"Süni intellekt hədəfi olmayan silah kimidir" — AÇIQLAMA

İKT 26 apr 2024, 12:23
Süni intellekt dünyada bir çox sahələrdə tətbiq edilməyə başlanıb. Ölkəmizdə də bu qlobal trenddən geri qalmamaq üçün süni intellektin müxtəlif sahələrdə tətbiq mexanizmləri üzərində işlənilir. 

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin sözlərinə görə, hər sahədə süni intellektin xüsusi tələbə çevriləcəyi danılmazdır. Bunun səbəblərinə toxunan ekspert Demokrat.az-a açıqlamasında deyib ki, hər bir sahənin öndə gedənləri öz işini daha sürətli, səliqəli, peşəkar, qüsursuz görmək istəyir və yorğunluq, unutqanlıq, ləng düşünmə, stress kimi işçi parametrlərindən qurtulmaq istəyirlər:

“Təbii ki, bu 100% mümkün olmayacaq, hər zaman insana ehtiyac olacaq. Ancaq gələcəkdə işlərin transformasiyası baş verəcək. Süni intellekt məsələləri sürətli həll edən və insan beynini təqlid edən proqramlaşdırılmış kompüter təsviridir.  Süni intellekt insan kimi öyrənir və düşünür, fəqət yorulmur, ruhdan düşmür, yemək istəmir və ya yuxusu gəlmir. Ehtiyac dövrü daha uzundur. Hər müəssisəyə belə bir işçi lazım ola bilər. Hər bir sahədə süni intellektlə bağlı işlər çoxalır və inkişaf daha da sürətlənir. Tədqiqatlar və müxtəlif araşdırmalar süni intellektdən istifadə etməklə daha tez nəticə verir”. 

B.Əliyev qeyd edib ki, süni intellektin turizm, tibb, təhsil kimi bir çox sahədə istifadəsi mümkündür, amma süni intellektə ciddi və düzgün datalar vermək lazımdır ki, bizə düzgün və sanballı nəticələr versin:

“Əks halda, yalnış informasiyaya sahib insanın nə gəldi danışdığı kimi, süni intellekt də səmərəsiz nəticələr verə bilər. Bunun üçün ilk öncə dataların düzgün toplanılmasına və onların süni intellektlə emalına ehtiyac vardır. 

Misal üçün, turizm sahəsində süni intellektdən istifadə mümkündür. Təklif edərdim ki, turizmin ölkədə daha çox inkişafına təkan verə bilən tətbiqlərin sayı çoxaldılsın. Kiçik təşəbbüslər olsa da bu gün “google map”-in təqdim etdiyi xidmətləri tam əvəz edə bilən milli proqram və ya tətbiqlərə rast gəlmək olmur. “Google” bizi bizdən daha çox tanıyır. Bunun sahibkarlar üçün də maraqlı ola biləcəyini düşünürəm. Hətta ideya verə bilərəm ki, səfər etdiyimiz regionlar üzrə axtarış verdikdə olduğumuz yerə, məsələn, 20 km məsafədə yerləşən tarixi abidələr, bulaqlar, istirahət mərkəzləri, çaylar, türbələr, restoranlar və s. kateqoriyalarda qarşımıza təkliflər çıxarılsın”. 

İT mütəxəssisi vurğulayıb ki, bu proqramı turistlərə hava limanının girişində təqdim və reklam etsək, eyni zamanda imkanlarını genişləndirsək, bir müddət sonra biznesə çevrilə bilər:

“Toplanılan müştəri davranışı dataları əsasında süni intellekt vasitəsilə müxtəlif təkliflər və imkanlar əldə etmək mümkündür. İmkanlar limit tanımır. Müasir dövrümüzdə canlı naviqatorlara ehtiyac olmamalıdır. Fikrimcə, startaplar süni intellektin genişlənməsinə təkan verə bilər. Süni intellekt hədəfi olmayan silah kimidir. Onu düzgün tuşlasaq, istədiyimiz hədəf və məqsədə çata bilərik. Əks halda, bizi yanılda bilər. Ümid və arzu edirəm ki, insanlıq bu texnoloji imkanı atom bombası kimi test etmək fikrinə düşməyəcək”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top