İcra başçısı həyat yoldaşına avtomobil aldı — Yarım milyon qiyməti var

GÜNDƏM 26 may 2021, 11:06
"Həbsxanada onu yoluxmağa getməmişəm. Vilyam Hacıyevin istintaqı hələ davam edir, bir yenilik yoxdur. Yəni camaatda nə məlumat varsa, mən də onu bilirəm. Allah qapısını açsın, nə deyim vallah”.

Demokrat.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İmişlinin keçmiş icra başçısı, əmisi oğlu Vilyam Hacıyevdən danışarkən deyib.
 
O, həmçinin ölkədə korrupsiya faktı ilə tutulan digər icra başçılarından da danışıb:
 
"Hazırda ölkədə korrupsiya ilə güclü mübarizə gedir. Burada icra başçıları, komitə sədrləri tutuldu. Zaman-zaman mən çalışmışam ki, mütəmadi olaraq bu problemləri dilə gətirim. Mən hər zaman Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun bütün qanunsuz əməllərini ifşa edirdim. Deyəndə ki, qaval çalan Şəmkir rayonunu yeyib dağıdır, süni görüntü yaradır, dövlətçiliyə xas olmayan hərəkətlər edir, məni topa tutdururdu. Çox şadam ki, dediklərim təsdiqini tapdı və o, əliqandallı Bakıya gətirildi”.
 
Hafiz Hacıyev qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçılarının da adını çəkib:
 
"Məsələn yeni təyinat alan gənc icra başçılarını götürək. Xaçmazın yeni icra başçısı əvvəlki başçıya rəhmət oxudur. Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Yoxsa, nə oldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı. Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”. 
 
Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev adı qalmaqallarda ən çox hallanan icra başçılarından biridir.
 
Bir müddət əvvəl onun Çexiya, Ukrayna və Avropanın digər ölkələrində iri biznes şəbəkəsinin olduğuna dair faktlar, sənədlər yayılıb. Ziyəddin Əliyev 5 ildir ki, Quba Rayon icra başçısıdır.(bizim.media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top