Deputat: “Keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra…”


GÜNDƏM 28 fev 2021, 00:20
“Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Müxtəlif siyasi dairələrin, ayrı-ayrı dövlətlərin Ermənistana davamlı olaraq dəstək verməsi münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənməsinə xidmət etdi. Lakin məhz Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, strateji baxışı 30 il işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan yaratdı”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycan məsələnin dinc yolla həlli üçün maksimum səbir nümayiş etdirsə də beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana qarşı təzyiq göstərməməsi danışıqların nəticəsiz bitməsinin əsas səbəblərindən biri olub. 

Azərbaycan dövləti 30 il ərzində beynəlxalq platformalarda kifayət qədər effektiv iş apararaq Ermənistanın işğalçı dövlət olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa müvəffəq oldu. Bununla yanaşı, ölkənin iqtisadi imkanları genişləndirildi, müasir ordu quruldu, qlobal güclərin iştirakı ilə irimiqyaslı iqtisadi layihələr həyata keçirildi. Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş, məsuliyyətli dövlət kimi təqdim edə bildi. Bütün bunlar əlbəttə ki, Qələbənin əldə olunmasında mühüm rol oynayıb.

Millət vəkilinin sözlərinə görə, müharibədən sonrakı reallıqlar bütövlükdə regionun siyasi və iqtisadi mənzərəsini dəyişib. Bu reallıqlar həm də region ölkələri, o cümlədən Ermənistan üçün yeni fürsətlər yaradıb. 

İndi əsas məsələlərdə biri bu fürsətləri düzgün dəyərləndirmək, qarşılıqlı əməkdaşlığı dərinləşdirərək bütövlükdə regionun rifahı üçün çalışmaqdır. Cənubi Qafqazda indiyə qədər heç vaxt olmamış elə bir təhlükəsizlik formatı yaranıb ki, buna əks getmək çox ciddi problemlərə səbəb ola bilər. O baxımdan hesab edirəm ki, Ermənistanda bəzi qüvvələrin revanşçı bəyanatları bu ölkə üçün yaxşı heç nə vəd etmir.

S.Məmmədov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq indi Azərbaycanın əsas hədəfidir. 

Ölkəmizin bu prosesi müvəffəqiyyətlə həyata keçirmək üçün bütün imkanları var. İşğaldan azad olunmuş ərazilər bərpa olunduqdan və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacaq.

Deputat ölkədə şəhid ailələri, müharibə əlillərinin sosial problemlərinin həlli üçün bütün imkanların səfərbər olunduğunu xatırladıb: 

“9200-ə yaxın şəhid ailəsi, müharibə əlilinə mənzillər verilib. Cənab Prezident bu il 3 minə yaxın mənzil veriləcəyini açıqladı. 

Eyni zamanda, işğaldan azad olunmuş ərazilər bərpa olunur. Yəni Azərbaycan müharibənin yaralarını sağaltmaqla məşğuldur. İqtisadiyyatını və ordusunu daha da gücləndirir. 

Ermənistanda isə siyasi qarşıdurma, hakimiyyət uğrunda mübarizə gedir. Bu ölkənin gələcəyə nikbin baxmağa imkan verən heç bir resursu, potensialı yoxdur. Ermənistanın yeganə çıxış yolu müharibədən sonrakı reallıqla barışaraq, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, kommunikasiyaların açılmasına nail olmaqla iqtisadi tənəzzüldən çıxmağa cəhd göstərməkdir”.


Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top