Deputat: “Bayden Azərbaycanın terrorun qarşısında dayanan güc olduğunu qəbul etdiyini göstərmiş oldu”

GÜNDƏM 26 may 2021, 08:43
"Vətən müharibəsi ilə yaranan yeni geosiyasi reallıq dünya dövlətlərinin Cənubi Qafqaza münasibətdə davranışlarında ciddi dəyişikliyə səbəb olub”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bu dəyişiklik xüsusən, qlobal güclərin münasibətlərində özünü daha çox biruzə verir: “Biz ABŞ prezidenti Cozef Baydenin 28 May - Respublika Günü münasibətilə təbrik mesajında  diplomatik etika naminə yazılmış mətndən çox yeni şəraitdə gələcəyə yönəlmiş əməkdaşlığın konturlarının müəyyən edilməsi məzmununu hiss etməkdəyik. Heç şübhəsiz ki, İran və Rusiya kimi dövlətlərin əhatəsində öz müstəqilliyini hifz edə, hər iki güc mərkəzi ilə bərabərhüquqlu münasibətlər qura bilmiş Azərbaycan ABŞ-ın bölgədə maraqlarının müdafiəsi üçün həyati əhəmiyyətə malik geosiyasi məkandır. Baydenin Vaşinqton və Bakının uzun illər təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə uğurlu fəaliyyətini xatırladaraq əməkdaşlığın dərinləşməsində marağını xüsusi ifadə etməsi də məhz bu kontekstdən izah oluna bilər.

Həmçinin, Baydenin 2 məsələyə, Cənub Qaz Dəhlizinin işə salınması və Xəzərdəki "Dostluq" yatağının Türkmənistanla birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşmaya əlavə diqqət ayırması da təsadüf deyil. Etiraf edək ki, suveren iradə olmadan rəsmi Bakı bu iki mürəkkəb addımdan heç birini ata bilməzdi. ABŞ liderinin bu məsələyə diqqət çəkməsi və proseslərin gedişatına qətiyyətli dəstək ifadə etməsi əslində post-müharibə dövründə Azərbaycanın suveren mövqeyinin güclənməsi prosesinin intensivləşməsinə xidmət edəcək. Eyni zamanda, Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi dəstəyi qabartmaqla isə ABŞ lideri hazırkı həssas dönəmdə rəsmi Vaşinqtonun Azərbaycanın terrorun qarşısında dayanan güc olduğunu qəbul etdiyini göstərmiş oldu".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top