“Səfər Mehdiyev könüllü istefa verməyəcək“ — MÜSAHİBƏ

MÜSAHİBƏ 20 may 2021, 22:48
İqtisadçı-ekspert Natiq Cəfərlininin Yenisabah a müsahibəsi:

– Natiq müəllim, Bakı Baş Gömrük İdarəsində şöbə rəisi və baş inspektorların həbs edilməsi sizin üçün gözlənilməz olmadı ki? 

– Əslində, Gömrük Komitəsi müstəqillikdən üzü bəri daima korrupsiyada adı hallanan, iş adamlarının ən çox şikayət etdiyi qurumdur. Orada korrupsiya faktlarının, gömrüklə bağlı inhisarçılığın və qiymət artımının mövcudluğu kifayət qədər ciddi müzakirə olunur. Düzü, bu həbslər mənim üçün sürpriz olmadı. Hətta düşünürəm ki, çox ciddi araşdırmalar aparılsa, daha böyük korrupsiya faktlarını da üzə çıxarmaq mümkün olar.

– Sizcə, gömrük orqanları üçün hansı problemlər xarakterikdir?

– Gömrük orqanlarının əsas problemi gömrük fəlsəfəsinə uyğun fəaliyyət göstərməməsidir. Bu, qanunvericilkdən də doğan problemdir. Belə ki, qanunvericilik təkmilləşməlidir. Gömrük yaradıldığı dövrdə daxili istehsalçı və daxili bazarın qorunması üçün nəzərdə tutulmuşdu. Bizdə isə bu qurum daxili istehsalçı və daxili  bazarı qorumaq üçün fəaliyyət göstərmir. Bizdə gömrük sanki ayrıca bir təşkilatdır və öz qanun-qaydaları ilə fəaliyyət göstərir. Hətta rəsmi invoyslara belə inanmır, özü qiymət hesablayır, bundan sonra vergi və gömrük dərəcələrini ayrıca hesablayıb çıxarır. Ölkə qayda-qanunları bir tərəfdə, gömrüyün işləmə qaydaları digər tərəfdədir. Bu qayda dəyişməlidir.

– Belə bir təklif var ki, Gömrük  Komitəsinin müstəqil fəaliyyəti sonlandırılmalı və o, müvafiq dövlət qurumuna birləşdirilməlidir, bu barədə siz nə düşünürsünüz?

– Gömrük Komitəsinin ayrıca müstəqil bir qurum kimi fəaliyyət göstərməsinin heç bir əhəmiyyəti yoxdur. Dünyada çox nadir ölkələrdə belə bir praktika var. Bir çox ölkədə gömrük ya Vergilər, ya da Maliyyə Nazirliyinin tərkibində olur. Bizdə hazırda vergi orqanları İqtisadiyyat Nazirliyinin tərkibindədirsə, gömrük də həmin nazirlin tabeliyinə verilməlidir. Gömrük və vergi siyasətinin bir mərkəzdən idarə olunması daha doğru qərar olar.

– Gömrük orqanlarının şəffaf fəaliyyət göstərməsi üçün hansı addımlar atılmalıdır?

– Birincisi, qanunvericilik təkmilləşdirilməlidir. İkincisi, gömrük rüsumlarının hesablama qaydaları çox konkret tərtib edilməlidir, insan müdaxilələrinə açıq olmamalıdır. Üçüncüsü də əvvəldə də qeyd etdiyim kimi, müstəqil qurum kimi fəaliyyət göstərməsinin əhəmiyyəti yoxdur, ya İqtisadiyyat, ya Maliyyə nazirliyində birləşdirilməlidir.

– Qeyd etmisiniz ki, Səfər Mehdiyev bir müddət əvvəl Gömrk Komitəsində korrupsiya faktının aşkarlanacağı təqdirdə istefa verəcəyini deyib. Bununla bağlı proqnozunun nədən ibarətdir, nə vaxtsa Mehdiyevin könüllü şəkildə öz vəzifəsindən əl çəkəcəyini düşünürsünüz?

-Bizdə istefa mədəniyyəti, təəssüf ki, yoxdur. Çünki bizdə vəzifələr siyasi vəzifə deyil. Dünya praktikasında isə belədir ki, siyasi vəzifə olanda istefa mədəniyyəti yaranır. Yəni hansısa bir partiya təmsilçisi gedib dövlət və hökumət vəzifəsi tutur, skndalla qarşılaşanda isə istefa verir ki, öz partiyalarına ziyan gətirməsin. Bizdə YAP-ın adı iqtidar partiyası olsa da, faktiki olaraq iqtidar partiyası deyil. Belə ki, iqtidar partiyasının öz hökuməti, parlamentdə fraksiyası olur. O fraksiya parlamentdə dinləmələr keçirir, hökumətin təsdiqində iştirak edir. Yəni özü təkliflər, namizədlər verir. Bizdə təyinatlı vəzifələr olduğuna görə onların istefa mədəniyyəti də formalaşmayıb. Azərbaycanda vəzifə istənilən məmurun qoruyucu qalxanıdır. Ona görə istefa vermirlər ki, bu addımdan sonra birdən-birə hər şey şəffaflaşır, bütün saytlarda həmin məmurların varidatı haqqında ətraflı məlumat peyda olur. Sanki bu günədək heç kimin baş verənlərdən xəbəri yoxmuş və bir günün içində hamının xəbəri olub. Bu, doğru yanaşma deyil. Mən düşünmürəm ki, Səfər Mehdiyev könüllü istefa versin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top