“Əksəriyyəti barbi kuklaları ilə böyüyən qızlardır..."

SOSİAL 26 apr 2024, 12:43
Günümüzdə estetik əməliyyatlar geniş yayılıb. Ölkəmizdə də ehtiyac oldu-olmadı estetik əməliyyat etdirənlərin sayı günü-gündən artır. Zərif cinsin nümayəndələri sanki bu məsələdə bir-biriləri ilə bəhsə giriblər... 

Sosioloq Lalə Mehralı hesab edir ki, yad maddələrin bədənə yeridilməsi və beləcə insanların getdikcə insan sifətindən uzaqlaşması narahatlıq doğuran məsələdir. O, Demokrat.az-a açıqlamasında deyib ki, araşdırmadan edilən estetik əməliyyatlardan sonra bəzən bədən çürüməyə başlayır:  

“Əgər bir qadın özünə yüngül toxunuşlarla dəyişiklik etmək istəyirsə, buna kimsə qarışa bilməz. Bu insanın öz qərarıdır. Amma bəzi xanımlar gözəllik prosedurları ilə simalarını tamamilə dəyişirlər, süniləşirlər. Normal görünüşlü dodaqlarını çox eybəcər bir formaya salırlar. Qaşlarını asırlar gicgahlarından və çox vahiməli bir görünüş ortaya çıxır. Çənələrini itiləyirlər, sanki nağıllardakı küpəgirən qarıdırlar. Burunlarını yondurub bapbalaca edirlər, bu da simalarına heç cür yaraşmır. Bunlar hamısı təhlükədir, bəzən sağlamlıq problemlərinə də yol açır”. 

Sosioloq bildirib ki, burada yeganə günahkar bədəninə müdaxilə edilməsinə icazə verən insanlardır:

“Hamımızın düşünən beyni, zəkası və dərrakəsi var. Hamımız öz bədənimizdə nəyin yaxşı, nəyin pis olduğunu dərk edəcək zəkaya sahibik. Əvvəllər şairlər, yazıçılar gözəlləri vəsf edəndə spesifik kriteriyalarla vurğulayırdılar. Nazik dodaqlar gözəllərin gözəllik kriteriyası idi. İndi qəmzəni belə əməliyyatla yarada bilirlər. O qədər çox müdaxilə edirlər ki, insan ilkin simasından çıxır. 5 il bundan öncəki fotosu ilə bugünkü fotosunu müqayisə edəndə görürsən ki, əvvəlki insandan   əsər-əlamət qalmayıb”. 

L.Mehralı günümüzdə spesifik gözəllik anlayışının yoxa çıxdığı qənaətindədir:

“Ən çox da gənc qızların bu yola əl atmasına üzülürəm, narahat oluram. Gözəl üz quruluşu olan xanımlar gedir, üzünə müdaxilə etdirir və özünü 18 yaşındaykən 35-40 yaşlı qadına çevirir, bunun fərqində belə deyillər. Yolda gedərkən qarşıdan gələn hər 10 xanımdan 8-i eyni burun, qaş, dodağa sahibdir. İnsanları zorla gözəllik anlayışının əksinə, yəni süni yaradılmış gözəllik kriteriyalarına yönəldirlər. Mazağalarda boş-boşuna barbi kuklalar yoxdur ki... Bu gün özünə müdaxilə etdirənlərin əksəriyyəti barbi kuklaları ilə böyüyən qızlardır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top