"Prezidentin dedikləri Ermənistan üçün çox ciddi ismarıcdır" — MÜSAHİBƏ


MÜSAHİBƏ 29 apr 2021, 19:46
Demokrat.az hərbi ekspert Ramil Məmmədlinin SİA-ya müsahibəsini təqdim edir:

- Bilirsiniz ki, cənab Prezident İlham Əliyev aprelin 26-da işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Dövlət başçısının burada verdiyi mesajların əsas hədəfi kimlər idi?

- Cənab İlham Əliyevin Cəbrayıl və Zəngilana səfərinin bu günlərdə olması təsadüfi deyil. Son günlərdə ermənilərdə Azərbaycana qarşı anti-təbliğat prosesləri həddindən artıq güclənib və cinayətkarların yönəlik çox sərt açıqlamaları olub. Paşinyanın hakimiyyətdən devrilməsindən sonra erməni cəmiyyəti radikallaşdı. Bununla bərabər hakimiyyətə Azərbaycanın ərazilərini yenidən işğalına yönəlik siyasətin başladılması üçün qüvvələr gələcək. Belə olan vaxtda Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərə səfər etdi və səfər zamanı cənab Prezident həmin qüvvələrə qarşı açıq fikrini bildirdi. Fikirlərdən biri məhz Zəngəzur ilə bağlı idi. Çünki Zəngəzur Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyan bir bölgədir. Ermənistan Moskvada olan havadarları ilə Zəngəzur bölgəsini oğurlayıb. Cənab Prezident həm Xankəndində oturan cinayətkarlara, həm seçki ərəfəsində aktivləşən Köçaryan və Sarkisyan hakimiyyətinə yaxın olan şəxslərə, həmçinin orduda yenidən hərbi əməliyyatların başlanması tərəfdarı kimi çıxış edən rəhbər şəxslərə yönələn fikirlər səsləndirdi. Söyləmək olar ki, bunu Bakıdan demək mümkün deyildi mi? Amma bunun işğaldan azad olan ərazilərdə - Zəngilanda və Cəbrayılda söylənməsi və xüsusən də yeni hərbi hissənin açılış mərasimində bildirməsi Ermənistan üçün çox ciddi ismarıcdır.

- Hazırda regionla bağlı vəziyyəti necə izah etmək olar? 44 günlük müharibədən sonra sülhməramlıların Qarabağdakı missiyası nə ilə diqqət çəkir?

- Bizim sülhməramlılardan gözləntimiz çox idi. Lakin özünü heç doğrultmadı. Özünü doğrultmayan məqam ondan ibarətdir ki, bu Rusiya və Rusiya hərbi rəhbərliyi üçün şans idi ki, öz ölkəsinin sülhpərvərliyini yenidən bərpa etsin. Çox təəssüf ki, Rusiya və onun təmsil olunan nümayəndələri öz işindən başqa digər işlərlə də məşğul olmağa başladı. Ermənilərin sayının artırılması və oturaq həyat tərzinə çevrilməsi üçün əlindən gələni etmələri idi. Düşünürəm ki, Rusiya növbəti dəfə şansını əlindən buraxdı. Lakin sülhməramlıların hələ də şansı var, ədalətin və sülhün bərqərar olunmasında addım ata bilərlər. Əgər bu proses belə davam edərsə, qarşıdan gələn illərdə 5 ilin tamamı olmadan belə Rusiya sülhməramlılarının dislokasiyası ilə bağlı Azərbaycan cəmiyyətində müəyyən etirazlar baş qaldıra bilər.

- Rus sülhməramlılarının parad keçirmək niyyəti cəfəng, eyni zamanda qıcıq doğuran məsələ olsa da, bu nəyə yönəlikdir? Bu, Rusiya üçün nə deməkdir və regiona nələr vəd edir?

- Rusiya silahlı qüvvələrinin belə bir ənənəsi var ki, Rusiya ordusu harada yerləşirsə həmin ərazidə mayın 9-da qələbə paradı keçirirlər. Düşünürlər ki, bu hərbi paradı Qarabağda da keçirə bilərlər. Azərbaycan cəmiyyətində haqlı olaraq buna narazılıq var. Hesab edirəm ki, Rusiya ermənilərin orada mövcud olmasından başqa həmçinin Cənubi Qafqazın ən böyük və ən güclü dövləti olan Azərbaycanla münasibətlərini korlamamaq üçün bir qədər düşünməlidir.

- Aprelin 24-də qondarma "erməni soyqırımı”nı tanımaqla bağlı ABŞ Prezidenti Co Bayden qərar verdi. Bu qərar türk dünyası tərəfindən bir mənalı qarşılanmadı. Ümumiyyətlə Baydeni bu qərarı verməsinə nə vadar etdi?

- Baydenin fikirləri siyasi məqsəd daşıyır və hər hansı bir hüquqi təzyiq rolunu oynaya bilməz. Əlbəttə Amerika Rusiya münasibətlərinə mənfi təsir etdi. Qarşıdan gələn günlərdə Türkiyə və Amerika münasibətlərində normallaşma görməyimiz inandırıcı deyil. Baydenin özünün hərbi siyasi müttəfiqi olan bir ölkəyə bu addımı atması Amerikanın özünün milli maraqlarına ziddir. Maraqlı məqam budur ki, Bayden hakimiyyətə gələndə Amerikanın milli maraqlarına xidmət edəcəyinə dair fikir səsləndirmişdi. Donald Trampı məsuliyyətsiz çıxışlar etməsindən ittiham edirdi. Amma Tramp siyasi məsələrə diqqət edirdi və belə səhvlərə yol vermirdi. Bayden unutdu ki, Türkiyədə Amerikanın hərbi bazası mövcuddur və NATO-nun əsas güclərindən biri Türkiyədir. Cənubi Qafqazda, İran və Çin əlaqələrində Türkiyənin rolu danılmazdır. Amerikanın siyasi səhvi amerika siyasətçiləri tərəfindən üstü örtüləcək ki, Türkiyə məsələyə dərin yanaşıb Rusiyaya tərəf getməsin.

- Türkiyə ilə əməkdaşlıq insanlarda belə bir ümid yaradıb ki, Rusiya bölgədə nə qədər çapalasa da, artıq əvvəlki kimi təsir edə bilməz. Buna fikriniz nədir

- Rusiyanın Azərbaycana, Ukraniyaya, Gürcüstana, Bolqarıstana, Polşaya da təsir imkanı var. Lakin bu təsir imkanı ölkənin düzənini, qaydalarını, qanunlarını siyasi və ictimai durumunu dəyişə bilməz. Rusiyanın əsas təsir imkanı Ermənistanadır. Azərbaycanda bu məsələ ilə bağlı narahatlıq yoxdur. Çünki Ümummilli Lider Heydər Əliyevin uzaq görən siyasəti və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və digər reformlar ölkəmizi elə gücləndirib ki, bugün Azərbaycanın Rusiyadan aslılığı həddindən artıq aşağıdır. Demək olar ki, yox vəziyyətindədir.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top