İrandan gələn qaçaqmalçılar narkotiki gömrükdən necə keçiriblər? — Şok faktlar

KRİMİNAL 04 mar 2021, 12:34
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhd etməkdə ittiham olunan Şəbir Səmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Şəbir Səmədli 2019-cu ilin dekabr ayının sonlarında İran İslam Respublikasının vətəndaşı olan şəxsiyyəti məlum olmayan “Fərşid” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı razılaşıb.

O, külli miqdarda heroini 4 yanvar 2020-ci il tarixdə Astara Gömrük Keçid Məntəqəsinin yaxınlığında qrupun şəxsiyyəti məlum olmayan üzvündən qəbul edib və yaşadığı Astara şəhəri, M. Əzizbəyov küçəsi ev 28 ünvanda yerləşən fərdi yaşayış evinə gətirib.

Bundan sonra Şəbir Səmədli əldə etdiyi həmin narkotik vasitəni satmaq məqsədi ilə ayrı-ayrı bükümlərə bölərək qablaşdırıb.

Sonra narkotik vasitənin bir hissəsini yaşadığı evdə saxlayıb, iki ədəd bükümdə olan hissəsini isə satmaq məqsədi ilə yanvarın 11-də özü ilə götürüb. O, Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarsı mübarizə tədbirləri çərçivəsində şərti alıcı qismində əməliyyat tədbirinə cəlb olunmuş şəxsə 1 bükümdə 0,163 qram narkotik vasitə olan heroini 22 manata satıb.

Daha sonra o, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonunun Kələdəhnə kəndinin ərazisində saxlanılıb.

Üzərində şəxsi axtarış zamanı cibindən bir bükümdə 0,117 qram narkotik vasitə olan heroin aşkar edilib.

Habelə Şəbir Səmədlinin yaşadığı, Astara şəhəri, M.Əzizbəyov küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evində axtarış zamanı 1 ədəd bağlamada, külli miqdarda-513 qram narkotik vasitə olan heroin aşkar olunub.

İstintaq orqanı tərəfindən Şəbir Səmədlinin barəsində Cinayət Məcəlləsinin 32.5,206.2-ci (iştirakçılıq; qaçaqmalçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəbir Səmədli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şəbir Səmədli apelyasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, heç bir zaman narkotik alveri ilə məşğul olmayıb və gömrükdən qanunla qadağan olunmuş hər hansı bir mal keçirməyib.

Qeyd edib ki, onu yaşadığı evdən polis əməkdaşları döyə-döyə polis şöbəsinə aparıb və ona bildiriblər ki, necə olur olsun tutulmalıdır.

Şəbir Səmədlinin sözlərinə görə, ona hədə-qorxu gələrək təsir altında kamera qarşısında guya yarım kiloqran narkotik vasitənin onun olmasını etiraf etməsini bildiriblər.

Bunları etməyəciyi halda ona qardaşlarını da tutuacaqlarını bildiriblər. O, məcbur olub onlarla razılaşıb.

Şəbir Səmədlinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Şəbir Səmədlinin apelyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Onun cəzası 7 il 6 aya endirilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top