"Öz gözündə tiri görməyən Fransa başqasının gözündə tük axtarır" — AÇIQLAMA

GÜNDƏM 14 may 2021, 18:41
“30 il ərzində - Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan böyük güclərin ermənitərəf siyasətinin şahidi olmuşuq. Biz bunu ATƏT-in Minsk qrupunun həmsədrlərinin timsalında da görmüşük. Bu illər ərzində həmsədr ölkələrin tutduğu mövqe işğalçılıq rejimin qorunub saxlanmasına yönəlmişdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib:

“Xatırlamaq lazımdır ki, digər beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət, yaxud Sərsəng su anbarı ilə bağlı sənədlər hazırlayıb, yeni qərarlar qəbul etmək istəyərkən Minsk qrupu buna mane olmuş, bunun onların “inhisarında” olduğunu bildirmişdi. Onlar bildirmişdilər ki, guya onlardan xəbərsiz hansısa qərar qəbul edilə bilməzdi. Bu illər ərzində bəhs etdiyimiz güclər nə Azərbaycanın işğal edilmiş torpaqları, nə məcburi köçkünlər, nə də işğal altında qalan, dağıdılan abidələr haqda qərarlar qəbul edib, əməli addımlar atıb. Biz 44 gün ərzində Fransanın mövqeyinin şahidi olduq. Fransa tərəfi müharibə dövründə bir neçə dəfə açıq-aşkar Ermənistanı dəstəkləyən açıqlamalar verdi. Fransa hökuməti Şuşanın azad edilməsini də qəbul etmək istəmirdi. Amma onlar Gəncəyə, Bərdəyə, Mingəçevirə ballistik raketlərin atılması, mülki vətəndaşlarımızın həlak olması barədə heç bir fikir bildirmədilər”. 

Professor bildirir ki, Fransanın bu mövqeyi tutmasının bir səbəbi də Azərbaycanın uğurlu siyasətidir:

“Azərbaycanın müharibədən sonra yürütdüyü siyasət, öz tarixi torpaqlarını bərpa etməsi, sərhədlərini yenidən qurması onlarda qıcıq oyadır. Zəngəzurun, indi Azərbaycan Ordusunun mövqe tutmaqda olduğu ərazilərin Azərbaycana məxsus olması onları narahat etməyə bilməzdi. Bu, bizim daxili işimizdir, prezident də son vaxtlar bu barədə açıq-aşkar mesaj göndərdi və bildirdi ki, Fransa və Kanada öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Öz gözündə tiri görməyən Fransa başqasının gözündə tük axtarır. Makron öz ölkəsində insan hüquqlarının pozulmasının, vaxtilə müstəmləkə və soyqırımı siyasəti yürütməsinin üzərindən keçib Azərbaycanın daxili məsələsinə qarışmağı üstün tutur. Azərbaycan BMT-nin qətnamələrini əsas gətirərək, əks-hücum əməliyyatları yerinə yetirdi və torpaqlarını azad etdi. Bununla da biz BMT-nin işləməyən mexanizmlərini işlək vəziyyətə gətirdik. Bütün bunlar göstərir ki, son 30 ildə Ermənistan himayə edilib. Bu gün də o himayədarlar eyni köməyi davam etdirir və inanmıram ki, yaxın gələcəkdə bu ikili yanaşma başa çatsın. Bu onu göstərir ki, hazırda bizə qarşı, uğurlu siyasətə qarşı qısqanclıq var”. 

Onun sözlərinə görə, bu cür qüvvələrin olması Azərbaycanın haqq mübarizəsinə təsir etməyib və etməyəcək:

“Makronun paylaşımı Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, uğurlu siyasətini istəməyən qüvvələrin əksidir. Prezidentin dediyi kimi biz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, öz ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində əməliyyatlar apardıq. Bu, bizim öz daxili işimizdir, haqq işimizdir və heç kim bu məsələdə bizə şərt qoya, diqtə edə bilməz. Fransa və onun kimi işğalçı rejimi, Ermənistan kimi dövləti dəstəkləyən ölkələr öz işləri ilə məşğul olmalıdır. Təəssüf ki, kənardan işimizə qarışan, erməniləri müdafiə edən qüvvələr uzun illər olub, bu gün var və sabah da olacaq. Güclü Azərbaycan Ordusu, güclü iqtisadiyyatımızla bu kənar qüvvələrin təsirindən hər zaman qorunub, öz müstəqilliyimizin ən gözəl anlarını yaşayacağıq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top