Almaniya Azərbaycana qarşı çirkin kampaniyada

GÜNDƏM 29 mar 2021, 23:01
Son günlər Azərbaycana qarşı qərəzli yanaşma başqa müstəvidə, daha doğrusu fərqli ölkənin simasında davam etdirilir. Bu dəfə Almaniya mətbuatı üzərindən ölkəmizə qarşı çırkin kampaniya təşkil olunur, məqsədli şəkildə Azərbaycana çamur atılır və Avropa ictimaiyyətinə şüuraltı mesajlar ötürməyə cəhdlər edilir.

Nə baş verib? Almaniya mətbuatına Azərbaycanı ləkələmək üçün böhtan kampaniyası aparmaq əmri hardan gəlib? Və ya bölgədə, Azərbaycanda hansı proseslər gedir ki, Almaniyanı bu dərəcədə narahat edib?

Bütün bu suallara ümumiləşdirilmiş cavab axtarsaq, təbii ki, bunun kökündə Azərbaycanın müstəqil siyasət yürütməsi, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallığın yaranmasıdır. 

Müharibə getdiyi dövrdə oyundan kənar vəziyyətdə qalan, bu reallığı həzm etmək istəməyən Fransanın Azərbaycana qarşı oynadığı rolu indi Almaniya başqa formada davam etdirir. Birdən-birə Almaniya mətbuatının yadına Azərbaycan düşüb, demokratiya, insan haqları, korrupsiya kimi məsələlər heç bir real fakta söykənmədən yeni çalarlarla bəzədilərək dövriyyəyə buraxılıb. Hansı ki, artıq hamıya Avropa dövlətləri tərəfindən demokratiya, insan haqları kimi fundamental dəyərlərin hansı hallarda ortaya atılıdığı gün kimi aydındır: öz maraqları təmin olunmayanda, ya hansısa anlaşmada mübahisəli məqamlar olanda, hansısa müqavilələrinin vaxtı daralanda və s...  Artıq o da sirr deyil ki, müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə qızışdırıcı metodlarla qarışmaq məhz demokratiya pərdəsinə bürünərək həyata keçirilir.

Məsələnin maraqlı tərəfi Almaniyanın Qarabağ müharibəsindən qısa zaman sonra Azərbaycana qarşı hərəkətə keçməsidir. Deməli, məhz indi ölkəmizə qarşı çirkin  kampaniya təşkil etmək göstərişinin verilməsi səbəbsiz deyil və müəyyən adamlar, dairələr, bu ölkənin İctimai televiziyası da (ZDF)  qara kampaniyada öz rollarını oynamaq sifarişini yerinə yetirirlər.

Bu xüsusda vurğulanmalı əsas məqamlardan biri odur ki, 44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycanın güclü, müasir orduya malik ölkə olduğunu, müstəqil siyasət yürütdüyünü göstərdi. Azərbaycan regionda tamamilə fərqli reallıq yaratdı. Azərbaycan BMT-nin, Almaniyanın da təmsil olunduğu ATƏT-in çözə bilmədiyi 30 illik münaqişəni öz imkanları hesabına, təkbaşına həll etdi.  Güclü Azərbaycan sübut etdi ki, Qərb institutlarının mayası ikili standartlarla yoğrulub və ədaləti bu qurumlarda axtarmaq yersizdir.

Avropanın əsas dövlətləri, o cümlədən Almaniya bölgədə belə müstəqil siyasətə, güclü iqtisadiyyata malik ölkə, müharibədə tutduğu qətiyyətli mövqeyə görə siyasi mövqeyindən asılı olmayaraq bütün xalqın birmənalı dəstəyini qazanmış lider istəyərmi? Təbii ki, yox!

Digər məqam isə odur ki, Vətən müharibəsi fonunda Türkiyənin Cənubi Qafqazda aktivləşməsi Almaniyanı narahat etməmiş deyil. Qardaş ölkə Türkiyə Cənubi Qafqazda bu dəfə daha fəqrli formada rol oynamaqdadır. Qarabağ müharibəsi Türkiyə, həmçinin İsrailin istehsalı olan silahların və hərbi texnikanın, əsasən də pilotsuz uçan aparatların (PUA) imkanlarını bütün dünyaya nümayiş etdirdi. Bu ölkələrin ən müasir silahlarına malik Azərbaycanın apardığı 44 günlük müharibə ABŞ və NATO ekspertləri, generalları, hərbi analitikləri tərəfindən ən yüksək qiymətini alıb.

Beləliklə, birincisi, silah bazarında Türkiyə ilə İsrailin daha da önə çıxması qaçılmazdır. İkincisi, Qarabağ savaşından sonra Türkiyənin NATO-dakı rolunun və çəkisinin daha da artacağı ehtimal olunur.

Bəllidir ki, Türkiyə NATO ölkəsidir.  Qarabağ savaşı bu ölkənin hərbi-siyasi nüfuzunu artıq artırmağa başlayıb. Üstəlik,  Orta Asiya ilə yeni hərbi əməkdaşlıq əlaqələri var. Fransa necə narahat oldusa,  Almaniya da eyni dərəcədə əndişəlidir. İstər-istəməz  qıcıqlanır; Türkiyənin dünyada artan reytinqini həzm edə bilmir.  Belə olmasaydı, Azərbaycanın NATO çərçivəsində proqramlarda və təlimlərdə iştirakına rəsmi Berlin süni maneələr yaratmaq kimi səmərəsiz siyasətə baş vurmazdı. Axı Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir.

Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çıxarılması məsələsinin də rəsmi Berlini narahat etdiyi göz önündədir. Söhbət ondan gedir ki, Azərbaycan karbohidrogen ehtiyatlarının Avropa Birliyi ölkələrinə çıxarılması üçün real addımlar atır. Türkmənistanla yeni müqaviləyə imza atan, beləliklə, münasibətləri   normallaşdıran rəsmi Bakı türkmən qazını da Azərbaycandan keçirməklə Avropaya nəql edəcək.

Unutmaq olmaz ki, Almaniyanın bu məsələdə öz maraqları var. Berlin ilə Moskva arasında bəlli anlaşma mövcuddur. Rusiyanın təbii qazını Avropa Birliyi ölkələrinə çatdıran marşrutlar, həmçinin “Şimal axını-2” Almaniya üçün həm iqtisadi, həm də başqa aspektlərdən olduqca uğurlu layihədir. Berlin rus qazının satışından gəlirlər əldə etməklə yanaşı, bölgədə rolunu daha da artırmaq niyyətindədir. ABŞ Almaniyanın bu rolundan narahat olsa da, Almaniya Rusiya qazı ilə bağlı planları təxirə salmaq fikrini yaxın buraxmır.

Belə olan şəraitdə rəsmi Berlin Azərbaycanın təbii qazının başqa marşrutlarla Avropa bazarlarına çıxarılmasını sakit qarşılaya bilmir...

Xatırlatmaq yerinə düşər ki, zaman-zaman Almaniyanın Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondları Azərbaycanda aktivləşib; ölkənin rəsmi şəxsləri, millət vəkilləri Azərbaycandakı siyasi partiyaların  rəhbərləri ilə görüşlər keçirib və bu görüşlərin arxasındakı qaranlıq siyasi məqamlar daha sonra müxalif təşkilatların destruktiv, siyasi qarmaqarışıqlıq yaratmaq cəhdlərində üzə çıxıb. Onlardan Fridrix Nauman Fondu, ümumiyyətlə populyar idi; Uşaqdan böyüyə hər kəs bu fondun kirli niyyətlərlə ölkəmizə girib-çıxmasından,  müxalifətdə bir qrup adamı ələ almasından yaxşı xəbərdar idi. 

Onlar Azərbaycanı dünyada insan haqlarının pozulmasında ön sıralarda gedən ölkə kimi təqdim edir, demokratik inkişafın axsadığını beynəlxalq ictimaiyyətə car çəkirdilər. Bunu edərkən, Azərbaycanın siyasi qüvvələrini alətə çevirir, onları öz maraqlarına uyğun şəkildə radikallaşdırırdılar.  

Azərbaycan bu fondların ayağını ölkəmizdən xeyli vaxtdır kəsib. Pis niyyətli fəaliyyətə qapıların bağlı olduğunu anladıb və əməkdaşlığın yalnız sağlam qüvvələrlə, xeyirxah niyyətlərlə yürüdülməsi gerçəyini birmənalı ortaya qoyub.

Bu gün də dəyişməyəcək bir reallıq var: Azərbaycanı özünə tabe etmək istəyən qüvvələrin növbəti səyləri boşa çıxacaq. Azərbaycanın siyasəti müstəqil, milli maraqlar üzərində formalaşıb və bu siyasətə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməyəcək.  İrqçiliyin, ksenofobiyanın, islamofobiyaın kök saldığı Almaniyanın də cəhdləri boşa çıxacaq.

Çirkin iddialarla Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək mümkün olmayacaq.
Əməkdar jurnalist
Elman Babayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top