Şimali Makedoniya TAP-dan qaz ala bilər


SƏNAYE VƏ ENERGETİKA 08 fev 2021, 14:47
Şimali Makedoniya bu ilin sonuna qədər 68 kilometrlik Neqotino-Gevgeliya təbii qaz kəmərinin inşası üçün tender elan edəcək.

“Report”un “SeeNews” xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə Şimali Makedoniyanın nəliyyat naziri Blaqoy Boşvarski (Blagoj Bochvarski) bildirib.

Onun sözlərinə görə, Makedoniya hökuməti 2021-ci ilin ortalarına qədər boru kəməri üçün tikinti icazəsinin alacağını gözləyir.

Boşvarski əlavə edib ki, Neqotinodan Bitolaya qədər uzanan qaz kəməri və Skopyedən Qostivara qədər boru kəmərinin inşası 2021-ci ildə başa çatacaq.

Xatırladaq ki, Neqotino- Gevgeliya qaz kəməri Yunanıstanla sərhəddə yerləşən Gevgeliya şəhərindən Şhtip-Neqotino boru kəmərinə birləşdiriləcək. Bu qarşılıqlı əlaqə Şimali Makedoniyanın Yunanıstan ərazisindən keçərək Trans Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulmasına imkan verəcək.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top