"Şuşanın geri alınması həm də Nəcəf bəy Vəzirovun ruhunun şad olması deməkdir"

ƏDƏBİYYAT 17 fev 2021, 21:38
“Onun Azərbaycan dramaturgiyasının inkişafı tarixində mühüm xidmətləri var. Təbii ki, bu xidmətlərdən biri ondan ibarətdir ki, Azərbaycan dram və teatr sənətinin məişət problemlərinə yaxınlaşmasında, adi güzəran sorunlarını əks etdirməsində Axundovdan sonra Vəzirov daha bir addım atıb”
 
Demokrat.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında ədəbi-tənqidçi Əsəd Cahangir yazıçı, dramaturq Nəcəf bəy Vəzirovun yaradıcılığı haqda danışarkən deyib:
 
“Nəcəf bəy Vəzirov M.F.Axundovdan sonra bizim ikinci dramaturqumuzdur. Onun Azərbaycan dramaturgiyasının inkişafı tarixində mühüm xidmətləri var. Təbii ki, bu xidmətlərdən biri ondan ibarətdir ki, Azərbaycan dram və teatr sənətinin məişət problemlərinə yaxınlaşmasında, adi güzəran sorunlarını əks etdirməsində Axundovdan sonra Vəzirov daha bir addım atıb. Məsələn, onun əsərlərində ailədaxili münasibətlər, gəlin-qayınana problemi, ailə başçısı və övladları arasındakı bu kimi münasibətlər öz əksini tapıb. Xüsusilə onun 19-cu əsrdə yazdığı əsərlərində bu daha çoxdur. Məsələn, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Əti sənin, sümüyü mənim”, “Hacı Qəmbər” və digər əsərlərinin adını çəkmək olar. 
 
Onun iyirminci əsrdən sonra yazdığı əsərlərində daha çox neft Bakısı, burdakı neftixudaların bir-biri ilə mübarizəsi, kapitalizmin yaratdığı canavar qanunların insanların mənəvi dünyasına vurduğu zərbələr, pul düşkünlüyü kimi mövzular  öz əksini tapıb. Sovet hakimiyyəti qurulandan sonra isə Nəcəf bəy Vəzirov yeni qurulan cəmiyyətlə bağlı əsərlər yazmağa başladı. Onlardan biri “Təzə əsrin ibtidası” pyesidir. Amma onun Azərbaycan dramaturgiyasında ən böyük xidməti milli dram sənətində faciə janrının əsasını qoymasıdır. Onun 1896-cı ildə yazdığı “Müsibəti Fəxrəddin” faciəsi ilə bu janrın əsasını qoydu. İstər faciə, istər dram və istərsə də komediya janrı olsun, o, bunların hər üçündən yazıb. Xalqı maarifləndirmək, onu cəhalətdən xilas etmək, gözünü açmaq və elmi, təhsili, maarifi, mədəniyyəti təbliğ etmək onun dramaturgiyasının əsas ideyası olub. Nəcəf bəy Vəzirov Moskvada təhsil alıb, rus və dünya dramaturgiyası ilə tanış olub. Dünya dramaturgiyasının ən qabaqcıl idealarını milli teatr sənətimizə gətirib. Hətta onun bir sıra pyeslərinin adı belə atalar sözləri ilə adlanırdı. Məsələn, “Əti sənin, sümüyü mənim”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Sonrakı peşmançılıq fayda verməz”. Bu xüsusiyyətlərinə görə rus dram sənətində eyni vəzifəni yerinə yetirən Aleksandr Ostrovski ilə müqayisə edir və onu müsəlman Ostrovskisi adlandırırdılar. Təsadüfi deyil ki, 1913-cü ildə onun yubileyində ziyalılarımızın ona göndərdiyi təbrik məktubunda da o, Azərbaycan teatr səhnəsinin, dramaturgiyasının müsəlman Ostrovskisi adlandırılmışdı. 
 
Nəcəf bəy Vəzirov Azərbaycan teatrı və dramaturgiyası tarixində çox böyük xidmətlərindən biri də ondan ibarətdir ki, “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası ilə Azərbaycan dram sənətində aktyor nəslinin yetişməsində böyük rol oynayıb. Bu əsərlər daimi olaraq repertuarda olub və indi də olmaqdadır. Adətən bizim dramaturqlarımızdan Axundov, Sabit Rəhman komediyalar yazıb. Səməd Vurğun, Hüseyn Cavid isə dram və faciələr yazıb. Bu janrlar bir-birilərinə yaxındırlar. Amma bir də var ki, dramaturq həm faciə, həm də komediya yaza, yəni bu Azərbaycan dramaturgiyası tarixində ilk dəfə olaraq Vəzirovun timsalında özünü göstərib. Çünki onun dramaturji baxış bucağı janr məhdudiyyəti tanımayıb. O, həyatın həm təbii, həm də komik tərəflərini eyni məharətlə görüb və eyni məharətlə də ərsəyə gətirə bilib. Nəcəf bəy Vəzirovun daha bir cəhəti var ki, o da bunun adını və dramaturgiyasını aktuallaşdırır. Bildiyiniz kimi o, qarabağlıdır, bu günki Qarabağ hadisələri, Şuşanın geri alınması həm də Nəcəf bəy Vəzirovun ruhunun şad olması deməkdir. Ona Allahdan rəhmət diləyirəm”. 
 
Qeyd edək ki, bu gün yazıçı, dramaturq Nəcəf bəy Vəzirovun doğum günüdür. O, 1854-cü ildə Şuşa şəhərində anadan olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top