Şəhid ailəsinə və qazilərə münasibətdə ÖRNƏK

GÜNDƏM 05 mar 2021, 16:18
“Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”. 

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı səsləndirdiyi bu bəyanat tutduğu mövqedən asılı olmayaraq bütün cəmiyyətə ünvanlanmış mesajdır. Ölkənin birinci şəxsi səviyyəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə olan ən böyük diqqət, hörmət nümunə rolunu oynamalı, hər bir fərd bu kateqoriyadan olan insanlara eyni münasibəti sərgiləməlidir. 

Hazırda Azərbaycan dövlətinin bu kateqoriyadan olan şəxslərə istiqamətlənmiş siyasəti ləngimədən icra olunmaqdadır. 

Dövlət başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Artıq bu proqram həyata keçirilir və yeni mənzillər mərhələli şəkildə istifadəyə verilməkdədir.

Müharibə dövründə əlini, ayağını itirmiş qazilərimizin ən müasir protezlərlə təminatı diqqət mərkəzindədir və  300-dən çox qazimizin belə protezlərlə təminatı nəzərdə tutulub. 

Yeni yaranan “YAŞAT” Fondunun xətti ilə qazilərimizə göstərilən yardımların, onların müalicəsi üçün atılan addımların əyani şahidiyik. Ölkədə müalicəsi mümkün olmayan qazilərimizin Türkiyədə müalicəsi üçün real addımlar atılır, eyni zamanda İsraildən dəvət olunan həkimlər hamımızda sevinc hissləıri doğuran uğurlu göz əməliyyatları həyata keçirməkdədir. 

May be an image of 3 nəfər və people standing

Dövlətin şəhid ailələri, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi yönündə fəaliyyətinə toxunarkən bir az öncəyə gedib qeyd edək ki, son 17 il ərzində Prezident İlham Əliyev şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşüb, onların qayğılarının həlli üçün geniş tədbirlər həyata keçirilib.  Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Siyahını daha da uzatmaq bu şəxslərin reabilitasiya və müalicəsi, onların sosial müavinətlərinin, pensiyalarının məbləğinin artırılması, təhsil sahəsində tətbiq olunan güzəştlərlə bağlı addımları bura əlavə etmək olar. Əsas odur ki, həmişə borclu olduğumuz insanların qayğılarına dövlət səviyyəsində biganə münasibət mövcud deyil. Prezidentin vurğuladığı “Bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq” fikirlərini əsas görürüb vurğulamaq yerinə düşər ki, gözünü qırpmadan Vətən üçün canını, sağlamlığını fəda edənlər ən üst qayğıya, diqqətə layiqdirlər. 

Danılmaz faktdır ki, Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlarla bağlı sosial siyasəti dünyada örnək rolunu oynamaqdadır. Müharibə ilə üzləşmiş dövlətlərin təcrübəsinə istinad etsək, əyani şahidi olarıq ki, Azərbaycan bu sahədə də dünya miqyasında öncül mövqedədir. Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə diqqəti cəlb edən maraqlı məqama toxunub: “Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Prezidentin mövqeyi şəhid ailələrinə, müharibə əlillərinə geri dönüşü olmayan sosial siyasətin daim mövcud olacağına, daha da inkişafına ən böyük zəmanətdir. Bu siyasətin azadlığına qovuşmuş Qarabağda quruculuq prosesi ilə paralel aparıldığını nəzərə alsaq, görülən işin həcmini daha aydın təsəvvür etmək mümkündür. Müharibədən sonrakı dövrdə həm də bütövlükdə Azərbaycanda inkişafın, quruculuq işlərinin axsamadığı, yeni vüsət alması reallıqdır. Bütün bu işlərin arxasında Azərbaycan dövlətinin gücü, onun hər cür sınaqlara qarşı duruş gətirən iqtisadiyyatı dayanır....

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top