmaqdadır. Ona görə də, Müdafiə Nazirliyində peşəkarlar fəaliyyət göstərməli, hər an baş verə biləcək təxribata hazır olmalıdır. Hazırda lokal müharibədən söhbət gedə bilməz, Ermənistan ancaq belə təxribat addımları ilə hansısa məqsəd güdə bilər ki, Azərbaycan bunun qarşısını uğurla alır. Üstəlik, ərazidə Türkiyənin monitorinq qrupu var və onlar bu addımı vaxtında müəyyən edə bildi". 

Politoloq qeyd edib ki, Ermənistanın bu addımları Paşinyanın üzərinə götürdüyü vəzifələri kölgədə qoya bilməz:

"Düşünürəm ki, Ermənistanın bu cür təxribatları gözlənilməz deyildi və davam edə bilər. Azərbaycan hər cür situasiyaya hazırdır. Xalqımız da müharibə dövründə olduğu kimi dövlətin ətrafında birləşməlidir. İnanıram ki, zaman Azərbaycanın xeyrinə işləyir. 

Əminəm ki, ən yaxın zamanda Zəngəzur dəhlizi də açılacaq. Bu, bizim üçün böyük nailiyyət olacaq. Ermənilər istəsələr də, istəməsələr də bu dəhliz açılacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı Paşinyan öhdəlik götürüb və bunu yerinə yetirməlidir".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top