Ötən il "ASAN xidmət" mərkəzlərində nöqsanlar aşkarlanıb

DAXİLİ SİYASƏT 11 fev 2021, 09:35
Əvvəlki illərdə olduğu kimi 2020-ci il ərzində də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirilən nəzarət və monitorinq tədbirləri nəticəsində xidmətin təşkili və davranış qaydalarına əməl edilməməsi (iş vaxtı rejiminə əməl edilməməsi, xidmət zamanı telefonla danışma, geyim qaydalarını pozma və s.), xidmətin keyfiyyəti ilə bağlı tələblərə (operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl etməmə, qanuni tələblərin yerinə yetirilməməsi) və normativ hüquqi aktların tələblərinə riayət olunmaması (əlavə sənəd tələb etmə, xidmət barədə tam, dolğun məlumat verməmə və s.) ilə bağlı nöqsan hallarının qeydiyyatı aparılıb.

Demokrat.az xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında öz əksini tapıb.

Ümumilikdə 2020-ci il ərzində 20 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və monitorinq tədbirləri nəticəsində 7 884 nöqsan qeydə alınıb.

Qeyd edilən nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri məlumatlandırılıb, onlara xəbərdarlıqlar edilib, bununla əlaqədar bir çox əməkdaş əlavə təlimlərə cəlb edilib.

Hesabat dövrü ərzində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində dövlət qurumlarının əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq 5 287 şifahi xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 67%-i), 1 859 yazılı xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 23.6%-i), 738 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 9.4%-i) tərtib olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top