“Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirildi


SOSİAL 07 may 2021, 19:20
Mayın 7-də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib.

Demokrat.az
-ın xəbərinə görə, videokonfransda çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ümummilli liderimiz Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir. A.Rəhimzadə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət  Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və atılan inamlı addımlar  nəticəsində Azərbaycan keçmiş SSRİ-nin aqrar respublikasından sənaye-aqrar respublikasına çevrildi, yeni sənaye müəssisələri yaradıldı. Nəticədə Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön sıralara çıxdı.

Arif Rəhimzadə diqqətə çatdırıb ki, həmin dövrdə də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları mövcud  idi. Amma ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan  sonra ermənilərin bu iddialarının qarşısını qətiyyətlə aldı.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Heydər Əliyev dühası, Ümummilli Liderin çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı.

Arif Rəhimzadə söyləyib ki, ulu öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir. Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir: “2003-cü ildə cənab İlham Əliyev xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, Azərbaycan heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur, Azərbaycan bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bununla da Azərbaycanın inkişafının yeni mərhələsi başlandı.”

Videokonfransda çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Heydər Əliyev elə bir düha, elə bir dahi şəxsiyyətdir ki, haqqında nə qədər yazılsa da, Onun zəngin həyat və fəaliyyətini tam əhatə etmək mümkün deyil: “Heydər Əliyev həmişə xalqına arxalanıb və ondan güc alıb. Onun dediyi “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” sözləri həyatda həmişə təsdiqini tapıb. Respublikamızın  keçmişinə nəzər salsaq, görərik ki, Ulu Öndər Ona qədər respublikanı idarə edənlər içərisində bütün varlığı və milliliyi ilə xalqının bu gününə və gələcəyinə xidmət edən, azərbaycançılıq ideyasını ön plana çəkən  yeganə rəhbər olub. Yalnız ulu öndər Heydər Əliyev 1969-cu ildə ölkəmizə rəhbərlik etdikdən sonra  milli kadrlara yol açıb”.

Əli Həsənovun sözlərinə görə, milli birlik və həmrəylik, ictimai-siyasi sabitlik, müasir dünyanın tələblərinə uyğun iqtisadi inkişaf həmişə Ulu Öndərin dövlət idarəçiliyində prioritet istiqamətlər olub: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox çətin sınaqlarla, təhlükələrlə üz-üzə qalmışdı. Belə bir dövrdə xalq vəziyyətdən çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı.  Belə bir mürəkkəb dövrdə erməni təcavüzkarlığına  qarşı mübarizə aparmaq, ictimai-siyasi sabitliyi bərpa etmək,  iqtisadi islahatlar həyata keçirmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, qaçqın və məcburi köçkünlərə qayğı göstərmək, beynəlxalq aləmdə Azərbaycanı tanıtmaq və onun dünyada layiqli yerini müəyyənləşdirmək, ölkəmizə inam yaratmaq - bütün bunlar Azərbaycanın qarşısında duran mühüm vəzifələr idi. Ümummilli Lider müdrikliyi, sarsılmaz iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə  bu vəzifələrin öhdəsindən şərəflə gəldi, Azərbaycanı məhv olmaqdan xilas edərək inkişaf yoluna çıxardı. Heydər Əliyev xalqın və dövlətin xilaskarı oldu. Məhz Onun müəyyənləşdirdiyi siyasət ölkəmizin uğurlarının əsasını təşkil edir.”

Bu gün Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini deyən Əli Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın   rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərlə Azərbaycan dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi.

 YAP Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist Tahir Məmmədov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirən əsas amillərdəndir. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin araşdırılması nəticəsində yaradılan yeni əsərlər müasir siyasi elmdə əhəmiyyətli yer tutur.

T.Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin müstəqiliyinin möhkəmləndirilməsində və inkişafının təmin edilməsində  müstəsna xidmətləri olan Heydər Əliyevin zəngin və təkrarolunmaz siyasi, elmi-fəlsəfi irsinin araşdırılması, öyrənilməsi, geniş və hərtərəfli tədqiqi sahəsində böyük işlər aparılır. Bütün bunlar Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Tahir Məmmədov deyib ki, xalqımızın qalib və müzəffər oğlu - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti Ulu Öndərin misilsiz xidmətlərinin uğurlu davamıdır.

YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxışında ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O, ölkəmizdə uğurlu dövlət qadın siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu deyib.

Azərbaycanda qadınların hüquqlarının qorunmasının, onların ictimai fəallığının təşkili məsələsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən Sədaqət Qəhrəmanova vurğulayıb: “Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Azərbaycan qadını da hər zaman Ümummilli Liderin siyasətini dəstəkləyib.”

 S.Qəhrəmanova  diqqətə çatdırıb ki, Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Azərbaycan gəncliyinin uğurlarının təməlində Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti dayanır. Ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikrinin nəticəsi olaraq Azərbaycan gəncliyi öz dövrünün yeniliklərini öyrənərək yetişib. Bu gənclik dövlətinə və millətinə sadiqlik, vətənpərvərlik kimi ali milli dəyərləri mənimsəyərək formalaşıb.

Bəxtiyar İslamov qeyd edib ki, bu gün gənclərimiz Prezident İlham Əliyevin böyük qayğısı ilə əhatə olunublar. Hazırda Azərbaycan gəncliyi böyük bir vəzifənin daşıyıcısıdır. Bu vəzifə peşəsindən, təhsilindən, mövqeyindən asılı olmayaraq Azərbaycanın gələcəyi, daha sürətlə inkişafı və müstəqilliyinin qorunması üçün var gücü ilə çalışmaqdır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top