YapiKredi Müraciət Forması
Sağlamlıq

Bu ədviyyatın tərkibində pendirdən çox kalsium var

Bu ədviyyatın tərkibində pendirdən çox kalsium var

Mətbəxdə yeməklərə xüsusi ətir verən biberiyə (rozmarin) təkcə dadı ilə deyil, zəngin mineral tərkibi ilə də diqqət çəkir. Quru halda bu bitkinin tərkibində kalsium, kalium, maqnezium və dəmir kimi minerallar var. Bildirilir ki, 100 qram quru biberiyədə təxminən 1280 milliqram kalsium mövcuddur ki, bu da bəzi pendir növlərindəki göstəricidən yüksəkdir.

Biberiyə sümük və dişlərin sağlamlığı üçün vacib olan kalsiumla yanaşı, orqanizmi antioksidant birləşmələrlə də təmin edir. Bitkinin tərkibindəki rozmarin və karnosik turşuları antioksidant xüsusiyyətləri ilə seçilir.

Biberiyənin faydaları bununla məhdudlaşmır. Onun yeməklərdə istifadəsi həzm prosesinə dəstək ola, qarında köp və dolğunluq hissinin azalmasına kömək edə bilər. Bitkinin ətri isə bəzi insanlarda diqqətin cəmlənməsi və yaddaşla bağlı müsbət təsirlərlə əlaqələndirilir. Bununla belə, bu təsirlərin gücü barədə elmi sübutlar məhduddur.

Biberiyə yeməklərə əlavə edilərkən duzun miqdarını azaltmağa da imkan yarada bilər. Kartof, tərəvəz, ət və balıq yeməklərində, eləcə də şorba və souslarda istifadə olunan bu ədviyyat yeməklərə zəngin ətir verir.

Quru biberiyədən çay da hazırlamaq mümkündür. Bunun üçün bir çay qaşığı bitkinin üzərinə qaynar su əlavə edib 5-10 dəqiqə dəmləmək kifayətdir.

Mütəxəssislər isə biberiyənin həddindən artıq istifadəsinin mədə narahatlığı yarada biləcəyini bildirirlər. Qatılaşdırılmış biberiyə efir yağını ağızdan qəbul etmək olmaz, çünki bu, zəhərlənməyə səbəb ola bilər. Hamilə və süd verən qadınlar da yüksək dozalı biberiyə əlavələrindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Qeyd edək ki, biberiyənin tərkibindəki yüksək kalsium göstəricisi 100 qram quru məhsula aiddir. Ədviyyat yeməklərə adətən az miqdarda əlavə edildiyindən, onu pendirin və digər əsas kalsium mənbələrinin tam əvəzi hesab etmək düzgün deyil.

Editor
Redaktor