"Vaksinasiya prosesini genişləndirsək, bütün məhdudiyyətləri aradan qaldıra bilərik" — Deputat

SOSİAL 26 may 2021, 19:14
"Hazırda dünyada vaksinlər üzərindən mübarizə gedir. Ümumi vaksinlərin 70 faizə qədəri inkişaf etmiş ölkələr tərəfindən alınıb, bir çox ölkə isə vaksin çatışmazlığından vəziyyət çəkir. Azərbaycan isə belə ölkələrdən fərqli olaraq, dövlət başçısının vaxtında verdiyi qərarlar nəticəsində, həmçinin şəxsi nüfuzu sayəsində vaxtında lazım olan qədər vaksin idxal edə bilmişik". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov vaksinasiya prosesi barədə danışarkən deyib.

Deputat bildirib ki, zamanında verilən qərarlarla Azərbaycan inkişaf etmiş ölkələrlə eyni vaxtda kütləvi vaksinasiya prosesinə başlayıb:

"Hazırda ölkəmizdə əsasən üç vaksindən istifadə edilir. Azərbaycanda vaksin çatışmazlığından söhbət gedə bilməz. İnsanlar vaksinasiyaya həvəsli olmalıdırlar. Ölkəmizdə pandemiyaya son qoyulması vaksinasiyadan keçir. Pandemiya ilə mübarizədə müsbət dinamikanın əldə olunmasının əsasında vaksinasiya dayanır. Həmçinin, insanların qoyulan qadağalara və qaydalara daha ciddi əməl etməsi də bu dinamikaya öz təsirini göstərib. Əhalinin 2 milyona yaxın hissəsi peyvənd olunub. Vaksinasiya prosesinin əhatə dairəsini genişləndirə bilsək, digər bütün məhdudiyyətləri aradan qaldıra bilərik. Əhalinin müəyyən hissəsinin immunitet qazanmasından sonra mayın 31-dən və iyunun 10-dan müəyyən yumşaldılmalarla bağlı qərarlar verildi. Qısası, ənənəvi həyata qayıtmaq üçün yeganə yol vaksinasiyadan keçir".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top