Ağcabədidə bələdiyyə sədri vətəndaşlara və dövlətə necə ziyan vurub? — Şok təfərrüat

HADİSƏ 24 may 2021, 12:33
Ağcabədi rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində işləmiş Bayram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bayram Cəfərov 1 yanvar 2000-ci ildən 30 yanvar 2010-cu ilədək Ağcabədi rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində, sonuncu tarixdən 2011-ci ilin sonuna qədər isə həmin bələdiyyənin sədr müavini vəzifəsində işləyib.

O, aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə torpaq sahəsi almaq üçün 2011-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə müraciət edən Ağcabədi rayonu Aran kəndində faktiki məskunlaşmış Laçın rayonu Qarakeçdi kənd sakini Misir Misirova həmin kənd ərazisində yerləşən Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin balansında olan Aran 1 sunasos stansiyasının, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasınının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonu Aran kənd sakinləri Əmrahov Nuruş İsgəndər oğlu, Əmrahova Zeynəb Fərman qızı, Əmrahov Məzahir Nuruş oğlu, Əmrahov Tahir Nuruş oğlu, Əhmədov Aqil Əliş oğlu, Şirinov İsa Şahmalı oğlu, Kərimova Samilə Surxay qızı, Kərimov Yedigar Allahqulu oğlu, Ağayeva Ruquya Həsən qızı, Vəliyev Kamil Xanlar oğlu, Vəliyev Bəylər İsmayıl oğlu və Musayeva Nazilə Tapdıq qızının mülkiyyətinə (pay torpağı) verilmiş, lakin faktiki olaraq Ağcabədi rayonu Aran Bələdiyyəsinin istifadəsində olan 19 ha və 11 ha olmaqla cəmi 30 hektar torpaq sahələrini guya özünün mülkiyyətində olan sahə kimi və Aran kəndində istifadəsində olan 0,80 hektar torpaq sahəsində yerləşməklə faktiki istifadəsində olan qoyun fermasını bütün tikililəri ilə birlikdə 20.000 manata satışa çıxardığını və ona sata biləcəyini Misir Misirova bildirib.

Bayram Cəfərov Misir Misirovu inandırmaq üçün guya 23 fevral 2006-cı il tarixli Aran Bələdiyyəsinin əmri ilə və eyni tarixli icarə müqavilələri ilə qohumları Həsənov Zahid Əliheydər oğlu, Rüstəmov Sahib Fazil oğlu, Quliyev Yaşasın Saməddin oğlu və Cəfərova Ayna Qanboy qızına Aran bələdiyyəsi tərəfindən torpaq sahəsinin icarəyə verilməsi görüntüsü yaradan 23 fevral 2006-cı il tarixli 2 №-li əmrləri və eyni tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələri 2011-ci ildə mart ayında istintaqla müəyyən edilməyən gündə tərtib edib və Misir Misirova nümayiş etdirib. O, Misir Misirovdan 20.000 manat pul vəsaitini alıb və şəxsi ehtiyaclarına sərf edib.

İstintaq orqanı tərəfindən Bayram Cəfərovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Bayram Cəfərovun Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməyib.

İş üzrə mülki iddia qismən təmin edilib. Bayram Cəfərovdan 20000 manat məbləğində pulun alınaraq Misir Misirova ödənilməsi hökm edilib.

Hökmdən narazı qalan Misir Misirov apelyasiya şikayəti verib. O, qeyd edib ki, Bayram Cəfərovun əməlləri nəticəsində 60 min 220 manat ziyan çəkib. O, mülki iddiasının tam təmin edilməsini istəyib.

Bundan başqa, Bayram Cəfərovun vəkili də apelyasiya şikayəti verib və mülki iddianın təmin edilməməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Bayram Cəfərovun müdafiəçisinin və Misir Misirovun apelyasiya şikayətləri təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top