Polis tanınmış jurnalisti cərimələdi: "Dəlləkliyi başımızda öyrənirlər"

GÜNDƏM 08 fev 2021, 16:44
Yol polisi tanınmış jurnalist Azər Qəribə cərimə yazıb.

Demokrat.az xəbər verir ki, bu barədə A.Qərib özü məlumat yayıb.

“Ötən həftənin cümə günü yol polisi məni cərimələdi. Tam qanuni olaraq yazdı cəriməni inspektor, qaydanı pozmuşdum və buna iradım yox. Amma sualım var. Vergilər Nazirliyi tərəfindən Nərimanov heykəli tərəfə düşən yol həmin heykəlin üstündə dirənir yol ayrıcına.  Sağa dönüb yuxarı getmək nisbətən problem deyil, mərkəzə tərəf aşağı düşmək isə böyük problemdir, çünki keçmiş Sovetskidən gələn maşın axını dayanmır, sən isə onlara yol verməlisən. Yəni, praktiki olaraq qayda pozmadan aşağı tərəfə sola dönmək qeyri mümkün məsələdir. Çox vaxtlar isə orada yol polisi durur, ya avtomobilli, ya motosikletli.

Həmin o gün, yəni 5 fevral tarixində motosiklet durmuşdu, saat 14.30 idi. Necə durmuşdu? Tam hazır vəziyətdə, əlləri sükanda, əməlli başlı start pozisiyasında. Onu orada görən sürücülər qayda güdərək Sovetski dediyimiz küçədən gələn avtomobillərə yol verirdilər və gözləyirdilər.

Nəticədə, həmişə olduğu kimi uzun bir növbə düzülmüşdü, bir neçə çərgə, sıxlıq, təhlükəli vəziyət və s. Orada tam yersiz olan piyada keçidini də nəzərə alsaq həmin yol ayrıçında yaranan xaosu təsəvvür etmək olar. Hələ oradan curət edib yolu keçmək istəyən piyadalara yaranan təhlükəni demirəm. Mənim anlayışımda motosikletdə oturan 1902 döş nişanlı inspektor motosikletdən düşüb yol hərəkətini tənziməliydi, onu qaydaya salmalıydı və s.  Yəni, mən yol polisinin vəzifəsini sürücünün işini asanlaşdırmağda, ona yardımçı olmağda görürəm, qayda pozmağa təhrif edib cərimə yazmağda deyil.

Bu, yol hərəkətinə nəzarətdə ən önəmli məsələdir, eyni zamanda dünya təcrübəsində əlifba kimi bir şeydir - yol polisinin işi qayda pozuntusunu qabağlamağdır, sürücüyə şərait yaratmağdır ki, o, qaydanı pozmasın.

Bizdə isə sovet qoxusu gəlir bu sahədən. Sanki hər şey edilir ki, qayda pozuntusu baş versin, konkret misallarla sübut edə bilərəm dediklərimi, elə biri də bu. Yol polislərinin davranışına, hörmətlə yanaşmalarına, təmkinliklərinə, səbrlə cərimə yazmağlarına iradım yoxdur, həqiqətən inqilabi dəyişiliklər görürəm davranışda. Amma bütövlükdə bu, sadəcə pambığla baş kəsməkdir. Hansı dövrdə yaşayırıq?  Pusquda durmaq dövründəmi? 

Nərimanov heykəlinin üstündə duranlarla yanaşı bir YPX avtomobili də gizlənib heykəlin aşağısında durur, sola dönən kimi görürsən onları. Dünyada, hər halda inkişaf etmiş ölkələrdə yol polisinin kolun dalında gizlənmə praktikası keçmişdə qalıb. Onların məqsədi qayda pozuntularının sayını azaltmağdır, cərimə protokollarının sayını artırmaq deyil. Əlbəttə, oralarda sürücülər də bizlərdən qat-qat intizamlı və qanunpərəstdirlər, amma yol polisinin işi də fərqlidir. Yol nişanları uzağdan görsənən, svetoforların yerləri və s., bizim "çoxbilənlər" isə hətta svetoforlardan saniyə göstərən tabloları yığışdırırlar. Niyə? Ona görə ki, qayda pozuntusu çoxalsın və cərimələr axsın ciblərə.

Yenə də deyirəm, mənə yazılan protokola iradım yoxdur, amma sual sual olaraq qalır - belə iş metodu inspektorların şəxsi təşəbbüsüdür, yoxsa rəislərinin göstərişi? Ümumiyətlə Bakıda yol hərəkətinin təşkilində çox böyük problemlər var, onları həll etmək əvəzinə BNA ilə DYP yarışa çıxıblar, kim daha çox cərimə yazacaq. Cərimələr yazılmalıdır, etirazımız yox, amma siz əvvəl yol hərəkətini müasir standartlarla tənzimləyin, sonra bizdən həmin standartlara müvafiq hərəkət etməyi tələb edin. Yoxsa ki, problemli yerdə yol hərəkətini idarə etmək əvəzinə səbrlə durub qayda pozuntusunu gözləmək? Təkrar səslənsə də deyim - Bakıda bütövlükdə yol hərəkətinin təşkilinə yenidən baxılmalıdır. Məntiq olmalıdır, elmi yanaşma olmalıdır, dünya təcrübəsindən istifadə olmalıdır. Bizdə isə elə təsəvvür yaranır ki, bir rəhbər burada nişan qoydurur, sonra digəri gəlib yerini dəyişir, sonra qərar yenə də dəyişilir, bir gün buradan dönmək olar, sabah olmaz, sonra yenə qaytarırlar, dəlləkliyi başımızda öyrənirlər sanki. Onlar eksperimentlər edir, biz cərimə ödəyirik. Necə deyərlər, əliniz cibinizdə olsun…” – A.Qərib bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top