Qərb və Rusiyanın “5-ci kolon”ları burun-buruna: kim güclüdür?


GÜNDƏM 29 apr 2021, 09:35
Dünyanın geopolitik müharibəsində ayrı-ayrı qütblərdə dayanan güclər həm də öz “5-ci kolon”larını qarşı-qarşıya gətirirlər. Bu proses daha latent, yəni gizli şəkildə, üstəgəl, üçüncü ölkələrdə həyata keçirildiyi üçün aydın cizgiləri göstərmək, kodları açmaq bəzən çətin olur. Belə demək mümkünsə, geosiyasi mübarizədə Qərb və Rusiyanın “5-ci kolon”ları kəşfiyyatçı üslubunda və ideoloji müstəvidə yarışırlar.

Qərb liberallarının uzaqmənzilli hədəfləri öz cəmiyyətlərinə xas həyat tərzlərini, qeyri-ənənəvi hərəkatları üçüncü ölkələrə də ixrac etməkdir. Məsələn, LGBT hüquqları, feminizm hərəkatı, heyvanların haqları uğrunda aksiyalar, seks inqilabı, azad gənclik adı ilə ölkələrin köklü mental dəyərlərini, tabularını silkələmək, ailə institutlarını böhran vəziyyətinə salmaq, həmcinslərin evliliyinə normal yanaşmaq və s. Avropa və ABŞ liberallarının “5-ci kolonu” tərəfindən reallaşdırılan layihələrdir. Bunun üçün müxtəlif fondlar, dairələr uzun illər qrantlar ayırır, təbliğat aparılır, insan haqları adı ilə başlarına topladıqları gənclərlə ictimai rəyə təsir etməyə çalışır və müəyyən elektorat qazanırlar. Bu, bir günün işi deyil, Qərb dairələri illərlə güc sərf edir, konservativ, mühafizəkar cəmiyyətlərdə liberal baxışları təbliğ edirlər.

Bu baxımdan Qərbin nəzarətindəkilər öncə ailə-məişət münasibətlərini, dəyərləri dağıtmağa hesablanan fəaliyyət göstərir. Xalqın təbii immunitetini aradan qaldırmaq xətti götürür. Məsələn, qız uşaqları ataya qarşı çıxmalıdır, ata kultu məhv edilməlidir. Qız necə və kimlə istəsə yaşaya bilər. Ona kiminsə söz deməsi mümkün olmamalıdır. Bu yanaşmalar yüzilliklərlə Azərbaycan ailələrinə yad olub.

Ardınca oğlanlarla bağlı cinsi oriyentasiya məsələsi qabardılır. İnsan haqları adı ilə bu tip insanlar müdafiə və piar olunur. Eyni zamanda reabilitasiyasına nail olmağa, onları cəmiyyətin ən dəyərli nümayəndələri kimi təqdim etməyə çalışırlar. Belə insanlar qrant layihələri və başqa şirnikləndirici vasitələrlə ələ alınır. Nəticədə əxlaq normaları sıfırlanır, ənənəvi baxışlar yerlə bir edilir, zombiləşdirilir. Ən sonda isə bu insanlara hakimiyyət vermək Qərbin finişə çatmaq istədiyi arzu olur, marionet, kövrək, dəyərləri ayaqlar altına atan hakimiyyətlər qurulur.

Rusiyanın “5-ci kolon”u isə bu ölkənin siyasi təsirlərini daha çox gücləndirmək üçün fəaliyyət göstərir. Moskvanın qarşısında heç zaman ölkələrin mədəni həyatına, məişət ənənələrinə, ailə dəyərlərinə, gənclərin yaşam tərzinə dair təbliğat maşını qurmaq hədəfi olmayıb. Bunun üçün rusların təsir rıçaqları da, görünür, çox zəifdir və hansı reseptlə cəmiyyətlərə müdaxilə edəcəklərini, nə kimi menyu təqdim edəcəklərini bilmirlər.

Digər tərəfdən, Rusiya həmişə ideoloji mübarizədə aşkar siyasi xətt götürür. Onun həmin ölkələrin parlamentində, siyasi təşkilatlarında, müxtəlif yüksək çinli məmurlar arasında öz kadrları olur. Bu xüsusda "Qərbin, yoxsa Rusiyanın “5-ci kolonu” güclüdür" sualı meydana çıxır. Azərbaycanda onların hansının daha çox təsir mexanizmləri mövcuddur?

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın “5-ci kolonu” daha güclüdür. Onun sözlərinə görə, Qərb iqtisadi maraqlarına xidmət edən “5-ci kolon” formalaşdırır, çünki onlar üçün iqtisadiyyatdan siyasət doğur: “Rusiya üçün siyasətdən iqtisadiyyat yaranır. Rusiya imperiya ambisiyaları olan ölkədir. Qərb Azərbaycana təkcə LGBT deyil, yeni təzyiq istiqaməti seçib. Belə ki, Azərbaycanda diskriminasiya məsələsini gündəmə gətirirlər. Qərb üçün yeni növ ayrı-seçkiliklər ortaya ”çıxır" və bunu özləri yaradırlar. Bunlardan biri insanların doğulduğu yerə görə işlə təmin edilməməsi, yəni müəyyən klana məxsus adamların yüksək vəzifələrdə yer alması məsələsidir". Analitik hesab edir ki, Qərbin digər təzyiq üsulu ölkədə güclənən elitizmdir: “ABŞ və Qərbin bu istiqamətdə fəaliyyəti davam edəcək. Elitizm Almaniyada  geniş yayılmış nəzəriyyədir. Yəni elit ailələrin uşaqları yüksək vəzifələrə götürülür. Baxın, Azərbaycanda həbs edilən məmurların uşaqları hansı vəzifələrdədirlər. Ona görə bu yöndə təsirlər etməyə çalışacaqlar”.

Politoloqun fikrincə, Rusiya fərqli iş görür: “Yeltsin dövründə Rusiya sökülmək istiqamətində gedirdisə, Putin dövründə imperiya iştahları gücləndi. Onlar yeni ərazilər tutmaqdan əlavə, keçmiş sovet ölkələrini yenə koloniya görmək istəyirlər. Yəni respublikaların adı sərbəst qalır, lakin Rusiyanın qəbul etdiyi qərarları bütün beynəlxalq təşkilatlarda dəstəkləməlidirlər.

Etiraf edək ki, Rusiyanın Azərbaycana təsiri güclüdür. Putin getdikcə həyasızlaşır və onun adamları da həyasızlaşırlar. İndi ölkədə kim rusların siyasətinə etiraz edirsə, həmin “5-ci kolon” nümayəndələri onlara çirkab atırlar. Mən ad çəkmirəm, amma bu reallıq göz qabağındadır".

C.Nuriyevin sözlərinə görə, Rusiyanın təsirləri humanitar sahədə də özünü göstərir: “Şəhərin mərkəzində, bulvarda gənclər bir ara ingiliscə danışırdılar, indi rusdillilər artıb. Elə iş yerlərində, bəzi nazirlər, vəzifəlilər rusca danışırlar. Bilmirəm ki, rus dili sevgisi haradan qaynaqlanır, yəqin Azərbaycandilli təhsildəki naqisliklərdən irəli gəlir.

Ona görə valideynlər uşaqlarını rus bölmələrinə yazdırırlar. Rusca oxumağın əleyhinə deyiləm, dünyada 1 milyard insan rusca danışır. Bir var dil bilmək, bir də var bu dillə ölkəni istismar etmək... Bu məsələ tez-tez qabardılmalıdır".

Siyasi ekspert iddia edir ki, Milli Məclisdə Rusiyanın siyasi dairəsinin təsirində olan 40-a yaxın deputat var: “Həmçinin müxalifətdə də Rusiyanın əlində olan şəxslər var. Odur ki, bir ölkənin maraqları başqa ölkəni maraqlarına qurban verilirsə, mütləq həyəcan təbili çalınmalıdır. İndi Rusiya araiklərin əli ilə Qarabağda oyunlar çıxarır, 9 may paradına hazırlaşır. Ölkədə siyasi partiyalar buna susurlar”.

Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya “5-ci kolon” baxımdan Qərbi üstələyir: “Əvvəla, təfəkkür etibarı ilə Rusiyaya meyillilik var. Bundan başqa, həmin adamları ələ alıb, özlərinə xidmət etməyə vadar edə bilib. Bəzi adamlarda isə sovet nostalgiyası var, SSRİ-nin xiffətini çəkirlər. Elə bilirlər ki, Rusiyaya yaxınlaşmaq onları o dövrə qaytara bilər. Ancaq belələri suverenliyi dərk etmirlər, şəxsi firavanlığı üstün tuturlar”.

Siyasi ekspertin fikrincə, ümumən Rusiya postsovet məkanında çox güclüdür: “Ona görə bu ölkələrdə rusdilli təhsil ocaqlarının olması ilə özü üçün gələcəyə də ”5-ci kolon" hazırlayır, monolitliyini qoruyub saxlamağa nail olur.

Qərbin “5-ci kolon”u o dərəcədə möhkəm deyil. Çünki son illərdə Avropa dəyərlərində, xüsusən liberal dəyərlərdə ciddi böhran yaşanmaqdadır. Məsələn, feminizm Azərbaycan gerçəkliyi üçün uyğun gəlməyən, azərbaycanlı ailələrin baxışlarını sarsıdan, əhalinin kiçik qrupuna müyəssər olan hərəkatdır.

Eyni zamanda son vaxtlar Qərb dövlətlərinin işğalçını dəstəkləməsi, Azərbaycanın apardığı müharibəni qara rakurslarda təqdim etməsi ona etimad göstərən adamları da sarsıdıb. Onlar Qərbdə müsbət dəyərlərin mövcudluğuna, Azərbaycana və dünyaya öz sistemlərini gətirəcəyinə  inanmırlar. Bir sözlə, Qərbin dəyərlər sisteminə inamsızlıq var və bu mənada Azərbaycanda Rusiyanın “5-ci kolon”u daha güclüdür".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top