İstehsalçıları çörəyin çəkisini azaltmağa məcbur edən SƏBƏBLƏR

SOSİAL 09 fev 2021, 21:29
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılmasını nəzərdə tutan dəyişikliklərə müsbət münasibət bildirilib.

Yeni dəyişikliyi Konkret.az –a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov rəhbərlik etdiyi quruma çörəyin çəkisinin aşağı olması ilə bağlı hər gün 3-4 telefon zəngi daxil olduğunu deyib: “Hal-hazırda dövlət orqanlarının verdiyi məlumata görə, çörəyin çəkisi sərbəst  şəkildə tənzimlənir. Yəni standarta uyğun çörək istehsal edilmir. Dövlət tərəfindən çörəyin qiymətinə nəzarət olunsa da, bu doğru deyil. Çünki, ölkədə azad bazar iqtisadiyyatı olduğundan, dövlət orqanlarının çörəyin qiymətinə nəzarət etməyə ixtiyarı yoxdur. Amma qiymətə nəzarət  edildiyi və dünya bazarında taxılın bahalaşdığı bir şəraitdə, çörək istehsalçıları çəkini aşağı salmaqla özlərinin mövcudluğunu qoruyub saxlayırlar”.

Eyyub Hüseynovun sözlərinə görə, çörək istehsalı hər kəsin məşğul ola biləcəyi bir biznes sahəsidir: “Burada kifayət qədər rəqabət mövcuddur. Lakin bu rəqabət şəraitinə baxmayaraq, çörək biznesi ilə məşğul olanlar müflis şəraitdədirlər. Çünki, hökumət çörəyin qiymətini inzibati yollarla nəzarətdə saxlamağa çalışır. Üstəlik çörək istehsalçıları öz məhsullarını marketlərdə yerləşdirmək üçün, mağaza sahiblərinə qeyri-qanuni olaraq böyük məbləğdə pul verirlər. Buğdanın ƏDV-dən azad edilməsi qiymətlərə müəyyən mənada təsir edəcək. Lakin çörəyin çəkisi ilə bağlı məsələ sərbəst olduğundan, istehsalçılar bunu istədikləri kimi nizamlayırlar. Ümumiyyətlə ölkədə çörək biznesi çox çətin bir vəziyyətdədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top