"Dünyaya mesaj verildi ki, kimsə Azərbaycanın daxili işinə qarışmasın" — Komitə sədri


GÜNDƏM 13 may 2021, 18:41
“29 ildən sonra Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsi çox qürurverici haldır. Bu münasibətlə ilk növbədə prezidenti, vitse-prezidenti, xalqımızı təbrik edirəm”. 

Bu sözləri Demokrat.az saytına Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. O, Şuşada keçirilən “Xarıbülbül” festivalı ilə bağlı fikirlərini bölüşüb:

“Bu festival göstərdi ki, biz ora daimi qayıtmışıq və bu ərazilərdə əbədi yaşayacağıq. Bu, prezidentin verdiyi mesajlardan biri idi. Festivalda müxtəlif xalqların nümayəndələri çıxış etdilər. Azərbaycan çoxmillətli ölkədir və bizim gücümüz həm də bundadır. Vətən müharibəsində milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan xalqı adı altında birləşdi və zəfərimizdə bu xalqların nümayəndələrinin də payı var. Buna görə də, müharibə zamanı Azərbaycanın yanında olan, xalqa, döyüşçülərə dəstək verən bütün xalqlara, insanlara təşəkkür edirəm”. 

Şuşanın bərpa edildiyini və bu istiqamətdə ciddi işlərin getdiyini bildirən deputat vurğuladı ki, bu tədbir Xankəndidə olan ermənilər üçün həm də ciddi mesaj olub:

“Şuşa artıq bərpa edilir, prezidentin dediyi kimi, Şuşa artıq dirçəlir. Şəhərdə müəyyən obyektlər tikilib və tikilməkdədir. Belə bir festivalın təşkili indi orda yaşayan erməniləri narahat etməyə bilməz. Festivaldan sonra olan atəşfəşanlığı yəqin ki, Xankəndidə olan ermənilər də izləyiblər. Onlar da gördülər və əmin oldular ki, azərbaycanlılar bura əbədi qayıdıblar. Bu tədbirdə həm də dünyaya mesaj verildi ki, kimsə Azərbaycanın daxili işinə qarışmasın. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bundan sonra da qəbul edilmiş bəyanata uyğun olaraq öz işlərini davam etdirəcək. 

Tədbirdə prezident Ermənistanda revanşist qüvvələrin baş qaldırması ilə bağlı vacib mesaj verdi. O, bildirdi ki, belə qüvvələr baş qaldırsa, “Dəmir yumruq” yerində olacaq. Onlar bu dəfə elə zərbə alacaqlar ki, bir də heç vaxt Qarabağ sözünü dillərinə də gətirə bilməyəcəklər. Bu, Azərbaycanın gücü, prezidentin iradəsidir. Bu, Azərbaycan Ordusu, Azərbaycan xalqıdır və bunlar hamısı birləşəndə “Dəmir yumruq” yaranır. Azərbaycanın müstəqilliyi və sərhəd toxunulmazlığı əbədidir”.

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top