Bakıya kritik zəng: "Lavrovu Azərbaycana gətirən səbəb…"

SİYASƏT 01 may 2021, 00:25
“İsrail və Azərbaycan arasında diolomatik münasibətlər hələ 1990-cı illərin əvvəllərindən qurulub. Sadəcə olaraq, Azərbaycanın İsraildə səfirliyi açılmayıb. Amma onu da qeyd etmək lazımdır ki, İsrailin Bakıda səfirliyi var. Yəni İsraildə səfirlik açması üçün Azərbaycanın qarşısında heç bir problem yoxdur. Düşünürəm ki, İsraildə ticarət nümayəndəliyi açıldıqdan sonra səfirliyin açılması üçün bir addım yol qalacaq”.

Demokrat.az
politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovun müsahibəsini təqdim edir:

- Rusiya niyə ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasından o qədər də məmun olmadı? Hətta Rusiya hakimiyyətinə yaxın media qurumlarında Baydenin bu qərarına qarşı təbliğatın aparılması da nəzərdən qaçmır...

- Rusiyanın narazılığı ABŞ-ın Türkiyə və Azərbaycana qarşı münasibətindən irəli gəlmir. Rusiyanın yanaşması Amerikanın yürütdüyü siyasətlə bağlıdır. Bu, Ağ Evin Rusiyaya qarşı atdığı addımlara dair narazılığın nümayişidir. Bilirik ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, diplomatik münasibətlərdə problemlər yaranıb, diplomatlar deportasiya edilir. Düşünürəm ki, bunu həmin amillərlə izah etmək olar.

- Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıya hansı təkliflərlə gəlir və ya bu səfərdə məqsəd nədir?

- Fikir verin ki, Lavrovun bu səfəri ABŞ Dövlət katibi Blinkenin Azərbaycan dövlət başçısına zəngindən dərhal sonra elan olundu. Düşünürəm ki, bu, ABŞ-Rusiya münasibətlərindəki qarşıdurmanın nəticəsidir. Hər iki dövlət istəyir ki, onların bu bölgədəki rolu yüksək səviyyədə qalmalıdır. ABŞ hesab edir ki, bundan sonra Minsk qrupu çərçivəsində müəyyən işlər görülməlidir. Blinken də bunu dilə gətirdi. Rusiya da anlayır ki, bölgəni əldən çıxarmamaq üçün öz xarici işlər nazirini bura göndərib, müəyyən məsələləri araşdırmalıdır, öz mövqeyini bildirməlidir.

Əlbəttə, əsas məsələ Azərbaycanın mövqeyidir. Təbii ki, Azərbaycan aparıcı dövlətlərin heç biri ilə olan münasibətlərini pozmaq və korlamaq fikrində deyil. Azərbaycan öz vəzifəsini yerinə yetirib – torpaqlarını işğaldan azad edib. İndi də diplomatik meydanda siyasi oyunlar gedir. Görünür, diplomatik münasibətlərdə müəyyən amillər aktivləşməyə başlayıb. Proseslərin hərbi fazası artıq arxada qalıb. Diplomatik addımlar intensivləşməsi də, aparıcı dövlətlərin burada nümayiş etdirdiyi mövqelərdən irəli gəlir.

- Lavrovun bu səfəri həm də yaxın günlərdə Şuşaya gəlməyi planlaşdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqəli ola bilərmi?

- Əlaqəsi ola bilər. Təbii ki, Türkiyə və Rusiya bölgədə birgə işləsələr də, monitorinq mərkəzində birgə yer alsalar da, hər iki dövlətin yanaşmaları fərqlidir. Ermənistana daha yaxın olan Rusiyadır, Azərbaycanla qardaş və müttəfiq dövlət olan Türkiyədir. Bəlkə də Lavrov qabaqlayıcı bir addım atmaq istəyir. Buna Ərdoğanın səfəri ərəfəsində Moskvanın mövqeyini daha qabarıq şəkildə bildirmək, Rusiyanın bölgədəki yerini bərkitmək, rolunu yüksək səviyyədə saxlamaq və digər geosiyasi proseslərə nəzarətinin davamı kimi də baxmaq olar. Təbii ki, Azərbaycan bütün bunlara baxmayaraq, öz mövqeyini prinsipial şəkildə bildirir və müdafiə edir.

Biz heç vaxt kiminsə, heç bir böyük dövlətin əlaltısı olmamışıq. Eyni zamanda, onlarla münasibətləri yüksək səviyyədə saxlamağa hazırıq. Əlbəttə, bu münasibətlər maraqlarımıza zidd deyilsə... Xüsusən də Rusiyanı nəzərdə tuturam.

- Gündəmdə, eyni zamanda, müzakirə olunan Zəngəzur dəhlizi məsələsi var. Bu dəhliz geosiyasi baxımdan nə qədər önəmlidir – buna reagional, yoxsa qlobal proyekt kimi baxmalıyıq?

- Bu həm qlobal, həm də regional proyektdir. Çünki bu bir sıra dövlətlərin maraqlarına cavab verən bir layihədir. Bu Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, hətta Ermənistanın özünün də maraqlarına cavab verir. İndi Ermənistan bu layihənin həyata keçməsinə əngəllər tərədirsə, bu o demək deyil ki, bu dəhliz açılmayacaq. Sadəcə olaraq, Ermənistan daxilində Paşinyana böyük təzyiqlər var. Bu təzyiqlər həm baş nazirin seçkiqabağı kampaniyası ilə bağlıdır, həm də ona qarşı olan daxili siyasi qüvvələrin istifadə etdikləri vasitə kimi öz əksini tapır.

Əgər bu layihədə marağı olan dövlətlər öz maraqlarını üstün tuturlarsa, buna görə Ermənistana təzyiq etməlidirlər, onun başını sığallamamalıdırlar. Mən Rusiyanı, ABŞ-ı, İranı və Avropanı nəzərdə tuturam.

Bu, bölgədə stabilliyə və təhlükəsizliyə xidmət edən bir layihədir. Bu reallıqdır. Biz də əlimizdən gələni etməliyik ki, bu dəhlizi açaq. Çünki burada Azərbaycanın da maraqları var. Biz bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yolları bərpa edəcəyik. Mütləq şəkildə Azərbaycanın maraqları təmin olunmalıdır.

- İsrail Xarici işlər naziri Qabi Aşkenazi bildirib ki, Azərbaycan ölkəsində səfirlik aça bilər, bu yöndə addımlar atılır. Yaxın perspektivdə bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Səfirlik açılmasa da, bizim rəsmilərimiz bəyan edib ki, İsraildə ticarət nümayəndəliyi açıla bilər. Hər şeyi addım-addım etmək lazımdır. Bəllidir ki, biz indiyədək müəyyən məqamlara görə İsraildə səfirlik açmamışıq. İndi hansısa dövlətlər bir-biri ilə qarşıdurma vəziyyətindədirsə, biz bir sıra məqamları nəzərə alırıq. Amma vəziyyət dəyişir. Biz gördük ki, İsaril 44 günlük müharibədə Azərbaycanın yanında oldu. İsrail əl uzadıb bizi beynəlxalq arenada da dəstəklədi. Bu, Azərbaycan üçün çox önəmli məqamdır.

İsrail və Azərbaycan arasında diolomatik münasibətlər hələ 1990-cı illərin əvvəllərindən qurulub. Sadəcə olaraq, Azərbaycanın İsraildə səfirliyi açılmayıb. Amma onu da qeyd etmək lazımdır ki, İsrailin Bakıda səfirliyi var. Yəni İsraildə səfirlik açması üçün Azərbaycanın qarşısında heç bir problem yoxdur. Düşünürəm ki, İsraildə ticarət nümayəndəliyi açıldıqdan sonra səfirliyin açılması üçün bir addım yol qalacaq./Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top