Misir Mərdanov: "Yüksək səviyyəli kadrlar hazırlayacağıq"

GÜNDƏM 06 apr 2021, 11:58
Xəbər verdiyimiz ki, ötən gün açıq  səsvermə ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Pravda.az-a danışan Misir Mərdanov bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun fəaliyyəti ilə bağlı planları çoxdur. 

M.Mərdanov institutun fəaliyyət planlarından danışarkən vurğulayıb ki, Vətən Müharibəsində işğaldan azad edilən torpaqlarda təhsilin və elmin səviyyəsinin yüksəldilməsi istiqamətində bütün imkanlar sərf ediləcək: "Pandemiya başa çatsa, planlarımızı həyata keçirmək bizim üçün daha da asanlaşar, çünki belə şəraitdə işləmək çətindir, işçilərin hər biri işə gələ bilmir və s. Amma əminəm ki, dövlətimizin gördüyü əsaslı tədbirlər nəticəsində pandemiyaya qalib gələcəyik. Gələcək dövr üçün yüksək səviyyəli yeni kadrlar hazırlayacağıq, institutun ingilis dilində buraxdığı iki jurnalın impakt faktoru alması və elmi məqalələrimizin dünyanın nüfuzlu jurnallarında daha çox çap olunması üçün əlimizdən gələni edəcəyik. Yəni qarşımızda həll olunması lazım olan çoxlu problemlər dayanır". 

İnstitutun baş direktoru hesab edir ki, əgər gənclərin riyaziyyata marağının çox olmasını istəyiriksə, biz onları məktəblərin aşağı siniflərindən seçməliyik. M.Mərdanovun fikrincə, uşaqlar üçün şərait yaradıb, onları istedadlarına uyğun istiqamətləndirməliyik: "Hələ o vaxtlar, mən instituta yeni gələndə, burada gənc istedadlar üçün məktəb yaratdıq. Təxminən 2 il davam etdirsək də, daha sonra müəyyən maliyyə çətinlikləri səbəbindən dayandırmalı olduq".

"Əgər maliyyə olarsa, yenidən bele bir məktəb qurmağa çalışacağıq" deyən müsahibimiz düşünür ki, bu istiqamətdə də xeyli iş görə bilərlər: "Əvvəllər, 1960-70-ci illərdə belə bir məktəb olub və institutun alimləri, akademik Zahid Xəlilov layihəyə rəhbərlik edib. Ümid edirik ki, bu planı indiki vəziyyətə, standartlara uyğun inkişaf etdirəcəyik".

AMEA-nın rəhbəri Ramiz Mehdiyevin adının tez-tez siyasi qalmaqallarda səslənməsi barədə isə Misir Mərdanov bildirib ki, elmi heç bir zaman siyasətlə qarışdırmaq lazım deyil. Onun fikrincə, AMEA siyasətdən uzaq olmalıdır: "Elə bütün cəmiyyəti də buna çağırıram. Hər kəs yalnız öz ixtisası, öz sahəsi üzrə elmi işlərlə məşğul olsun. Ümumiyyətlə məncə, bizim ən böyük mənfi cəhətimiz ondan ibarətdir ki, cəmiyyətimizdə bəziləri öz işi ilə yox, məhz başqasının işi ilə məşğuldur. Hər kəs öz vəzifəsi ilə məşğul olsa, ölkəmizin reytinqi dünyada daha yüksək olar.

Müsahibimiz əlavə edib ki, son dövrlər AMEA-nın həm strukturunda, həm də ümumi işlərin gedişində çox ciddi dəyişikliklər baş verir: "Düşünürəm ki, bu ənənə davam etməlidir və hər kəs öz işinə məsuliyyətli yanaşmalıdır. Təkrar edirəm, hazırda pandemiya işlərin davamlı həyata keçirilməsi istiqamətində müəyyən problemlər törədir. İnsanların öz potensialından maksimum istifadə etməsinə imkan verməyən bu pandemiya şəraiti başa çatarsa, biz bugünkündən dəfələrlə çox iş görə bilərik".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top