Deputat: “Ermənistanın bu addımı beynəlxalq hüququn normalarına ziddir”

GÜNDƏM 09 apr 2021, 15:34
"Təsəvvür edin, Şuşa şəhərini o qədər minalayıblar ki, 9 noyabrda atılan raketin qalıqları hələ mart ayının ortaları tapılır. Çünki ANAMA əraziləri santimetrlərlə təmizləyərək irəliləyir. Bütün bunlarla yanaşı, bu gün Azərbaycan Ermənistana əməkdaşlıq əlini uzadır. 10 noyabr bəyanatı, kapitulyasi aktı müharibənin bitməsi anlamına gəlmir, çünki Ermənistan Azərbaycana qarşı mina müharibəsini davam etdirir. Bu, beynəlxalq hüququn normalarına daban-dabana ziddir".

Bunu Pravda.az-a açıqlaması zamanı Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Ermənistan tərəfi növbəti dəfə çox ciddi siyasi avantüra ilə məşğuldur: "Onlar tez-tez məsələ qaldırırlar ki, guya Azərbaycan erməni “əsir”lərini qaytarmaq istəmir. Paşinyanın Putinlə danışıqlarında, eyni zamanda Koçaryanla video formatda görüşü zamanı da eyni məsələ qaldırılıb. Bir sözlə, onlar bütün mümkün tribunalardan bu məsələni qabardırlar. Halbuki Azərbaycanda hərbi əsir yoxdur, Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramov da dəfələrlə bunu qeyd edib. Azərbaycanda 70 nəfər erməni hərbi əsir var idi, onlar da qaytarılıb. Beləliklə, Ermənistan beynəlxalq hüququ pozduqları vacib bir məsələni ört-basdır edir, yalnız “əsir”lərin məsələsi ilə məşğuldur. Ya da özlərini karlığa vururlar... Bu da  Ermənistanın işğal altında olan ərazilərimizi kütləvi şəkildə minalaması ilə bağlıdır. Ermənistan mütləq minalanmış ərazilərin xəritəsini verməlidir. Gah deyirlər ki, onlarda yoxdur, gah da mövzudan yayınırlar. Ümumiyyətlə, olduqca məsuliyyətsiz davranış sərgiləyirlər. Bildiyimiz kimi, 4 aprel tarixi dünyada minalar əleyhinə gün kimi adlandırılır. Son statistikaya əsasən, ötən 20 il ərzində 53 milyon mina zərərsizləşdirilib. Təsəvvür edə bilirsiniz, bu, 53 milyon insanın həyatı deməkdir?! Beynəlxalq qurumlar bu məsələ ilə bağlı mövqe bildirməlidirlər. Hesab edirəm ki, 30 ildən sonra nəhayət ATƏT-in Minsk qrupu və BMT öz simalarını qorumaqdan ötrü bu məsələdə addım atacaqlar".

E.Nəsirov qeyd edib ki, minalanmış ərazilərin təhlükəli olduğunu bilə-bilə vətəndaşların həmin ərazilərə keçməsi ağılsızlıqdır: "İnsanların 30 illik həsrətini başa düşmək olur: onlar ən azından gedib valideynlərinin məzarını ziyarət etmək, müqəddəs torpaqları öpmək istəyirlər. Bu mənəvi məsələləri anlamaq olar, amma təhlükəsizlik məsələləri hər zaman ön plandadır. Ermənilər bütün əraziləri vəhşicəsinə minalayıblarsa, deməli, o ərazilərə keçmək olmaz. Bu, onların özü və ailələri üçün çox təhlükəlidir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top