Ermənilər zorla Xankəndinə köçürülür — Yeni “qərar”


QARABAĞ 11 apr 2021, 12:48
Müharibənin bitməsindən 5 ay ötsə də, Qarabağda məskunlaşmaq üçün qayıtmış ermənilərin ciddi problemləri qalmaqda davam edir. Rusiya sülhməramlılarının dəstəyi ilə Azərbaycana qayıdanların sayı rəsmi bilgilərə görə, 50 min civarındadır. Amma müstəqil erməni mənbələrin əslində söhbətin ən yaxşı halda 30 min ermənidən gedə biləcəyinə işarə edir.

Əsas məskunlaşma Xankəndindədir ki, bura qayıdanlar da çox ciddi problemlərlə üzləşməkdədir. Qarabağın dağlıq hissəsində qış bu il mülayim keçdi və bu səbəbdən ermənilərin “bəxti gətirmiş” sayıla bilər. 

Qeyd edək ki, Rusiya sülhməramlılar da ilkin mərhələdə ermənilərin sığınması üçün xeyli iş gördülər, müharibə zamanı sınmış qapı-pəncərələri, evlərin damlarının bərpasında kömək etdilər. Amma problem təkcə məskunlaşma ilə bağlı deyil, geri qayıdan ermənilər xeyli ümidsizdilər, hələ də özünü adam sayan, siyasi oyunbazlıq və revanşizmlə baş qatan Araik Arutyunyan “hökumətindən” əllərini üzüblər.

Təsadüfi deyil ki, martın sonunda ermənilərin Xankəndində etiraz aksiyası keçirilib. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər. Aksiya keçirənlər Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar. Bunun üçün etirazçılar separatçı oliqarxların "korrupsiya gəlirləri" ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər.

Aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair "qanun” qəbul edilməsi tələbini də qoyublar. Etirazçılar "hakimiyyət”ə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.

Qarabağdakı ermənilərin mənzil təminatı proqramı çərçivəsində “ərazi İdarəetmə və İnfrastruktur nazirliyi” vaxtilə işğal zonasında yaşamış ermənilər haqqında məlumat toplayır. Bu barədə isə "Armenpress" məlumt yayıb. Bildirilir ki, bu proqram çərçivəsində evsiz qalan vətəndaşların müraciətləri qeydiyyata alınır. Proqramın məqsədi Qarabağda yaşamaq istəyən vətəndaşların sayını müəyyənləşdirməkdir. 

Qeyd olunur ki, toplanan məlumatlara əsasən, mənzil proqramı hazırlanacaq və həyata keçiriləcək. O da vurğulanır ki, əsas şərt erməniyə veriləcək mənzildə yaşamasıdır, əks təqdirdə heç bir halda ev ala bilməz. Azərbaycanın nəzarətinə qaytarılmış torpaqlarda evi olan, lakin orada yaşamamış ermənilərə isə mənzil verilməyəcək.

Məlumdur ki, Ermənistan işğal zonasında zorla məskunlaşma həyata keçirirdi, bir çox hallarda isə ermənilər yalandan qeydiyyat düşüb, orada yaşamırdılar.Bu səbəbdən Ermənistan xaricdən erməni dilənçilərini gətirib zorla torpaqlarımızda məskunlaşdırırdılar.

Ermənistan hökuməti bir neçə gün əvvəl Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar(110 milyard dram) maddi yardım ayrıldığını elan edib. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək.

Əlbəttə, bu vəsaitin sadə ermənilərin problemlərinin həllinə yönəldiləcəyi sual altındadır. Görünən budur ki, ağır iqtisadi şərtlər Qarabağdakı ermənilərin vəziyyətini hər ötən gün daha çıxılmaz edir. Bu səbəbdən Qarabağdan qaçış gözləniləndir və Ermənistan hakimiyyətinin tələsik 100 milyon dollar vəsait ayırması bu cür təhlükəni önləmək məqsədi daşıyır...(musavat.com)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top