Arif Rəhimzadə: “Ən çətin, böhranlı zamanda xalq ümidini Heydər Əliyevə bağlamışdı”

GÜNDƏM 10 may 2021, 12:44
Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı danışan YAP-ın idarə heyətinin üzvü Arif Rəhimzadə Demokrat.az-a açıqlamasında Heydər Əliyevin çətin şəraitdə gördüyü işlərdən və xalqın liderinə çevrilməsindən danışıb:

“Azərbaycanın yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, gördüyü işlər isə şəxsi hünər rəmzinə çevrilmişdir. O, geriliyin, xalqdakı inamsızlığın aradan qaldırılmasına nail oldu. Onun rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər edildi. Kənd təsərrüfatı inkişaf etdi, mühüm sosial dəyişikliklər aparıldı. 
Heydər Əliyevin rəhbərliyi ilə sənayenin inkişaf proqramı  həyata keçirildi. 

Azərbaycanda elektrotexnika, cihazqayırma, elektronika, dəzgahqayırma kimi mütərəqqi, elmtutumlu sahələrə aid yüzlərlə iri birlik, müəssisə və zavodlar yaradıldı. Energetika, neft kimyası, tikinti sənayesi güclü təkan aldı. Neft maşınqayırması və neftayırma zavodları müasirləşdirildi.

Elm, ədəbiyyat, mədəniyyət, incəsənət parlaq inkişaf yolu keçdi. Azərbaycan xalqının mədəni və tarixi irsi geniş təbliğ edildi. Azərbaycanın görkəmli xadimləri ölkədə və onun hüdudlarından kənarda böyük rəğbət qazandılar.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, Azərbaycan  parçalanmaqdan xilas oldu. Heydər Əliyevin böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın üzərindəki təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı.

Heydər Əliyev iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr ərzində güclü, iradəli şəxsiyyət kimi yadda qaldı. Bu dövr dövlətçiliyimizin və xalqımızın milli şüurunun formalaşmasında tarixi bir mərhələdir. 

O, verdiyi qərarlarda şəxsi məsuliyyətdən qaçmırdı. Ulu Öndər rəhbərlik istedadı ilə hər kəsin və bütövlükdə millətin şərəf və ləyaqətini qorudu.

O, gördüyü işlərlə, verdiyi qərarlarla insanların qəlbinə yol tapdı, xalq ona böyük inam bəslədi. Azərbaycan tarixinin ən çətin, böhranlı zamanında xalq ümidini, inamını məhz Heydər Əliyevə bağlamışdı”.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top