AVRO-2020: Bakıdakı oyunlara buraxılacaq azarkeş sayı açıqlandı

İDMAN 08 apr 2021, 15:26
Futbol üzrə Avropa çempionatının Azərbaycan paytaxtında keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Demokrat.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında qərar qəbul olunub.

Qərar çıxarılarkən UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınıb. Azarkeşlər isə oyunlarda COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəklər. Oyunlara yerli azarkeşlərlə yanaşı, bir-biri ilə görüşəcək milli komandaların mənsub olduğu ölkələrin vətəndaşları viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə buraxılacaq. Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.

Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlarla əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra - 11 iyun - 11 iyul 2021-ci ildə keçirilməsi barədə qərar qəbul olunub. Bundan əlavə, UEFA-nın qərarında pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcəyi göstərilib.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top